Əlaqə Arxiv
news Image
2015.06.10
16:30
| A A A
Azay Quliyev: Avropa Parlamentinin məqsədi Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq imicinə kölgə salmaqdır

Avropa Parlamentinin məqsədi Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq, Azərbaycana problem yaratmaqdır. Movqe.az xəbər verir ki, bunu Trend-ə ATƏT Parlament Assambleyasının Komitə sədrinin müavini Azay Quliyev Avropa Parlamentində sessiyanın açılış iclasında Azərbaycandakı bəzi məhbuslarla bağlı keçirilən aksiyaya və Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə münasibət bildirərkən deyib.


A.Quliyev bildirib ki, Avropa Parlamentinin bir qrup üzvü artıq bir neçə aydır ki, antiazərbaycan kampaniyasını davam etdirirlər: "Avropa Parlamenti bu mövqeyi ilə Avropa institutlarına zərbə vurur. Çünki Avropa istitutları, Avropa İttifaqı, Avropa Parlamenti belə bir dinləmələrə şərait yaratmaqla, Avropa Parlamentinin vitse-prezidentləri səviyyəsində onlara ev sahibliyi etməklə, heç də həmin məhbusların hüquqlarını qorumaq niyyəti güdmürlər. Həmin məhbuslara yaxşılıq etmirlər. Onların niyyəti heç də Azərbaycanda ayrı-ayrı fərdlərin hüquqlarının qorunması deyil. Niyyətləri nəyin bahasına olursa-olsun, kiçik bir faktdan da olsa yapışıb onu böyük bir kampaniyaya çevirməklə Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq, müəyyən mənada Azərbaycana problem yaratmaqdır. Biz bunu bilirik. Amma onlar dərk etməlidirlər ki, bununla təkcə Azərbaycana deyil, Avropa Parlamentinə də, Avropa İttifaqına da böyük pislik etmiş olurlar. Sual olunur. Bu gün Azərbaycanla Avropa Parlamentinin və yaxud da Avropa İttifaqının münasibətlərinin pozulması kimə sərf edir? Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edibmi? Xeyr. Bu gün bu münasibətlərin pozulması şübhəsiz ki, nə Azərbaycana, nə də Avropa İttifaqına sərf etmir. Bu, ücüncü tərəfə sərf edir. Sual olunur. Niyə bunlar bu qədər canfəşanlıqla münasibətləri pozmağa çalışırlar? Demək ki, onları kimsə idarə edir".


Deputat hesab edir ki, bu gün həmin qurumlar sifariş yerinə yetirirlər: "Təəssüflər olsun ki, həmin şəxslər Azərbaycanı sevməyən, Azərbaycanla Avropa İttifaqının əməkdaşlığının hər hansı bir formada irəli getməsini istəməyən qüvvələrdir. Erməni lobbisinin də bu məsələlərdə fəaliyyətini əlavə etsək, onların üçünün də marağı burada birləşir və onlar Azərbaycana qarşı belə bir kampaniya həyata keçirirlər. Ona görə də çox təəssüf edirəm ki, təxminən bir ay içində Avropa Parlamenti üç dəfə Azərbaycanla bağlı dinləmə keçirdi. Siz nəyi dinləyirsiniz? Eyni mövzunu nə qədər təkrar edəcəksiniz? Bir dəfə mövzu qalxdı, münasibət bildirdiniz, biz də öz münasibətimizi bildirdik. Burada Avropa Parlamentinin, başda isə qurumun prezidenti Martin Şultsun ən böyük səhfi ondan ibarətdir ki, bu şəxs özünün qrupları vasitəsilə o qədər də tanınmayan, siyasi səhnədə özünü yeni sübut etməyə çalışan insanların vasitəsilə Azərbaycanla danışmaq istəyir, müəyyən mənada Azərbaycana təzyiq etmək istəyir. Şults gərək bu məsələlərə konkret münasibət bildirsin. Şults deməlidir ki, niyə indiyə qədər, 3 il ərzində Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisi arasında yaradılmış əməkdaşlıq komitəsinin iclası keçirilmir? Şults gərək aydınlıq gətirsin ki, niyə yeni tərkibdə olan Avropa Parlamentinin üzvləri bir dəfə də olsun Azərbaycana səfər etməyiblər və yaxud da səfər edənlərin qarşısı niyə alınıb? Şults gərək aydınlıq gətirsin ki, niyə Avropa İttifaqına üz çevirən, qurumun dəyərlərini heçə endirən və gedib Rusiyanın Gömrük İttifaqına qoşulan işğalçı Ermənistana niyə dəfələrlə səfərlər təşkil olunub? Niyə Ermənistanda Avronest Parlament Assambleyasının illik toplantısı keçirilib? Niyə belə münasibət Azərbaycana göstərilmir? Əgər doğrudan da bunları insan haqları narahat edirsə, niyə onlar Ermənistandakı insan haqları ilə bağlı belə bir dinləmə keçirmirlər? Azərbaycanda erməni təcavüzü nəticəsində bir milyondan artıq insanın pozulmuş hüququ onları niyə maraqlandırmır?


Ona görə də əgər bu gün Avropa Parlamenti doğrudan da səmimidirsə, Azərbaycanla dialoq şəraitini bərpa etməlidir. Azərbaycan dəfələrlə onlara müraciət edib və xüsusilə son Riqa sammitində strateji tərəfdaşlıq haqqında Avropa İttifaqına saziş layihəsi təqdim edib. Bu, Azərbaycanın niyyəti, ölkənin əməkdaşlıqla bağlı üzərinə götürdüyü öhdəliyə sadiqliyi, bu da Avropa Parlamentinin üzərinə götürdüyü öhdəliyə sadiqliyi. Görün nə qədər böyük ziddiyyət var".


A.Quliyevin sözlərinə görə, bu kampaniyaların hamısı Azərbaycanın həyata keçirdiyi siyasətlə bağlıdır: "Azərbaycanın bölgədə hər hansı bir bloka qoşulmadan öz milli maraqlarını qorumaq istəyi ilə bağlıdır. Onlar düşünürlər ki, bir neçə adam orada oturub kiminsə şəklini sinəsinə yapışdırmaqla Azərbaycanın yürütdüyü siyasətə təsir edəcəklər. Onlar yanılırlar. Azərbaycan öz bildiyi doğru yoldan gedib, gedir və gedəcək də. Cənab Prezident dövlətimizin və millətimizin lideri kimi ən doğru siyasət həyata keçirir, Azərbaycanın milli maraqlarını bütün hallarda qoruyur. Heç bir halda Azərbaycanın milli maraqlarını, insanların mənafeyini digər bir konyektur maraqlara qurban vermir və verməyəcək. Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Avropa Oyunları Azərbaycan tarixində yadda qalan əlamətdar bir hadisə olacaq. Bütün qarayaxmalara baxmayaraq Azərbaycan bu işləri alnı açıq, üzü ağ yekunlaşdıracaq. Bunların danışmaqları da özlərinə qalacaq. Onlar tam şəkildə ifşa və məğlub olduqlarını bildiklərinə görə, son cəhdlərə də əl atırlar. Əlbəttə ki, bunların heç biri nəticə verməyəcək. Hesab edirəm ki, baş verənlər Avropa Parlamentinin özünə ciddi şəkildə ziyan gətirəcək".

Sizin Reklam Yeriniz