Əlaqə Arxiv
news Image
2015.06.02
14:45
| A A A
Elmar Məmmədyarov: "Həmsədr ölkələr Ermənistanı sülhə vadar etməlidir"
"Azərbaycan dəfələrlə Böyük Sülh Sazişi üzərində işə başlamağa hazr olduğunu bəyan edib"

"Ermənistan beynəlxalq hüquq normalarını, prinsiplərini və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi təcavüz həyata keçirib. Nəticədə 20 faiz Azərbaycan torpaqları işğal altındadır, bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb". Movqe.az-ın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyada səfərdə olarkən yerli "Nezavisimaya qazeta"ya müsahibəsində deyib.

Nazir bildirib ki, bütün hüquq normalarını pozan Ermənistan Azərtbaycan ərazisində İrəvandan olan ali vəzifəli şəxslərin iştirakı ilə hərbi təlimlər keçirir: "Həmçinin işğal olunmuş əraziləri Suriya və Livandan olan qaçqınlarla doldurmaq istiqamətində cəhdlər davam edir. Bütün bu uzaqgörən olmayan addımlar və mənfi elementlər münaqişənin sülh yolu ilə həlli prosesinə maneə törədir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin başçılarının dediyi kimi, işğal və təcavüz nəticəsində yaranan status-kvo qəbuledilməzdir. Ermənistan ilk növbədə öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmalıdır. Bizim mövqeyimizin siyasi və hüquqi əsasında beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, BMT TŞ-nin 4 qətnaməsi  və digər beynəlxalq sənədlər dayanır. BMT TŞ-nin 4 qətnaməsinə əsasən Ermənistan Silahlı Qüvvələri dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Təəssüf ki, bu tələblər 20 ildir yerinə yetirilmir. Ermənistan bunlardan imtina edir".

E. Məmmədyarov ötən ilin prezidentlərin görüşü baxımından danışıqlar prosesində intensiv il olduğunu qeyd edib: "ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri dövlət başçıları qismində bu işdə aktiv iştirak ediblər. Ötən ilin avqustunda Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş təşkil edib. Sentyabrda ABŞ dövlət katib Con Kerri, oktyabrın sonunda isə Fransa prezidenti Fransua Olland prezidentlər arasında görüş keçirib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Böyük Sülh Sazişi üzərində işə başlamaqla bağlı təkidli çağırışlarına baxmayaraq, proses heç cür ölü nöqtədən tərpənə bilmir. Ermənistan bütün çağırışlardan imtina edir. Azərbaycan dəfələrlə Böyük Sülh Sazişi üzərində işə başlamağa hazır olduğunu bəyan edib. Hesab edirik ki, bu münaqişənin həlli istiqamətində irəliləyiş əldə etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrləri və onların sülhyaradıcı missiyaları Ermənistanı sülhə vadar etməklə bağlı tədbirlər görməlidir. Bu günə kimi beynəlxalq nizamı pozanlara qarşı çoxsaylı bu kimi nümunələr göstərmək olar". 

Sizin Reklam Yeriniz