Ermənistanda artıq iki həftədir davam edən aksiyalarda iştirakçıların sayı azalsa da, proseslər hələ də bu ölkə hakimiyyəti üçün ciddi təhdid olaraq qalır. Hadisələrin gedişini qiymətləndirən əksər ekspert və araşdırma mərkəzləri Ermənistanda yaxın tezlikdə hakimiyyət dəyişiklyini istisna etmir. məsələ ilə bağlı İtaliyanın "İl Giornale" qəzetinin saytında bu ölkənin "İl Nodo di Gordio" beyin mərkəzinin tədqiqatçısı tərəfindən Cənubi Qafqazdakı son proseslərlə bağlı hazırlanmış yazı yerləşdirilib.
Yazıda qeyd olunur ki, son aylarda mürəkkəb siyasi proseslərin müşahidə olunduğu Cənubi Qafqazda regional balansın pozulması təhlükəsi mövcuddur. Belə ki, İrəvandakı son nümayişlər, Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində gərginliyin artması kimi amillər bu bölgəyə daha çox diqqət yetirilməsinin vacibliyini göstərir: "İrəvanda elektrik enerjisinin qiymətlərinin qaldırılmasına etiraz olaraq başlamış nümayişlər səngimək bilmir. Son gərginliklər hətta demək olar ki, üsyana çevrilmək üzrədir. Bu isə Sarkisyan hökumətinin gələcəyini sual altına qoyan həqiqi institusional böhran deməkdir. Təbii ehtiyatlara malik olmayan və iqtisadiyyatı asılı vəziyyətə düşən Ermənistan Qafqazın ən kasıb ölkəsi sayılır".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif bildirir ki, ATƏT-in Minsk qrupunun və beynəlxalq strukturların səylərinə baxmayaraq, problem hələ də həllini tapmayıb. Bu da bir reallıqdır ki, qanlı münaqişə nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Avropa Məhkəməsinin azərbaycanlı məcburi köçkünlərin şikayətləri əsasında "Çıraqov və digərlərinin Ermənistana qarşı" işi üzrə elan etdiyi qərar rəsmi İrəvanın bir daha "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın müddəalarını pozduğunu göstərir.
Ermənistandakı vəziyyətə gəlincə, burada baş vernələrin inqilabla nəticələnə biləcəyi istisna olunmur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda yaranmış vəziyyətdə belə bir inqilabın ola biləəcyiən işarə vurub.
. Onun fikrincə, Ermənistanda elektrik enerjisi qiymətlərinin artımı haqqında qərarın qəbul olunmasından sonra başlamış etiraz aksiyaları siyasi yox, iqtisadi xarakter daşıyır. Amma bunu bəziləri siyasiləşdirməyə çalışır. O bildirib ki, bəzi qüvvələr gəncləri öz məqsədləri üçün istifadə edir, milli məsələlər əvəzinə, ölkədə sabitliyi pozmaq üçün alət edirlər. S.Lavrov Ermənistanda baş verənləri Ukraynadakı Maydan hərəkatına bənzədib, gəncləri Qərbin çağırışlarına uymamağa çağırıb: "Siz rəngli inqilabların nə olduğunu bilirsiniz. Ukraynada Maydan və Ermənistandakı indiki hadisələr bir-birinə çox bənzəyir. Bu hərəkətlərlə gənclərdə həvəs oyadırlar ki, dövlət əleyhinə əhval-ruhiyyəni korlasınlar, mövcud hakimiyyətə təzyiqi artırsınlar və bununla da öz məqsədləri üçün istifadə etsinlər. Hərçənd, bu hadisələrin kökü iqtisadi məsələdir. Amma görünən odur ki, bu hadisələri şişirtmək kimlər üçünsə faydalıdır və bundan siyasi açar kimi yararlanırlar".
. Xatırladaq ki, İrəvanda iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb.
Etirazın mitinqi iyunun 23-də axşam daha da genişlənib, Azadlıq meydanına toplaşaraq yenidən Baqramyan prospektinə gedib və indiyədək orada gecə-gündüz etirazlarını davam etdirirlər. Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşacaq.