Əlaqə Arxiv
news Image
2015.07.03
10:00
| A A A
Qarabağda hərbi əməliyyatlar başlanır…
Üzeyir Cəfərov: “Düşmən hər an hiss etməlidir ki, onun alacağı zərbə sarsıdıcı və çox amansız olacaq” Elman Məmmədov: “Hər an torpaqlarımızın azad edilməsi əməliyyatı başlaya bilər”

Bu günlərdə Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən növbəti hərbi hissənin açılış mərasimində iştirakı zamanı etdiyi çıxışında işğalçı Ermənistana zərbə vurmağa qadir olan güclü orduya malik olduğumuzu bir daha diqqətə çatdırdı: "Prezidentin birmənalı şəkildə dediyi "Rədd olsunlar bizim torpaqlardan. Əgər erməni əsgəri ölmək istəmirsə, Ağdama, Füzuliyə gəlməsin" sözləri bizim üçün bir göstərişdir və biz bunu layiqincə yerinə yetirməliyik. Çünki bunu bizdən Azərbaycan xalqı gözləyir, Ali Baş Komandan tələb edir".

Qeyd edək ki, bu hadisədən bir neçə gün əvvəl Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışı oldu. Bütün bunlar onu göstərir ki, Azərbaycan ordusu günü-gündən inkişaf edir, döyüş hazırlığını artırır, ən müasir silahlarla təmin olunur və belə bir ordu torpaqlarımızı düşməndən azad etməyə tam şəkildə qadirdir. Azərbaycan rəsmiləri də ən yüksək səviyyədə belə dəfələrlə bəyan edib ki, ölkəmiz torpaqların işğal faktı ilə barışmayacaq, nəyin bahasına olursa-olsun, torpaqlarımız azad olunacaq. Bu fonda da Azərbaycan Ordusu güclənir. Keçən ilin avqustunda cəbhə bölgəsində baş verən toqquşmalar da göstərdi ki, ordumuz işğalçıları darmadağın etməyə qadirdir. Bunu artıq işğalçılar da dərk etməyə başlayıb. Belə ki, onlar artıq təşviş içindədirlər.

Maraq doğuran odur ki, müdafiə nazirinin yuxarıda qeyd olunan mesajından düşmən nəticə çıxaracaqmı?

Hərbçi-ekspert Üzeyir Cəfərov düşünür ki, cəbhədə lokal xarakterli döyüşlərin olma ehtimalı mümkündür: "Müdafiə nazirinin açıqladığı bu fikirlər təəccüb doğurmamalıdır. Ona görə ki, torpaqları işğal altında olan ölkənin müdafiə naziri başqa cür də danışa bilməz. Düşmən hər an hiss etməlidir ki, onun ayaqları altında torpaq yanmağa başlayır və onun alacağı zərbə sarsıdıcı və çox amansız olacaq. Müdafiə naziri ölkə başçısının səsləndirdiyi fikirlərin bir növ hərbi leksikonda təkrarını həyata keçirdi. Müdafiə nazirinin bu açıqlaması ölkə başçısının Hərbi Dəniz Qüvvələrinin qərargahının açılışında çıxışı zamanı səsləndirdiyi "torpaqlarımızı işğaldan azad edəcəyik və düşmən öz əsgərlərinin tələf olmasını istəmirsə, onları Ağdama, Füzuliyə göndərməsin" fikrinin bir növ davamı idi. Amma düşünmürəm ki, bu, birbaşa olaraq genişmiqyaslı döyüş əməliyyatlarının başlanmasına bir işarədir. Lokal xarakterli əməliyyatların keçirilməsi mümkündür. Bu yaxınlarda Silahlı Qüvvələr Günü ərəfəsində müdafiə naziri telekanallara verdiyi müsahibəsində belə bir fikri səsləndirdi ki, Azərbaycan ötən ilin avqust ayında aktiv döyüş əməliyyaları ilə üz-üzə qaldı və bu zaman ölkəmizin Silahlı Qüvvələri öz gücünü göstərdi. Belə başa düşdüm ki, müdafiə naziri ötən ilin avqust və noyabr aylarında baş vermiş məlum hadisələri nəzərdə tuturdu. Ona görə də belə bir açıqlama verdi. Lakin genişmiqyaslı döyüş əməliyyatlarının olacağını düşünmürəm. Sadəcə olaraq, müdafiə nazirinin səsləndirdiyi fikirlər ona yönəlib ki, düşmən vəziyyətin ciddiliyini anlasın və təcili addımlar atsın. Təcili addımlar da Azərbaycanın işğal edilmiş ərazilərinin tezliklə boşaldılması və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından keçir".

