Əlaqə Arxiv
news Image
2015.06.02
00:00
| A A A
Milli Məclis sədri: “Həmsədrlər Qarabağ münaqişəsinin həllini tərəflərin üzərinə atmaqla, öz prinsiplərindən geri çəkilmiş olurlar”

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Serbiya baş nazirinin müavini və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisdən Movqe.az-a verilən məlumata görə, görüşdə O. Əsədov müstəqil Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən ATƏT-lə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

O qeyd edib ki, ötən il Bakıda ATƏT PA-nın 23-cü sessiyasının keçirilməsi bu fikri bir daha təsdiqləyir: "Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın tədbirlərində mütəmadi iştirak edir, qurum çərçivəsində qaldırılan məsələlərin müzakirəsində fəallıq göstərir".

O. Əsədov bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ölkə ictimaiyyətini narahat edən əsas məsələdir: "20 ildən artıqdır ki, problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, bu sahədə hələlik heç bir irəliləyiş yoxdur. Azərbaycan nümayəndə heyəti Minsk qrupunun fəaliyyəti ilə bağlı ATƏT-in Parlament Assambleyasında vaxtaşırı hesabat verilməsi məsələsini qaldırsa da, bu, öz həllini hələ də tapmayıb. Minsk qrupunun həmsədrləri münaqişənin həllini tərəflərin üzərinə atmaqla, özlərinin qəbul etdikləri prinsiplərdən geri çəkilmiş olurlar. Qrupun hazırladığı Madrid prinsipləri də çox təəssüf ki, kağız üzərində qalır. Bunun nəticəsidir ki, Azərbaycan ərazilərinin işğalı bu gün də davam edir.  Biz inanırıq ki, Serbiya Respublikasının ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həll olunması yolunda Minsk qrupunun fəaliyyətində irəliləyişə nail olunacaq".

O. Əsədov Azərbaycan-Serbiya münasibətlərindən söz açaraq 2013-cü ildə ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənədi yüksək dəyərləndirib. O bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb: "Ölkələrimiz arasında imzalanmış 25 sənəd bu münasibətlərin möhkəm hüquqi bazasını təşkil edir".

İ. Daçiç isə ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Serbiya baş nazirinin birinci müavini, ölkəsinin xarici işlər naziri kimi Serbiya-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini önəmli hesab edib.

Qonaq ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini açıqlayaraq, problemin həllində beynəlxalq hüquq normalarına əməl olunmasının vacibliyinə toxunub. O, bölgəyə səfəri çərçivəsində münaqişə tərəflərinin mövqeyi ilə yaxından tanış olacağını söyləyib.

Söhbət zamanı bölgədə sülh və əmin-amanlığın yaranması, regional münaqişələrə münasibətdə ikili standartların aradan qaldırılması, Azərbaycan-Serbiya münasibətlərinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Sizin Reklam Yeriniz