Əlaqə Arxiv
news Image
2015.06.05
16:15
| A A A
Yenə də cənab Şults: qərəzli münasibətin növbəti nümunəsi

Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının başlamasına artıq çox az vaxt qalıb. Hazırlıq işlərini olduqca qısa zaman ərzində tamamlayan Azərbaycan bu mötəbər tədbirin ən yüksək səviyyədə təşkili üçün bütün işləri görmüşdür. Hazırda dünyada baş verən proseslər – siyasi və iqtisadi böhranlar, etnik və ərazi münaqişələri fonunda Azərbaycan bu tədbir vasitəsilə dünyaya sülh və həmrəylik mesajı çatdıracaqdır.

Lakin son bir neçə ay ərzində Avropa Oyunları ətrafında normal məntiqlə izah oluna bilməyəcək proseslər baş verir. Bir növ 2012-ci ildə Bakıda keçirilmiş Avroviziya mahnı müsabiqəsi ərəfəsində baş verən hadisələr yenidən təkrarlanır.

Görəsən niyə? Azərbaycan Avropa Oyunlarının harada keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi prosesində heç bir rol oynamayıb. Bu qərar obyektiv seçim meyarlarına əsaslanıb. Azərbaycan siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə əldə etdiyi uğurları ilə Birinci Avropa Oyunlarını keçirmək hüququnu qazanıb. İndi bütün bu təzyiqlərin səbəbi nədir?

Reallıq bundan ibarətdir ki, əlahiddə güc və imkanlara malik olan qüvvələr öz maraqlarının təmin olunması üçün bütün vasitələrə əl atırlar. Genişmiqyaslı tənqidlər və təzyiqlər bunlardan ən geniş yayılanlarıdır. Son zamanlarda Azərbaycanı ən çox ittiham edənlərdən biri Avropa Parlamentindəki (AP) bir qrup siyasətçilər, xüsusən də qurumun prezidenti Martin Şultsdur. O, AP-də Azərbaycana qarşı mütəmadi qaydada qərəzli mövqenin nümayiş etdirilməsində özünəməxsus rol oynayır. Cənab Şutlsun özünün ümumi fəaliyyətindəki müəyyən nüanslar onun Azərbaycana qarşı münasibətinə daha geniş və obyektiv rakursdan baxmağa imkan verir. Şübhəsiz ki, aşağıda sadalanan bir sıra faktlar ictimaiyyətə kifayət qədər məlumdur. Lakin bunların yenidən təkrarlanması Azərbaycana qarşı fəaliyyət göstərən şəxslərin fərdi keyfiyyətlərinin qiymətləndirilməsi baxımından faydalıdır.

Şultsun gəncliyində içkiyə meylli olması, alkoqolizmdən ciddi şəkildə əziyyət çəkməsi, bu səbəbdən hətta iş yerindən qovulması kimi faktlar onun bioqrafiyasında hamıya məlum olan faktlardır. Görünür, bunlar onun siyasətçi kimi atdığı avantürist addımlara, verdiyi bəyanatlara təsirsiz ötüşməyib.

Şults 1994-cü ildən Avropa Parlamentinin üzvü, 2012-ci ildən isə qurumun prezidentidir. Bu müddət ərzində bir sıra qalmaqallarla yadda qalıb. İtaliyanın keçmiş baş naziri S.Berluskoni haqqında dedikləri, İsrail Knessetindəki çıxışı, Britaniyanın Aİ-dəki rolu haqqında söylədikləri...Siyahını uzatmaq da olar.

Şultsun həmçinin vəzifə səlahiyyətlərindən öz maraqlarına uyğun şəkildə istifadə etdiyi də məlumdur. Məsələn, 2014-cü ilin aprelində AP-nin büdcəyə nəzarət komitəsinin deputatların müzakirəsinə çıxarılacaq hesabatında onun fəaliyyətini tənqid edən paraqrafı qanuna zidd şəkildə sənəddən çıxarmışdır. Şults Avropa Komissiyasının prezidentliyi üçün apardığı kampaniya dövründə manipulyasiyaya əl ataraq, AP prezidenti üçün hazırlanmış və 60 min izləyicisi olan Twitter səhifəsini özünün şəxsi səhifəsinə çevirmişdir. O, seçki kampaniyası dövründə  parlament prezidentinə ayrılan gündəlik ezamiyyə xərclərini kampaniya üçün istifadə etməkdə də günahlandırılır. Bu məqsədlə 110 min avronu mənimsədiyi bildirilir. Şults həmçinin öz kabinetinin beş üzvünün parlament idarəçiliyində yüksək maaşlı işlə təmin olunmasına, öz seçki kampaniyasında fəaliyyət göstərən şəxslərin parlamentdən qeyri-qanuni gəlir əldə etməsinə şərait yaratmaqda ittiham olunmuşdur. Şübhəsiz, "başqalarının gözündə çöp axtararkən, ilk növbədə öz gözündəki tiri görməlisən''.

