Əlaqə Arxiv
news Image
2012.09.19
15:11
| A A A
Rusiya səfiri XİN-ə çağırıldı
Vladimir Doroxinə Azərbaycan tərəfinin etiraz notası təqdim olunub Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə X.Xələfov Rusiya səfirinə bu ilin 14 sentyabr tarixində Moskva şəhər meriyasının icazəsi və "Rus-Erməni Birliyi"nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirib.
Həmçinin nazir müavini sözügedən məsuliyyətsiz çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını qeyd edib. Vurğulanıb ki, belə bəyanatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur.
Xələf Xələfov V.Jirinovskinin məsuliyyətsiz bəyanatına Rusiyanın hakimiyyət strukturları tərəfindən müvafiq qiymətin veriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşün sonunda Azərbaycan tərəfinin etiraz notası Rusiya səfirinə təqdim olunub.
Sizin Reklam Yeriniz