Əlaqə Arxiv
news Image
2015.06.10
10:00
| A A A
Rusiya və Avropa İttifaqı Xəzərdə üz-üzə gəlir
Tərəflər arasında “Transxəzər” gərginliyi artır

Avropa İttifaqının Xəzər hövzəsindən daha çox təbii qaz alışı üçün atdığı addımlar gözlənildiyi kimi, Rusiyada heç də birmənalı qarşılanmır. Hazırda bu istiqamətdə Azərbaycanın apardığı siyasət, həyata keçirdiyi layihələr Kremldə qəzəb doğurmur. Ancaq digər sahilyanı ölkələrlə münasibətdə bunu söyləmək olmaz. Xüsusən də "Transxəzər" qaz kəməri layihəsi Moskvada ciddi narahatlıq və narazılıqla qarşılanır.

Xatırladaq ki, Avropa növbəti 4 ildə bu layihəni işə salmağı düşünür. Avropa Komissiyanın vitse-prezidenti Maroş Şevçoviç deyib ki, Rusiyanın enerji daşıyıcılarından asılılığını azaltmağa çalışan Avropa İttifaqı 2019-cu ildən etibarən Türkmənistandan qaz tədarükünə başlamaq niyyətindədir: "Türkmənistan satdığı qazın diversifikayası vacib olduğu qədər, Avropa İttifaqına da qaz idxalının diversifikasiyası vacibdir. Biz bir-birimiz gözəl başa düşürük. Avropa 2019-cu ildən etibarən Türkmənistan qazını tədarük etmək niyyətindədir". Xatırladaq ki, bundan əvvəl Türkmənistan rəsmi mənbələrindən xarici mətbuata sızan məlumata görə, rəsmi Aşqabad Brüssellə il ərzində Avropaya 10-30 milyard kubmetr qazın nəql olunması ilə bağlı danışıqlar aparır.

Lakin Moskva hesab edir ki, "Transxəzər" qaz kəmərinin tikintisi il bağlı birtərəfli fəaliyyət region ölkələri arasında inamın itirilməsinə gətirib çıxaracaq. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç məsələ ilə bağlı deyib: "Transxəzər" qaz kəmərinin tikintisi ilə bağlı birtərəfli fəaliyyət Xəzəryanı ölkələr arasında inamsızlığa gətirib çıxaracaq. İstisna deyil ki, layihənin regiondan olmayan lobbiçiləri "strateji tərəfdaş" və qaz kəmərinin bütün siyasi dividendlərinin tərəfdarı qismində buna nail olmağa çalışırlar. Ötən il Həştərxanda keçirilən Xəzər sammitində beş ölkənin liderləri Xəzərin gələcəyi ilə bağlı həmrəy məsuliyyət daşıdıqlarını təsdiqlədilər. Hesab edirik ki, bu məsələyə şübhəsiz ki, qaz kəməri mövzusu da aiddir".

Lukaşeviç Rusiyanın "Transxəzər" qaz kəmərinə skeptik baxdığını bildirib: "Bütün mənalarda unikal olan su hövzəsində magistral boru kəmərlərinin çəkilməsinə hər şeydən əvvəl ekologiya prizmasından baxmaq lazımdır, ancaq bundan sonra məsələnin iqtisadi tərəfinə nəzər salmaq olar". Rusiya XİN rəsmisi əlavə edib ki, "Transxəzər" qaz kəməri layihəsinin effektivliyini və maliyyə baxımından özünü doğrultmasını ilk növbədə bu layihəyə qoşulacaq ölkələr mühakimə etməlidir: "Ancaq layihənin ekoloji tərəfinin ilk növbədə Xəzər sahilində yerləşən ölkələrə dəxli var, özü də istisnasız olaraq bütün sahilyanı ölkələrə. Xəzər dəniz-gölü ətraf mühit dəyişikliklərinə olduqca həssasdır. Bu dəyişikliklərin səbəbi transxəzər boru kəmərlərinin döşənməsi, boru kəmərlərinin fəaliyyəti və Allah eləməsin, bu sistemdə qəza baş verməsi ola bilər. Əminik ki, Xəzərin ekoloji təhlükəsizliyi qeyd-şərtsiz prioritet təşkil etməlidir".

Lukaşeviç deyib ki, Avropa İttifaqının hesabatlarında Xəzərin dibindən boru kəmərinin çəkilməsinin ətraf mühit üçün təhlükə törətmədiyi göstərilir. Lakin bu hesabatlar subyektiv mühakiməyə söykənir, ekologiya üzərində açıq-aşkar siyasət hökmranlıq edir. Qeyd edək ki, Azərbaycan "Transxəzər" layihəsində həmişə ehtiyatlı mövqe nümayiş etdirib. Azərbaycanın energetika naziri Natiq Əliyev qeyd edir ki, Türkmənistan qazının Azərbaycan üzərindən Avropa bazarına çıxarılmasını nəzərdə tutan "Transxəzər" layihəsinin reallaşacağı tarix hələ dəqiq bilinmir: "Avropa İttifaqı təklif edib ki, "Transxəzər" layihəsi ilə bağlı konsorsium yaradılsın. Türkmənistan hazırda 30 milyard kubmetr qazını Avropaya satmağa hazır olduğunu açıqlasa da, bunun nə vaxt və necə reallaşacağı dəqiq deyil. Həmçinin "Transxəzər" layihəsinin nə vaxt reallaşacağı və kim tərəfindən maliyyələşdiriləcəyi məlum deyil".

"Transxəzər" qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. "Tengiz" (Qazaxıstan) - "Türkmənbaşı" (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 milyard avro məbləğində qiymətləndirilir. Amma Rusiya və Avropa İttifaqı arasında "Transxəzər"lə bağlı ziddiyyət onun həyata keçməsində indi əsas maneyə çevrilib. Rəsmi Moskva bildirir ki, bu layihənin həyata keçirilməsi Rusiyanın razılığı olmadan baş tuta bilməz. Avropa İttifaqı isə fərqli mövqe nümayiş etdirir. Amma onu da qeyd edək ki, Xəzərdə Rusiya hərbi cəhətdən kifayət qədər üstünlüyə malikdir. Ukrayna və Gürcüstan nümunəsi isə Rusiyanın lazım olanda hərbi gücdən istifadəyə açıq olduğunu göstərir. Bu isə "Transxəzər" qaz kəmərinin çəkilmə perspektivini ciddi sual altına alır.
Sizin Reklam Yeriniz