Əlaqə Arxiv
news Image
2012.09.07
08:29
| A A A
Qaz əvəzinə Qarabağ formulu
Avropada enerji hegemonluğunu qorumaq üçün Moskvanın Bakı ilə dil tapması zəruri şərtə çevrilir

Məlum olduğu kimi bu gün Avropanın əsas diqqət mərkəzində olan məsələlərdən biri də enerji məhsullarının idxalında alternativliyi təmin etmək, bu xüsusda Rusiyanın "köhnə qitə"də hegemonluğundan xilas olmaqdır. Bu xüsusda isə Avropanın əsas ümid yerlərindən biri Azərbaycandır.

Xüsusən də təbii qaza olan ehtiyaclarının qarşılanmasında Avropa Azərbaycanla işbirliyinə daha çox önəm verməkdədir. Digər tərəfdən mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Rusiyadan kənar marşrutla "köhnə qitə"yə çatdırılmasında əsas tranzit məkan qismində yenə də Azərbaycan çıxış edir.

Avropanın Azərbaycanla enerji sferasında işbirliyini gücləndirdiyi bir vaxtda müşahidə edilən proseslərdən biri isə Rusiyanın qitədə əsas enerji təmsilçisi olan "Qazprom"un mövqeyinin sıxışdırılmasının açıq müşahidə olunmasıdır. Avropa Komissiyası (AK) bu xüsusda bəyan edib ki, Rusiyanın enerji nəhəngi "Qazprom"un mərkəzi və şərqi Avropa qaz bazarlarında rəqabəti pozan mümkün hərərəkətlərini araşdıracaq. Komissiya bildirib ki, "Qazprom"un dominant bazar mövqeyindən sui-istifadə etməsindən narahatdır. Komissiya qazın Avropa İttifaqı üzvü olan ölkələrdə sərbəst axınının məhdudlaşdırılması, təchizatın müxtəlifliyinin qarşısının alınması və qaza ədalətsiz qiymət qoyulması məsələsini araşdıracaq.

"Qazprom" nümayəndələri təşkilatın bəyanatına reaksiya verərkən deyib: "Qoy araşdırsınlar".

Komissiya bildirib ki, iddialar təsdiq olunarsa, "Qazprom"un hərəkətləri rəqabətin məhdudlaşdırılmasına və qiymətlərin artırılmasına, eləcə də, təchizatın təhlükəsizliyinin pozulmasına səbəb ola bilər: "Belə davranış Avropa İttifaqı istehlakçılarına zərər verər".

Komissiya "Qazprom"un Bolqarıstan, Çexiya Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa və Slovakiyada fəaliyyətini araşdıracaq. Nəticədən asılı olaraq, təhqiqat digər ölkələrdə də aparıla bilər. Qeyd edək ki, Rusiya Avropa qaz idxalının 25 faizini təmin edir və bir çox ölkələr qaz təchizatını Rusiyadan təmin edir.

Ekspertlər hesab edir ki, hazırda Azərbaycan öz qazının Avropa bazarlarına çıxarılması variantı üzərində işləyir və bununla əlaqədar müqavilə bağlanan dövlətlər üçün investisiya yatırmağa heç bir problem yaranmayacaq. Avropa isə Azərbaycan qazını 2017-ci ilədək qəbul etməyə hazırlaşır. Bu Moskvanın narazılığına səbəb olsa da, rəsmi Bakı balanslaşdırılmış siyasətə üstünlük verəcək. Maraqlıdır ki, Rusiyadan qaz alışını dayandıran ölkələr bu məhsulu ölkəmizdən almağa üstünlük verir. Məsələn, Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin rəsmi saytında bugünlərdə yerləşdirilən məlumatda deyilir ki, Azərbaycan qarşıdakı 3 il ərzində Bolqarıstana qaz tədarükünə başlamağa hazırdır. Belə razılaşma Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşündə əldə edilib. Yunanıstan, həmçinin şərqi Avropanın bir çox ölkələrinin də əsas ümidi Azərbaycanadır.

Onu da bildirək ki, Bakı və Ankara arasında "TransAnadolu" qaz kəmərinin (TANAP) çəkilişi haqqında müqavilənin imzalanmasına Avropa nə qədər sevindisə, bu hal bir o qədər də rusların xoşuna gəlmir. Hətta buna görə, "Qazprom" dövlət konserni Türkiyəyə ciddi xəbərdarlıq siqnalı göndərib. Bununla bir daha məlum oldu ki, Ankara və Bakı arasında Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya ixrac olunacağı "TransAnadolu" qaz kəmərinin çəkilişi haqqında müqavilənin imzalanması "Qazprom"u qıcıqlandırıb.

Təbii ki, hadisələrin bu səpkidə inkişafının qarşısını almaq üçün Rusiya müəyyən qabaqlayıcı addımlar atacaq. Buraya Azərbaycanla müəyyən sövdələşmələrə getmək də daxil ola bilər. Ekspertlər isə hesab edir ki, Moskva yalnız bir halda Azərbaycanla dil tapa bilər. Bu da qaz əvəzinə Qarabağ formulunun işə düşməsidir. Əgər Moskva forpostu olan Ermənistana təzyiq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpasına yardımçı olarsa, onda enerji sahəsində Bakı ilə bu və ya digər dərəcədə dil tapa bilər.

Bu arada bir məqamı da qeyd edək ki, Azərbaycan uzun müddət Avropanın qaza olan ehtiyacının müəyyən bir hissəsini qarşılmaq gücündədir. Ölkədə dəqiqləşdirilmiş çıxarıla bilən qaz ehtiyatı 2 trilyon 550 milyard kubmetrə çatır.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, hazırda Azərbaycanda yeni qaz yataqlarının aşkarlanması ölkəmizi qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevirib: "1991-2011-ci il ilərdə yeni kəşf edilmiş yataqlar, o cümlədən "Azəri-Çıraq-Günəşli" yatağı ilə birlikdə hazırda Azərbaycanın 2 milyard 775 milyon ton karbohidrogen ehtiyatları mövcuddur. Həmçinin Azərbaycanda dəqiqləşdirilib ki, çıxarıla bilən neft kondinsat ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetrdir". X.Yusifzadə vurğulayıb ki, hazırda proqnozlaşdırmalara əsasən, neft kondensat ehtiyatı 2 milyard tondan çox, qaz ehtiyatı isə 3 trilyon 450 milyard kubmetr həcmindədir. Ümumi karbohidrogen ehtiyatları isə 10 mlrd. ton şərti yanacaq həcmində qiymətləndirilir.
Sizin Reklam Yeriniz