Bütün bu informasiyaları KİV-lərdən rahat şəkildə əldə etmək olar. Lakin Şultsun fəaliyyətində heç də hamıya məlum olmayan başqa məlumatlar da mövcuddur. Məsələn, çoxları Şultsun post-Sovet ölkələrindən birinin artıq keçmiş rəhbəri ilə olduqca sıx, amma qeyri-şəffaf maliyyə əlaqələrinin olduğundan xəbərdar deyil. Hər halda, o özü belə məqamları yaxşı xatırlayır.

Cənab Şultsun şəxsi ambisiyaları qurumun da fəaliyyətinə təsir edir. O özü haqqında çox yüksək fikirdədir. Özünü Avropanın ən mühüm liderlərindən biri, qoca qitəni parçalanma təhlükəsindən, maliyyə burulğanından qurtaracaq şəxs hesab edir. Şults Avropa Komissiyasının prezidenti vəzifəsinə də göz dikmişdi. Bu iddiasında o hətta Avropanın insanlar tərəfindən seçilən ilk prezidenti olacağını elan etməklə, seçkilərin qeyri-demokratik keçirildiyinə işarə etmişdi. İstədiyinə nail ola bilməyən Şults yenə də öz ampluasına uyğun olaraq, digər namizədlə gizli sövdələşməyə getdi və AP prezidenti vəzifəsinə yenidən seçilməyə müvəffəq oldu. Bəlli ki, bu cür şübhəli keçmişi olan bir şəxsin Aİ-nin mühüm bir qurumuna rəhbərlik etməsi kimlərinsə maraqlarına xidmət edir.

Şultsun riyakarlığı artıq heç bir sərhəd tanımır. Bu şəxs konkret məsələlərə münasibətində belə ardıcıllığa əməl edə bilmir. Avropa Oyunları ilə əlaqədar Azərbaycanı tənqid etmək üçün gün sayan Şults bir müddət əvvəl Brüsseldə keçirilmiş "Avropa idman gecəsi''ndə Avropa Oyunlarının təqdimatı zamanı kifayət qədər müsbət fikirlər bildirmişdir. Onun söylədiklərindən bir sitat: "Bu Oyunların keçirilməsi ədalət, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərləri nümayiş etdirəcək. Oyunların yüksək səviyyədə keçirilməsi üçün kifayət qədər əmək sərf edilir. Mən Oyunların uğur və müvəffəqiyyətlə keçiriləcəyinə ümid edirəm. İdmanın inkişafı tolerantlıq üçün çox vacibdir''. İndi görünür ki, ədalət, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərlər Şults üçün ritorikadan başqa bir şey deyilmiş.

Şultsun Azərbaycanın Avropada fərqli şəkildə təqdim olunması üçün Avropa Parlamentinin prezidenti kimi əlində olan bütün mümkün vasitələrdən istifadə etdiyi də həqiqətdir. Yəqin ki, çoxlarına məlum deyil ki, Avropa Parlamentinin üzvlərinin Azərbaycana rəsmi səfərlərinə qurum daxilində qeyri-rəsmi qadağa mövcuddur. Son dörd ay ərzində Ermənistana 3 dəfə səfər etmiş AP-nin vitse-prezidentlərindən biri Aİ-nin regional siyasəti çərçivəsində balanslaşdırılmış yanaşmanı qoruyub saxlamaq üçün Azərbaycana da səfərin həyata keçirilməsini təklif etmişdir. Lakin bu təklif Şults tərəfindən qəti şəkildə rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, Ermənistan və Azərbaycana münasibətdə fərqli yanaşmaları qoruyub saxlamaqla, Şults Aİ ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına maneələr yaratmağa çalışır.

Bu günlərdə məlum olub ki, Avropa Parlamentinin növbəti plenar sessiyası çərçivəsində Avropa Oyunlarının açılışından 2 gün öncə, iyunun 10-da "İdman, insan hüquqları və 2015 Bakı oyunları'' başlığı altında şifahi sual proseduru nəzərdə tutulmuşdur. Prosedura əsasən, AP-də məsələnin təşəbbüskarı olan siyasi qrup iclasda iştirak edən Avropa komissarına sual verərək, məsələni təqdim edir. Komissarın cavabından sonra isə məsələ deputatların müzakirəsinə çıxarılır. Artıq indidən bu müzakirələrin gedişatı barədə fikir yürütmək olar. Ölkəmizi tənqid etmək üçün məqam axtaran bir sıra deputatlar yenidən sıraya düzüləcəklər. Mahiyyət etibarilə, onların səsləndirəcəkləri ittihamlar əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək.

