Azərbaycanın Ermənistan qarşısında birmənalı hərbi üstünlüyü düşmən ölkədə getdikcə daha böyük qorxu yaradır. Ermənistan prezidenti Serj Sarkisyanın açıqlamaları da bunu əyani surətdə təsdiq edir. Bu mövzu ətrafında fikirlərinə hamisinə yaltaqlıqla başlayan Sarkisyan qorxusunu açıq etiraf edib: "Müstəqil olandan sonra heç bir ölkə Rusiyanın Ermənistana verdiyi dəstəyin heç bir 1 faizini göstərməyib. Lakin Rusiyanın Azərbaycana silah satması bizi narahat edir. Bunun nəticəsində əsgərlərimiz başa düşür ki, Azərbaycan və Ermənistanın təmas xəttində onları Rusiya silahları ilə öldürmək istəyirlər". Sarkisyanın fikirləri nəyə hesablandığı dəqiq bilinməsə də, bu gün Azərbaycan ordusunun düşməndən hərtərəfli üstün olması danılmazdır. Elə sonuncu dəfə Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutunun dərc etdiyi "Beynəlxalq silah transferində trendlər-2014" adlı hesabatında da ordumuzun silah təchizatının Ermənistan silahlı qüvvələrindən dəfələrlə çox olduğu faktı yer alıb. Burada qeyd olunur ki, 2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə Azərbaycana silahların idxalı 249% artıb. Ermənistan tərəfinin silah idxalı Azərbaycanın idxal etdiyi həcmin 4%-ini təşkil edir. Məhz bu üstünlük fonunda Ermənistanın sülh danışıqlarında konstruktiv mövqeyə gələcəyini düşünənlər də var.
Hərbçi-ekspert Üzeyir Cəfərov bildirir ki, həmişəki kimi, Ermənistan hələ də özünü qeyri-səmimi aparır: "Ermənistanın rəhbərliyi hər zaman olduğu kimi, indi də faktları özlərinə sərf edən şəkildə təhrif edir. Əvvəla, Azərbaycan Ermənistandan fərqli olaraq heç vaxt normalardan kənar silah-sursat əldə etməyib. Ermənistan isə həmişə həm qanuni, həm də qeyri-qanuni yollarla silah əldə edib. 1994-cü ili xatırlayaq. Həmin vaxt Rusiyadan Ermənistana 1 milyard dollarlıq qeyri-qanuni silah verilməsi ilə bağlı komissiya yaradıldı. O komissiyanın rəhbəri də general-leytenant Lev Roklin sonradan faciəli şəkildə dünyasını dəyişdi. Bununla da məsələ gizlədildi. Bu gün Azərbaycanın əldə etdiyi silahların hamısı rəsmi sənədlərdə qeyd olunub. Ancaq Azərbaycan bu qədər vəsaiti digər sahələər yönəldə bilərdi, amma həmin pula silah almağa məcburdur. Çünki, torpaqlarının işğaldan azad olunması missiyası Azərbaycanın üzərinə düşür.
Ermənistan Rusiya ilə mütəffiqdir. Rusiya zaman–zaman 102-ci bazadan çıxarılan hərbi texnikanı dəyər-dəyməzinə, bəzən də təmənnasız olaraq Ermənistana bağışlayır. Azərbaycan isə öz halal pullarını sərf edərək silah alıb".
Ekspertin sözlərinə görə, bizim bu üstünlüyümüz danışıqlarda təsir edən nüansdır: "Buna görə Ermənistan hər zaman narahatdır. Ermənistan güvənə bildiyi yeganə dövlət var. O qorxur ki, bizim şimal qonşumuz onlardan əlini çəkəcək. Bununla da Ermənistan çox çətin vəziyyətdə qalacaq. Məlum Permiyakov hadisəsindən sonra Ermənistanda böyük etirazlar oldu. 102-ci bazanın çıxarılması ilə bağlı tələblər irəli sürüldü. Amma heç kəs bu məsələdə sona qədər dirəniş göstərmədi. Hər kəs gözəl bilir ki, 102-ci bazarının oradan çıxarılması Ermənistanın tamam təcrid olunması deməkdir. İndi də Sarkisyan, yəqin ki, onun ardınca da digərləri narazılıqlar bildirəcəklər. Olsun! Amma bundansa, torpaqların azad olunması barədə düşünsünlər. Bu, həm də özlərinə xeyir olacaq. Çünki, kiçik iqtisadiyyata malik olan Ermənistan istəsə də, istəməsə də pulunun bir hissəsini hərbiyə xərcləməyə məcburdur. Amma Ermənistan bu siyasətlə çox uzağa gedə bilməyəcək. Azərbaycan gec-tez Ermənistanı işğal olunmuş ərazilərdən geri çəkilməyə məcbur edəcək. Sadəcə, bunun üçün səbr etmək və münasib zamanı gözləmək lazımdır".