Əlaqə Arxiv
news Image
2015.06.10
10:00
| A A A
Suriya ermənilərinin yeni Qarabağ köçü
Elşən Manafov: “ATƏT bu məsələnin həllində üzərinə düşən işin öhdəsindən gəlmək iqtidarında deyil” Akif Nağı: “Bu vəziyyətin yaranması Minsk qrupunun ədalətsiz mövqe tutmasının nəticəsidir”

İşğalçı Ermənistan Suriyadan olan ermənilərin Dağlıq Qarabağa köçürülməsi istiqamətində qanunsuz əməllərini davam etdirməkdədir. Suriyada vətəndaş müharibəsinin kəskin xarakter alaraq daha da qızışması, burada İŞİD terror təşkilatının fəallaşması fonunda orada yaşayan ermənilərin də köçü geniş vüsət alır. Bu amildən istifadə edən Ermənistan hökuməti isə heç bir beynəlxalq qanunlara məhəl qoymadan həmin Suriya ermənilərini işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşdırır. 

Belə bir vaxtda Ermənistanın hakim Respublika Partiyasından olan deputat Taçat Vardapetyan Suriya ermənilərinin Ermənistana və Dağlıq Qarabağa köçürüləcəyinin yeni anonsunu verib. Suriya-Ermənistan parlamentlərarası dostluq qrupunun iyunun 1-dən 5-dək Suriyaya səfərini şərh edən Vardapetyan suriyalı ermənilərin ölkəyə axının olacağını deyib: "Onların Ermənistanın vilayətlərində və Dağlıq Qarabağda yaşamaları üçün şərait var". Qeyd edək ki, 2011-ci ilin yazında Suriyada vətəndaş müharibəsi başladıqdan sonra 100 minlik erməni icmasının 12 min üzvü Ermənistana gətirilib. Onların bir qismi qanunsuz olaraq Azərbaycanın işğal altındakı Laçın, Kəlbəcər və Zəngilan rayonlarına köçürülüblər. Amma bu günə qədər beynəlxalq qurumlar, o cümlədən Qarabağ münaqişəsinin dinc yolla həlliən vasitəçilik edən ATƏT və ya onun Minsk qrupu tərəfindən bu məsələ ilə bağlı lazımi reaksiya nümayiş etdirilməyib, bu hərəkətinə görə Ermənistana irad tutulmayıb.  

Politoloq Elşən Manafov Minsk qrupunun sözügedən məsələdə kəskin reaksiyadan qaçmasını onun ikili standartlar sərgiləməsində gördüyünü söylədi: "Ermənilərin Suriyadan Azərbaycan ərazisinə köçürülməsinin özünəməxsus tarixi var. Hələ sovet dönəmində, 1948-1953-cü illərdə azərbaycan əhalisi Ermənistandan deportasiya olundu. O zaman erməni lobbisinin dəstəyi ilə Ermənistana Suriya və Avropanın bir sıra bölgələrindən erməniləri köçürdülər. Ermənilər özləri isə Suriya ərazisində əsasən Birinci Dünya Müharibəsi dönəmində məskunlaşıb. O dövrdə Osmanlı təbələri olan ermənilər İstanbul hökumətinə Rusiyanın xeyrinə olaraq müxalif  mövqedə dayanmışdılar. Belədə onlar Rusiyanın xeyrinə Osmanlıya qarşı hərbi  əməliyyatlarda iştirak edirdi. Osmanlı dövləti də bu zaman milli təhlükəsizlik  maraqları baxımından çıxış edərək, ermənilərin köçürülməsi məsələsini nəzarət altına aldı. Belədə həmin ermənilərin böyük əksəriyyəti Suriyaya köçürüldü. ATƏT-in və onun qurumu olan Minsk qrupunun indiki reallıqlar şəraitində Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsinə göz yummalarına gəldikdə isə, bu aydın məsələdir. ATƏT dəfələrlə deyildiyi kimi, bu məsələnin həllində üzərinə düşən işin öhdəsindən gəlmək iqtidarında deyil. İndiyə kimi ATƏT-in təklif etdiyi bir sıra variantlar, Madrid prinsipləri istisna olmaqla,  çox hallarda Azərbaycan dövlətinin mövqeyinə yaxın olmayıb. Baxmayaraq ki, ATƏT dekorativ şəkildə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməsinin vacibliyini dəfələrlə vurğulayıb. Lakin bu tanımadan o yana lazımı addımlar atılmır. Onu da qeyd edim ki, ATƏT-ə daxil olan həmsədr dövlətlər BMT-də bu məsələ müzakirəyə çıxarılarkən bitərəf qalıblar.  Suriyadan ermənilərin Qarabağa köçürülməsi ilk növbədə Ermənistanda gedən proseslərlə bağlıdır. Ermənistandakı ağır sosial-iqtisadi durum, hakimiyyətin korrupsiyaya uğraması,  yüksələn xətlə artmaqda olan iqtisadi, sosial problemləri hökumətin həll edə bilməməsi, erməni dramının son illər bir neçə dəfə devalvasiyaya uğraması, əhalinin maddi güzəranının ağırlığı ilə bağlı ermənilərin xaricə getmələri, bütün bunlar boşluğu doldurmaq zərurəti yaradır. Suriyadakı mövcud reallıqlar da bəllidir. Bir tərəfdən Ermənistan Suriyadan erməniləri Qarabağa köçürməklə buradakı demoqrafik problemlərini həll etməyi düşünür. Suriya hökuməti isə öz vətəndaşlatın təhlükəsizliyinə təminat verə  bilmir, orada qırğın gedir. Xüsusən İŞİD-in Bəşər Əsəd rejiminə qarşı keçirdiyi tədbirlər oradakı ermənilərin də buranı tərk etməsi üçün müvafiq şərait yaratdı. 

ATƏT-in Minsk qrupuna gəlincə, onun qeyri-konstruktiv mövqeyi və münaqişəyə münasibətdə ikili standartdan çıxış etməsi gətirib ona çıxarıb ki, Ermənistan heç bir kəskin reaksiyaya rast gəlmədən Suriya ermənilərini Qarabağda yerləşdirir". 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bildirdi ki, yaranmış vəziyyət Minsk qrupunun ədalətdən uzaq olan siyasət yürütməsi ilə bağlıdır: "Suriya ermənilərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməkdə davam etməsi münaqişənin həlli ilə məşğul olan qurumun məsələnin çözümündə tutduğu ədalətsiz mövqeyinin nəticəsidir. Azərbaycan tərəfi rəsmi qaydada məsələ ilə bağlı dəfələrlə müraciətlər edib. 

Ölkəmiz beynəlxalq missiyanın ora gedib araşdırma aparmasına nail olmalıdır. Amma təkcə onların rəy verməsi ilə də kifayətlənməməliyik. Faktlar təsdiqləndiyi halda Ermənistanın cəzalandırılması üçün mexanizmlər də ortaya qoyulmalıdır. Çünki, Suriya ermənilərinin Qarabağa köçürülməsi beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasıdır. Ortalıqda fakt var və Azərbaycan təkidlə məsələni qaldırmalıdır". 



Sizin Reklam Yeriniz