Millət vəkili Elman Məmmədov da torpaqlarımızın azad edilməsi əməliyyatına hər an başlanıla biləcəyini bildirdi: "Cəbhə bölgəsində hərbi əməliyyatların başlanacağını hər an gözləmək olar. Onsuz da savaş vəziyyətindəyik. 1994-cü ildən elan olunan atəşkəs əslində, kağız üzərində qalıb. Bir gün də olsun atəşkəs rejiminə əməl olunmayıb. Gün ərzində ermənilər 50-100 dəfə atəşkəsi pozurlar. İki ordu üz-üzə dayanıb. Təbii ki, onların hər ikisi də Azərbaycan torpaqlarında üz-üzə durub. Biri öz torpağında olan Azərbaycan Ordusudur, digəri isə təcavüzkar Ermənistan ordusudur ki, o da işğal olunmuş Azərbaycan ərazilərindədir. Ona görə Prezidentimizin "Rədd olsunlar bizim torpaqlardan. Əgər erməni əsgəri ölmək istəmirsə, Ağdama, Füzuliyə gəlməsin" ifadəsi və müdafiə nazirinin də ona istinadən söylədiyi fikirlər təbii ki, gündəmdə olan fikirlərdir. Azərbaycan Ordusu işğalçı ordunu bütövlükdə geri otuzdurmaq, ərazi bütövlüyümüzü təmin etmək üçün əmr gözləyir. Azərbaycan bu illər ərzində münaqişə ətrafında beynəlxalq aləmdə kifayət qədər hüquqi baza və lazımı rəyi yaradıb. Hətta ölkəmizi sevməyən beynəlxalq təşkilatların sənədlərində də o məqam əksini tapıb ki, Ermənistan Azərbaycan ərazilərini 20 ildən artıqdır işğal altında saxlayır və bu ərazilərə Ermənistan ordusu nəzarət edir. Buna görə Azərbaycan olaraq o hüququ özümüzdə saxlayırıq ki, işğal edilmiş ərazilərimizdə antiterror əməliyyatı keçirəcəyik. Neçə ki, şimal qonşumuz 20 ildən çoxdur Şimali Qafqazda antiterror əməliyyatı adı altında hər şey edir. Yəni, dünya təcrübəsində bu var. Azərbaycan da öz ərazisində antiterror əməliyyatı keçirib, torpaqlarımızda yuva salan separatçı quldur, cinayətkar rejimi məhv emək və ərazi bütövlüyümüzü bərpa etmək hüququnu özündə saxlayır. Bu məsələ hər gün, hər an, hər saniyə aktualdır, gündəmdədir. Hər an torpaqlarımızın azad edilməsi əməliyyatı başlaya bilər. Azərbaycan müharibə olmasını istəmir. Cənab Prezidentin dediyi kimi məsələnin sülhlə həll olunmasını istəyir. Ancaq artıq 23-24 ildir sülh yolu ilə gözlənilən həll prosesi özünü doğrultmur. Çünki bu gün regionda mənafeyi olan böyük dövlətlər var və onların burada maraqları toqquşur. Bu toqquşma da məsələnin sülh yolu ilə həll olunmasına imkan vermir. Belədə yeganə yol Azərbaycanın və onun ordusunun güclənməsi, hər an döyüşə hazır olması və torpaqları işğaldan azad etmək üçün hərəkətə keçməkdən ibarətdir".

Sizin Reklam Yeriniz