Əlaqə Arxiv
news Image
2015.06.03
08:00
| A A A
Türkdilli ölkələrin hərbi birliyi yaranır?!
Aydın Mirzəzadə: “Bu gün Azərbaycan, onun Silahlı Qüvvələri ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı çoxdur” Üzeyir Cəfərov: “Türkdilli dövlətlərin birgə hərbi birliklərinin yaradılması istiqamətində müəyyən işlər aparılır”

Bilindiyi kimi Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 1-2 arasında Qırğızıstanda rəsmi səfərdə olub. Burada o, Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevlə və digər rəsmilərlə görüşlər keçirib. Görüşlərdə iki ölkənin hərbi sahədə, o cümlədən ordu quruculuğu və hərbi təhsil məsələlərində əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, son zamanlar Azərbaycanın türkdilli ölkələr, xüsusən də Türkiyə ilə hərbi sahədə də əməkdaşlığı genişlənir. Hətta Türkiyə ilə Azərbaycan arasında birgə hərbi birliklərin yaradılması məsələsi də dəfələrlə gündəmə gəlib. Azərbaycan müdafiə nazirinin Qırğızıstana olan səfəri də onu göstərir ki, ölkəmiz bütün türkdilli dövlətlərdə digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əlaqələri gücləndirməkdə maraqlıdır. Bundan başqa, Türkiyə özü də təkcə Azərbaycanla deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də hərbi sahədə müəyyən əlaqələrə malikdir. Bu fonda türkdilli ölkələrin hansısa formada hərbi birliklərinin yaradılması da aktuallaşır.

Millət vəkili Aydın Mirzəzadə indilikdə türkdilli dövlətlərin belə bir hərbi birliklərinin yaradılmasına ehtiyac olmadığı qənaətindədir: "İstənilən hərbi blok və ya birlik ilk növbədə hansısa bir qüvvəyə qarşı birgə mübarizə aparmaq üçün yaradılır. Bu baxımdan hazırda Azərbaycanın hərbi blok yaratmasına ehtiyac yoxdur. Həmçinin, nəzərə alaq ki, ölkəmiz Qoşulmamaq Hərəkatının üzvüdür. Bu isə bütün bloklardan özünü kənar hesab edən ölkələrin beynəlxalq birliyidir. Azərbaycan bu gün ikitərəfli əməkdaşlığa böyük fikir verir. Ölkəmiz üçün vacib olan, baxışlarımızı bölüşən, beynəlxalq aləmdə proseslərə eyni mövqedən yanaşan ölkələrlə hərbi əməkdaşlığı genişləndiririk. Ölkəmiz təkcə öyrənmir, həmçinin özümüzün təcrübəsini də bölüşürük və dünya buna böyük maraq göstərir. Türkdilli xalqların bir qismi ilə vaxtilə bir ölkənin tərkibində olmuşuq. Bir qismi ilə də bu gün həyat özü yaxın olmağımızı ehtiva edir. Bu gün Azərbaycan, onun Silahlı Qüvvələri ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı çoxdur. Onlar arasında Azərbaycanın qonşu ölkələrlə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir".

Hərbçi-ekspert Üzeyir Cəfərov isə qeyd etdi ki, türkdilli ölkələrin hərbi əməkdaşlığının genişlənməsi, birgə hərbi birliklərin yaradılması prosesi artıq başlayıb: "Əvvəllər türkdilli ölkələr ayrı-ayrılıqda fəaliyyət göstərir, onlar arasında münasibətlər ikitərəfli əməkdaşlıq səviyyəsində idisə, artıq bu əlaqələr yeni müstəviyə keçib. Artıq qloballaşan dünyada ölkələr çalışır ki, özlərinə daha çox tərəfdaş, strateji partnyor və bir-birilə əlaqələri olan ölkələri sıx əməkdaşlığa cəlb edə bilsinlər. Türkdilli dövlətlərin bütün sahələr, o cümlədən hərbi əməkdaşlıq sahəsində daha da yaxınlaşması istiqamətində aparıcı rolu əlbəttə ki, Türkiyə oynayır. Onun başladığı bu işə türkdilli ölkələrdən başqa, qonşu ölkə olan Gürcüstan da qoşulub. Azərbaycan Qırğızıstan hərbi əməkdaşlığı da bu mənada digər türkdilli ölkələrlə də həmin sahədə əməkdaşlığın yaranaraq genişlənməsinə stimul verə bilər. Azərbaycanın bu istiqamətdə Qazaxıstanla əməkdaşlıq etməsi üçün də yaxşı zəmin vardır. Azərbaycanın müdafiə naziri ordu quruculuğu, hərbi təhsil məsələləri üzrə qırğızıstanlı həmkarı ilə danışıqlar aparıb. Qırğızıstanın hazırkı müdafiə naziri əvvəllər də dəfələrlə bu ölkə hökuməti nümayəndələrinin tərkibində Azərbaycanda rəsmi səfərlərdə olub. Ona görə də Azərbaycandakı ordu quruculuğu məsələlərilə yaxından tanışdır. Bundan əlavə, Azərbaycanın haqq işi Qırğızıstan hökuməti tərəfindən də dəstəklənib. Onlar Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu bəyan ediblər. Bilirsiniz ki, bəzi ölkələr bizim haqq işimizdə bir çox hallarda ehtiyatlı davranış nümayiş etdirir. Hesab edirəm ki, Qırğızıstanın ardınca, Azərbaycanın digər türkdilli ölkələrlə də hərbi sahədə əməkdaşlığı baş tutacaq. Ümumiyyətlə, bu istiqamətdə işlər aparılır. Türkdilli dövlətlərin birgə hərbi birliklərinin yaradılması istiqamətində müəyyən işlər aparılır. İstərdik ki, belə bir birliyin əsası qoyulsun. Bunun bir sıra elementləri artıq sınaqdan keçirilib. Sadəcə, bəzi regional məsələlərə görə, həmin birliyin yaradılması məsələsinə o qədər də önəm verilmir. Amma hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq. Çünki dünyada elə proseslər gedir ki, türkdilli dövlətlərin iqtisadi və siyasi deyil, o cümlədən hərbi sahədə də əməkdaşlığını genişləndirmək və möhkəmləndirmək lazımdır. Dünyada daha çox önəm o qurumlara verilir ki, onlar nəyisə həll etməyə qadirdir. Bu nöqteyi-nəzərdən hesab edirəm türkdilli dövlətlərin hərbi əməkdaşlıq çərçivəsində bir yerdə olması da türk dünyasının təhlükəsizliyi baxımından vacib amillərdən biridir".

Sizin Reklam Yeriniz