Əlaqə Arxiv
news Image
2012.08.10
08:52
| A A A
Suriya ermənilərinin Qarabağa köçürülməsini BMT araşdıracaq
"Əgər bu məlumat öz təsdiqini taparsa, biz həm ATƏT-in Minsk qrupundan müəyyən tədbirlər görülməsini tələb edə, həm də bu məsələni BMT TŞ-də artıq başqa cür qaldıra biləcəyik"

Suriyada məlum olaylar başladıqdan sonra gündəmi zəbt edən mövzulardan biri də bu ərəb ölkəsində yaşayan ermənilərin köç etməsi və onların bir qisminin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlıdır. Hadisələrin gedişi göstərir ki, Ermənistan bu məsələdə xüsusilə maraqlıdır və hətta bununla əlaqədar müvafiq komitə də yaradıb.

Təbii ki, baş verənlər Dağlıq Qarabağın və işğal altındakı digər rayonların əzəli sahibi kimi Azərbaycanın ciddi narazılığı və narahatlığı ilə qarşılanır. Elə bu səbəbdən Azərbaycan Suriya ermənilərinin işğal olunmuş ərazilərində yerləşdirilməsi barədə Ermənistan KİV-lərində yayılmış məlumatlarla bağlı beynəlxalq təşkilatlara narazılığını bildirib.

Qeyd olunub ki, narazılıq BMT və ATƏT kimi beynəlxalq təşkilatlara ünvanlanıb. Vurğulanıb ki, Ermənistan tərəfindən bu cür hərəkətlər danışıqlar prosesinə mənfi təsir göstərir və status kvonun dəyişməsinə maneə törədir. Ermənistanın bu cür davranışları Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən monitorinq missiyaları zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin hesabatlarında əksini tapıb.

Artıq ölkəmizin bu istiqamətdə atdığı addımlar öz müsbət nəticəsini verməkdədir. Belə ki, Azərbaycanın xahişi ilə BMT Təhlükəsizlik Şurası İrəvanın Suriya və Livandan olan erməni qaçqınları Qarabağda yerləşdirməyi planlaşdırması və ya artıq bu işlə məşğul olması barədə Ermənistan mətbuatının yaydığı məlumatın doğru olub-olmadığını araşdıracaq. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev "Lider" telekanalına bununla bağlı bildirib: "Biz BMT Təhlükəsizlik Şurasında bu məsələni qaldırmışıq və TŞ-nin Suriya ilə məşğul olan müvafiq qurumlarının həmin məsələyə diqqət yetirməsini xahiş etmişik". Onun sözlərinə görə, BMT TŞ-də Azərbaycan tərəfini əmin ediblər ki, bu məsələnin öyrənilməsi ilə məşğul olacaqlar: "Əgər bu məlumat öz təsdiqini taparsa, biz həm ATƏT-in Minsk qrupundan müəyyən tədbirlər görülməsini tələb edə, həm də bu məsələni BMT TŞ-də artıq başqa cür qaldıra biləcəyik".

Bu arada isə qondarma "DQR prezidentinin mətbuat xidmətinin rəhbəri" David Babayan suriyalı ermənilərə sığınacaq verməyə hazır olduqlarını bildirib. Qeyd edək ki, Ermənistanın "Mediamax" agentliyi hökumətə istinadən yaydığı məlumatda münaqişənin başlanmasından bəri Ermənistana 2.500 suriyalı erməninin üz tutduğunu bildirib.

Diaspora məsələləri üzrə nazirlik bu rəqəmin artacağını gözləyir. Hərçənd ki, rəsmilər Suriyadan gələn adamların əksəriyyətinin Ermənistanda daimi qalmaq fikrində olmadığını vurğulayıb. Diaspora Məsələləri üzrə Nazirliyin aparat başçısı Firdus Zakaryan qeyd edir: "Gələnlərdən yalnız 50-60 ailə qalmaq istəyir. Bu adamlar Diaspora Məsələləri üzrə Nazirliyə qaçqın statusu üçün müraciət ediblər".

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə isə hesab edir ki, Suriyadakı ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köçürülməsi Ermənistanın təşkil etdiyi növbəti şou aksiyasıdır. Hazırda Ermənistanın demoqrafik böhran keçirdiyini deyən deputat söyləyib ki, xaricdəki ermənilərin ölkəyə köçürülməsinin əsas məqsədi də məhz budur. Onun sözlərinə görə, hazırda Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayış vəziyyəti çox pisdir. Buna görə də Ermənistanın xaricdəki erməniləri köçürmə siyasəti iflasa uğrayacaq: "İnanmıram ki, xaricdə yaşayan ermənilər bu ərazilərdə gəlib məskunlaşsınlar. Çünki xaricdəki ermənilər əsla öz evlərini qoyub münaqişəli əraziyə gəlməzlər. Sadəcə olaraq, bu, Ermənistan hakimiyyətinin düzəltdiyi növbəti şoudur və iflasa uğrayacaq".

ADİP sədri vurğulayıb ki, Ermənistan hakimiyyətinin bu cür məskunlaşdırma siyasəti beynəlxalq hüquq normalarına və prinsiplərinə, o cümlədən beynəlxalq təşkilatların qərarlarına tam ziddir: "Azərbaycan hakimiyyəti Ermənistanın məskunlaşdırma siyasətinə adekvat addım kimi sözügedən məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır".

Milli Məclisin digər deputatı Musa Qasımlı isə ATƏT-in Minsk qrupunun da məsələyə reaksiya verməsinin vacibliyini bildirir: "Hesab edirəm ki, ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz olaraq yerləşdirilməsinə öz mövqeyini, ilk növbədə, qəti olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri bildirməlidirlər. Bununla yanaşı, Minsk qrupunun həmsədr ölkələri, həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini qanunsuz olaraq məskunlaşdırmasının Qarabağ münaqişəsində sülhün əldə olunmasına əngəl törətməsi və gərginlik yaratması ilə bağlı bəyanatla çıxış etməlidirlər. Bundan əlavə, Minsk qrupunun həmsədr ölkələri, eyni zamanda BMT Təhlükəsizlik Şurasının üzvləri olaraq birmənalı şəkildə bəyan etməlidirlər ki, Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal edən işğalçı ölkədir. Yəni Minsk qrupunun həmsədr ölkələri işğalçı və işğala məruz qalan dövlətlərə eyni yanaşmağa son qoymalıdır".

Xatırladaq ki, "Daşnaksütyun" Partiyasının işğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı ofisində Suriya ermənilərinin problemləri ilə bağlı xüsusi komitə yaradılıb. Təşkilatın toplantıda Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi məsələsi müzakirə olunub.
Sizin Reklam Yeriniz