Əlaqə Arxiv
news Image
2015.06.26
10:30
| A A A
Azərbaycanda dövriyyəyə yeni valyuta buraxılır
Dünyada getdikcə daha çox məhşurlaşan virtual pullar ölkəmizə də ayaq açır

Yaxın vaxtlarda Azərbaycanda yeni valyutanın tədavülə buraxılması gözlənilir. Özü də bu valyuta getdikcə dünyada daha çox populyarlıq qazanmaqda əhatə dairəsini genişləndirməkddir. Söhbət ölkəmizdə də tətbiqinə hazırlıq görülən  bitkoinlərdən gedir.Faktı Polşa Maliyyə Nəzarəti Orqanının əməkdaşı Adam Janisevski Tomas da təsdiq edib.

Bu arada qeyd edək ki, Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsi TAIEX Ekspert Missiyası üzrə Avropa Komissiyasına "Nağdsız hesablaşmaların stimullaşdırılması" mövzusunda müraciət edib. Müraciət müsbət qarşılanıb, ekspertin ayrılması və digər texniki məsələlər həll olunduqdan sonra Vergilər Nazirliyinin inzibati binasında seminar təşkil olunub. Qeyd edək ki, TAIEX - Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun Texniki Yardım və İnformasiya Mübadiləsi mexanizmidir. Bu yardım aləti vasitəsilə ölkələrə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və həyata keçirilməsi sahəsində qısamüddətli texniki dəstək və tövsiyələr verilir. Yardım çərçivəsində Avropa İttifaqının üzv dövlətlərinin dövlət sektorunda çalışan ekspertləri müxtəlif hüquqi məsələlərə aydınlıq gətirir, qanun layihələrini qiymətləndirir və Avropa İttifaqının  digər üzv dövlətləri ilə ən yaxşı təcrübəni bölüşmək üçün tövsiyələr verirlər.

Vergilər Nazirliyinin təcrübəli və bu sahə ilə birbaşa əlaqəli əməkdaşlarının iştirak etdiyi seminarda nağdsız hesablaşmaların stimullaşdırılması sahəsində Avropanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi ilə yanaşı, qanunvericilik aktlarının Avropa təcrübəsinə uyğunlaşdırılması, bu sahədə mövcud inzibatçılıq qaydaları ilə bağlı müzakirələrin aparılması təşkil olunub. Seminarda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Strateji araşdırmalar idarəsinin Vergi araşdırmaları və monitorinq şöbəsinin rəisi Yunis Quliyevin "Nağdsız hesablaşmaların stimullaşdırılması sahəsində Azərbaycandakı mövcud vəziyyət" barədə təqdimatı dinlənilib.

Tədbirdə iştirak edən Polşa Maliyyə Nəzarəti Orqanının əməkdaşı A.J.Tomas çıxışında bildirib ki, dünya ölkələri, xüsusilə də inkişaf etmiş ölkələr iqtisadiyyatda şəffaflığın artırılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə maliyyə əməliyyatlarına nəzarət sahəsində həssas mövqe nümayiş etdirirlər. Bu, özünü həm nağd hesablaşmaların məhdudlaşdırılması, həm də nağdsız hesablaşmaların stimullaşdırılması üzrə həyata keçirilən tədbirlərdə göstərir. Ekspert nümunə kimi Polşada qəbul olunmuş "2014-2020-ci illərdə nağdsız hesablaşmaların inkişaf etdirilməsi" proqramı haqqında iştirakçılara məlumat verib.

Qeyd edilib ki, proqram Polşada bu sahədə əhəmiyyətli irəliləyişlərin olacağına zəmin yaradır. O, Polşa təcrübəsi ilə yanaşı, Avropa ölkələrində nağdsız hesablaşmalar sahəsində ən son yeniliklər barədə də məlumat verib. Bildirilib ki, son dövrlərdə Avropa ölkələrində populyarlığı artan və demək olar ki, pul vəsaiti kimi alış-verişdə istifadə edilən bitkoinlər mərkəzi banklardan və vergi orqanlarından nəzarətsiz dövriyyə olunur. Bu məsələnin artıq Avropanın bir çox ölkəsini narahat etdiyini bildirən iştirakçılar yaxın gələcəkdə bitkoinlərin Azərbaycanda da istifadə edilmə ehtimalını nəzərə çatdırıblar. Bunun üçün artıq bir çox Avropa ölkəsində tətbiq olunan prosedurların və qanunvericiliklərin dərindən öyrənilərək Azərbaycanda tətbiqinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bitkoinlərdən istifadə ilə aparılan sövdələşmələr heç bir üçüncü şəxs və ya dövlət təşkilatının iştirakı olmadan yerinə yetirilir. Artıq Birləşmiş Ştatlar, Almaniya və digər bir çox hökumətlər rəqəmsal valyutanı qəbul edir. Çin bankların bitkoin işlətməsinə qadağa qoysa da, bizneslərinə onun istifadəsinə icazə verir. Qeyd edək ki, 2009-cu ildən istifadəyə verildikdən bəri bitkoinin dəyəri bir neçə min dəfə qalxıb. Şirkətlərin çoxu xidmətləri və malları üçün tədricən bitkoini qəbul edir və istehlakçıların çoxu ondan istifadə etməyə başlayıb. Virtual valyuta getdikcə qlobal maliyyə səhnəsində özünə mühüm yer tutur. Hazırda bitkoindən yararlanmaq üçün müvafiq proqramdan istifadə edən hər bir şəxs sözügedən valyuta vasitəsilə istənilən ödənişi edib, istənilən malı ala bilər. Bu zaman tranzaksiyalara görə aşağı faiz tutulur, yatırımlar üçün əlverişli depozit faizləri təklif olunur. Bütün bunlar bitkoin pullarına dünyada marağı artırır. Onu da qeyd edək ki, bitkoinin  əsas xüsusiyyəti insanın şəxsi kompüteri vasitəsilə müvafiq proqramı yükləyib özünə hesab aça bilməsidir. Şəxsin hesabında fəaliyyətindən asılı olaraq onun imkanını göstərən bitkoinlər olur. Sözügedən valyutanın artıq tezliklə Azərbaycanda da dövriyyəyə daxil edilməsi tamamilə gözlənilən heab olunur.


Sizin Reklam Yeriniz