Olduqca düşündürücüdür ki, Oyunların başlamasına 2 gün qalmış bu müzakirələrin keçirilməsi Avropaya nə verəcək? Belə dinləmələrin keçirilməsi ilə Oyunlar təxirə salınacaq? Müxtəlif ölkələrin idmançıları yarışlarda iştirakdan imtina edəcəklər? Bu dinləmələrin təşkilatçıları özləri də yaxşı bilirlər ki, onlar bununla heç nə qazanmayacaqlar. Onlar belə şou təşkil edərək, sadəcə müəyyən dairələrin tapşırıqlarını yerinə yetirməyə çalışır, Avropa Oyunları kontekstində Azərbaycanı son dəfə tənqid etmək imkanını əldən vermək istəmirlər.

Bu, AP-də və ümumən Qərbdə müəyyən dairələrin öz maraqları naminə hansı riyakarlıqlara əl atdığının kiçik bir nümunəsidir. Reallıq isə belədir ki, Qərbin özünün yaratdığı beynəlxalq hüquq sistemi konkret maraqlara uyğun şəkildə, eyni proseslərə fərqli yanaşma əsasında tətbiq olunur. Ədalət prinsipi və beynəlxalq hüququn aliliyi isə arxa plana atılır. Belə yanaşmaların nəticəsidir ki, hazırda dünyada təxminən 40-a yaxın münaqişə zonası mövcuddur. Dünya hələ indiki qədər gərgin vəziyyətdə olmamışdır.

Dağlıq Qarabağ münaqişəsinin həllinə Aİ və AP-nin münasibəti ədalət prinsipinin və beynəlxalq hüququn açıq şəkildə böhrana uğramasının təzahürüdür. Qərb, o cümlədən AP ərazi bütövlüyü təhlükə altında olan Ukrayna və Gürcüstanı bütün vasitələrlə dəstəkləyir. Krım, Cənubi Osetiya və Abxaziya separatçılarına qarşı sanksiyalar gündəmə gətirilir. Ərazisinin 20 faizi 20 ildən artıqdır işğal altında olan Azərbaycana növbə çatdıqda isə...meyarlar dəyişir, fərqli mexanizmlər işə düşür. Dağlıq Qarabağın Ermənistanla Azərbaycan arasında "qarşılıqlı anlaşma predmeti'' kimi təqdim olunmasına cəhd edilir, işğal altındakı ərazilərə qanunsuz səfərlər edilir. Artıq iş o yerə çatıb ki, Aİ hətta Azərbaycana təklif edilən Assosiasiya Sazişinin mətnində belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən imtina edir. "Şərq Tərəfdaşlığı'' proqramının Riqa sammitinin yekun bəyanatında isə münaqişənin həlli üçün mövcud olan hüquqi əsasları görməzlikdən gəlinir. İndiyə kimi bircə dəfə də olsun Dağlıq Qarabağdan və Ermənistandan qovulmuş bir milyon qaçqın və məcburi köçkünün hüquqlarının bərpası haqda heç bir sənəd qəbul edilməyib. Dünya Qaçqınlar Günü ilə bağlı öz Twitter səhifəsində görüntü xatirinə fikir bildirən Martin Şults nədən azərbaycanlı qaçqın və məcburi köçkünlər haqda kiçik bir bəyanat belə verməyib?

Azərbaycana qarşı qərəzli münasibət artıq yeni hal deyil. Müstəqilliyini əldə etdiyi dövrdən bu yana Azərbaycan həmişə bunun şahidi olub. "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş, Ticarət Aktına edilmiş Cekson-Venik düzəlişi, Avropa Şurasının söz azadlığı, "siyasi məhbuslar'', "milli azlıqlar'' kimi kampaniyaları, müxtəlif strukturların və QHT-lərin Azərbaycana qərəzli münasibətləri, bir sıra qrupların əli ilə ölkə daxilində gərginlik yaratmaq cəhdləri bəzi nümunələrdir. Azərbaycan bütün bunların səbəbini də yaxşı başa düşür. Bunların səbəbi müstəqil siyasət - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi "prinsipial, birmənalı, ədalətə, beynəlxalq hüquqa və Azərbaycan xalqının milli maraqlarına əsaslanan mövqedir''. Lakin həmin dairələr başa düşməlidirlər ki, Azərbaycana təzyiq göstərməklə onu seçdiyi yoldan döndərə bilməyəcəklər.

Sizin Reklam Yeriniz