Əlaqə Arxiv
news Image
2015.02.27
10:00
| A A A
Avropa İttifaqı Qarabağ münaqişəsinə tənqid hədəfinə çevrildi
Elman Nəsirov: “Avropa İttifaqının iqtisadi güc mərkəzi olaraq münaqişənin həllində təsir imkanları ola bilər” Mais Gülalıyev: “Cənubi Qafqazın təhlükəsizliyi ancaq buradakı dövlətlərin özündən asılıdır”

"Şərq tərəfdaşlığı ölkələri olan Azərbaycan, Moldova, Gürcüstan və Ukraynada münaqişələr mövcuddur. Lakin Avropa İttifaqı tərəfindən münaqişələrə selektiv yanaşma var. Biz münaqişələrə fərqli münasibət görürük. Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakının zəifliyi Azərbaycanda narahatlıq yaradır". Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Latviyanın Ali Şurasına sədrliyi ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

M. Məmmədquliyev bildirib ki, Avropa İttifaqı münaqişələrin həllini dəstəkləməli, ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər çərçivəsində münaqişənin həllinə töhvə verməlidir: "Biz bir neçə dəfə bu məsələni qaldırmışıq və gözləyirik, amma heç bir nəticə yoxdur. Əgər Ermənistan-Azərbaycan münaq işəsi dərin araşdırılsaydı və məsələ Avropa İttifaqının maraq dairəsində olsaydı, biz bu gün böyük ehtimalla Ukraynadakı münaqişəyə də şahidlik etməyəcəkdik".

Beləliklə, buradan görünür ki, Azərbaycan münaqişənin həllində Avropa Ittifaqinin yaxından iştirakına tərəfdardır. Ümumiyyətlə, son günlər Minsk qrupu üçlüyünün Almaniya və Türkiyə hesabına beşliklə əvəzlənməsi kimi fikirlər yayılaraq, müzakirə edilir. Prosesdə Avropa İttifaqının təmsilçisi kimi Almaniyanın iştirakının əhəmiyyəti qeyd olunur. Görəsən, Avropa İttifaqı münaqişənin həllinə qoşulması nə vəd edir? Bu qurumun həll prosesinə cəlbi mümkündürmü?

Politoloq Elman Nəsirov Avropa İttifaqının konfliktin həll prosesinə cəlbini mümkünsüz hesab etdi: "Avropa İttifaqı, NATO da dəfələrlə bildirib ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi deyillər. Vasitəçilər ATƏT-in Minsk qrupudur. Lakin Avropa İttifaqı və NATO ATƏT çərçivəsində münaqişənin həllinə nail olunarsa, sülhün təminatı məsələsində imkanları daxilində köməklik edə biləcəklərini bəyan edir. Avropa İttifaqı bu mənada müharibədən sonrakı region üçün müəyyən iqtisadi dəstək layihələrini həyata keçirəcəyilə bağlı mövqe bildirib. Lakin birbaşa münaqişənin həlli prosesinə töhfə vermək niyyəti isə yoxdur, nə də bu prosesdə konkret bir ideya ilə çıxış etmirlər. Düzdür, Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi var. Lakin onun da funksiyası daha çox münaqişə ilə bağlı ATƏT-in Minsk qrupunun apardığı missiyanı izləmək və lazım gələndə mövqe bildirməkdən ibarətdir. Yəni, onlarda mövqe bildirməkdən uzaga gedən heç bir yanaşma yoxdur.

Düzdür, Avropa İttifaqı dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdədir. Dünyadakı ümumdaxili məhsulun dörddə birinin istehsalçısı məhz Avropa İttifaqıdır. Bu nöqteyi-nəzərdən Avropa İttifaqının iqtisadi güc mərkəzi olaraq münaqişənin həllində təsir imkanları ola bilər. Lakin məsələ ondadır ki, Avropa İttifaqının belə münaqişələrin həllində elə bir təcrübəsi də yoxdur. İttifaqın lokomotiv dövləti olan Fransa burada həmsədr kimi iştirak edir. Qurumun digər lokomotivi Almaniya da oxşar niyyətini ortaya qoyub. Belədə bu məsələ getdikcə aktuallaşır. Hesab edirəm ki, bütövlükdə Avropa İttifaqı yox, orada təmsil olunan Almaniya və ittifaqa üzv qəbul edilməyən Türkiyənin prosesə cəlb olunması müəyyən mənada konfliktin həllinə dinamizm verə bilər. Amma bütövlükdə Fransa ola-ola, Avropa İttifaqının da burada bir dayaq kimi iştirak etməsi perspektivsiz görünür. Almaniya isə iştirak edə bilər. Bu baxımdan hesab edirəm ki, Avropa İttifaqı burada iştirakda sadəcə, tərəf kimi olmasa da, hər halda mövqe ortalığa qoymaqdan, proseslərə obyektiv yanaşması baxımından Avropa Parlamentinin işğalçı Ermənistana sanksiyalar verməsi mənasında töhfələri ola bilər. Bu qurum bilirsiniz ki, Rusiyaya qarşı əsas sanksiyalar tətbiq edən tərəflərdən biridir. Onlar Rusiyanı Krımı ilhaq faktında ittiham edir. Azərbaycan torpağı da işğala məruz qalıb. Ona münasibətdə Avropa İttifaqı niyə anoloji addımı tətbiq etməsin? Bu mənada hesab edirəm ki, Avropa İttifaqı ilə münasibətlərdə bizi narazı salan məhz bu məqamlardır. Avropa İttifaqı arsenalındakı işğalçı dövlətlərə tətbiq etdiyi mexanizmlər məsələsinə seçimlə yanaşmamalıdır. Bir dövlət pis işğalçı, digər dövlət isə yaxşı işğalçıdır, yanaşması kökündən yanlışdır. Bu heç bir halda Avropa İttifaqının imicinə müsbət məqamlar gətirmir. Həm də münaqişənin həllinə kömək etmir, onun daha çox dondurulmuş mövqeyə keçməsinə xidmət göstərir".

Politoloq Mais Gülalıyev isə qeyd edir: "Nə Avropa İttifaqı, nə Amerika, nə də digər ölkələr Dağlıq Qarabağ münaqişəsinin həllində zərrə qədər də olsa irəli addım atmırlar. Onlar üçün maraqlı odur ki, Cənubi Qafqazdakı konfliktlər donmuş vəziyyətdə dayansın. Ona görə də problemin həlli daha çox Azərbaycandan asılı olan bir məsələdir. Cəmiyyət bu sahədə əlbir olmalı, iqtisadi, hərbi nöqteyi-nəzərdən daha da güclənərək, öz torpağını özü də azad etməlidir. Heç zaman Avropa İttifaqı özümüzün əvəzinə o torpaqları azad edən deyil. Hansı marağa görə ABŞ və Avropa İttifaqı Qarabağı azad edib Azərbaycana qaytarmalıdır? Bunun üçün iqtisadi, siyasi, ya da hərbi maraq olmalıdır. Lakin onlarda hazırda bu maraqlar yoxdur. Cənubi Qafqazın təhlükəsizliyi ancaq buradakı dövlətlərin özündən asılıdır. Azərbaycan səfərbər olunmalı, silaha sarılmalı, güclənməli və öz torpağını azad etməlidir. Başqa variant mümkün deyil".

Sizin Reklam Yeriniz