Əlaqə Arxiv
news Image
2012.08.31
08:05
| A A A
Türkiyə Qarabağ münaqişəsinə əl qoyur
Ankara konfliktin dinc yolla həllinə dair danışıqların növbəti mərhələsinin İstanbulda keçirilməsində israrlıdır

Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində qardaş Türkiyənin əsas maraqlı tərəflərdən biri kimi çıxış etməsi danılmaz həqiqətdir. Hadisələrin real inkişaf istiqaməti isə Ankaranın bu istiqamətdə fəallığını daha da artırmaq niyyətində olduğunu, danışıqlar prosesində əsas təşəbbüskarlardan birinə çevrilmək istəyini meydana qoyur.

Bunu Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair danışıqların növbəti mərhələsinin Türkiyədə keçrilməsinə dair Ankaranın istəyi də təsdiq edir və bu məsələnin gələn ay Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycan səfərində də diqqət mərkəzində saxlanacağı gözlənir.

Qeyd edək ki, Ərdoğan sentyabrın 11-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə baş nazirin rəsmi saytında məlumat verilir. Həmçinin, məlumatda bildirilir ki, R.T.Ərdoğan Bakıda olduqdan sonra Ukraynaya, eləcə də Bosniya və Hersoqovinaya da səfər edəcək.R.T.Ərdoğanın Bakıya səfəri zamanı Azərbaycan Türkiyə Yüksək Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında iştirakı da planlaşdırılır.

Rusiyanın "Regnum" agentliyi isə Türkiyədəki diplomatik qaynaqlarına istinadən bildirir ki, Ərdoğanın Bakıya səfəri zamanı rəsmi şəkildə Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqları İstanbulda davam etdirməsi təklifini irəli sürəcək. Diplomatik mənbənin bildirdiyinə görə, Türkiyə tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü onlar üçün münasib vaxtda təşkil etməyə hazırdır: "Türkiyə ATƏT-in üzvü olan ölkələrdən biri kimi Azərbaycan və Ermənistan prezidentlərinin İstanbulda görüşünü təşkil etmək təklifi ilə yaxın vaxtlarda Minsk qrupuna müraciət etmək niyyətindədir. Biz öz tərəfimizdən tərəflərin mövqeyinin yaxınlaşması üçün səyləri artırmağa hazırıq".

Xatırladaq ki, bundan öncə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə deyib ki, Türkiyə dövləti Azərbaycan və Ermənistan tərəflərinin İstanbulda danışıqlar aparmasını istəyir. Türkiyə regionda lider ölkəyə çevrildiyindən, rəsmi Ankara regional münaqişələrin nizamlanması siyasətini yürüdür: "Biz istərdik ki, Suriya ilə bağlı danışıqlar Türkiyədə aparılsın. Bununla yanaşı, arzulayardıq ki, Azərbaycan və Ermənistan arasında görüş də İstanbulda keçirilsin".

Azərbaycan Türkiyənin Qarabağ münaqişəsinin həllində təşəbbüslərini alqışlayır və ona müsbət yanaşır. Bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da xüsusi olaraq qeyd edir. Onun sözlərinə görə, Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə bütün gücü ilə səy göstərib. O söyləyib ki, ATƏT-in Minsk qrupu yaradılan vaxtlarda Azərbaycan tərəfi həmsədrlər sırasında Türkiyənin olmasını da təklif edib. Amma o zaman Ermənistanın etirazı ilə Türkiyə dövləti Minsk qrupunun həmsədrliyindən kənarda qalıb: "Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə ən çox səy göstərən və çalışan ölkə Türkiyədir. Münaqişənin nizamlanmasını istəyən ölkələr arasında Türkiyə dövləti əvvəllər olduğu kimi, indi də liderdir. Azərbaycan tərəfi çox istəyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Türkiyə də qoşulsun. Amma Türkiyənin bu prosesdən kənarda qalmasının əsas səbəbi Ermənistanın buna etiraz etməsidir".

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycan və Ermənistan arasında İstanbulda danışıqlar aparılması ilə bağlı təklifinə də münasibət bildirən şöbə müdiri bildirib ki, Azərbaycan hakimiyyəti bu təklifi dəstəkləyir və alqışlayır. Onun sözlərinə görə, Azərbaycan tərəfi Türkiyənin irəli sürdüyü "Qafqazda sülh və sabitlik platforması" layihəsini dəstəkləyib: "Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münqişəsinin ədalətli həllinə dəstək verən və bu problemin həllini tezləşdirə bilən istənilən təşəbbüsü dəstəkləyir. Bu təşəbbüs istər dost-qardaş dövlət olan Türkiyədən, istərsə qonşu və tərəfdaş ölkə Rusiyadan, istərsə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərdən gəlsin. Biz bu kimi bütün təşəbbüsləri dəstəkləyirik. Yetər ki, bu təşəbbüslər Dağlıq Qarabağ münaqişəsini indiki "status-kvo"dan çıxarsın və həllini tezləşdirsin".

Türkiyəli ekspert Ünver Sel isə Qarabağ probleminin həllinin uzanmasında bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü vurğulayır: "Ermənistan türk dünyasına qarşı istifadə olunan bir silahdır. Tarixən qərb dövlətləri və Rusiya bu silahdan bizə qarşı istifadə ediblər. Hətta deyərdim ki, bütün xristian dünyası zaman-zaman bundan yararlanıblar. Gerçəkdə ermənilər Türkiyə və Azərbaycanda türk soyqırımı həyata keçirib, yüz minlərlə insanı qətlə yetirmişlər. Ancaq bunu ört-basdır etmək üçün erməni soyqırımı deyilən qondarma oyunu türk dünyasına qarşı istifadə edirlər. Onların Qarabağda etdikləri yaxın tarix üçün bir sübutdur və dəlildir. Bir milyon insan qaçqın həyatı yaşayır. Qarabağ tarix boyu türk torpağıdır. Ermənistan Qarabağdan çəkilmədikcə Qafqazda barış və sülhün yaranması mümkün deyil. Bütün türk dünyası Qarabağ məsələsində Azərbaycanın yanında olmalıdır".
Sizin Reklam Yeriniz