Əlaqə Arxiv
news Image
2015.07.07
07:00
| A A A
Cəbhədə ermənilərin itkisi çoxalır
Zahid Oruc: “Bu vəziyyət Azərbaycanın Qarabağ üzərində gücünün ifadəsidir və ermənilər bundan sonrakı dönəmlərdə belə itkilərlə çox üzləşəcək” Mais Gülalıyev: “Pilotsuz təyyarələrlə bağlı erməni təxribatının məqsədi daxildəki gərginliyi cəbhə zonasına yönəltməyə hesablanıb”

İşğalçı Ermənistan sərhəd boyu ərazilərdə təxribat törətməkdə davam edir. Lakin hər dəfə də layiqli cavablarını alırlar. Elə bu günlərdə təmas xəttini pozan Ermənistana məxsus iki pilotsuz təyyarə Azərbaycan Ordusu tərəfindən vurulub.

Məlumata görə, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahli qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Bundan öncə də da təmas xəttini keçməyə cəhd edən bir erməni helikopteri və pilotsuz təyyarəsi vurulmuşdu. Bu faktlar onu göstərir ki, atəşkəs rejiminin olmasına baxmayaraq, Ermənistan təxribat xarakterli hərəkətlərinə son qoymayıb. Millət vəkili Zahid Oruc bildirdi ki, Ermənistanın kəşfiyyat xarakteri daşıyan bu təxribatı Azərbaycan Ordusunun güclənməsindən onların ciddi narahat olmalarının nəticəsidir: "Belə pilotsuz uçan aparatlar əsasən kəşfiyyat məqsədi daşıyaraq müxtəlif ərazilərə göndərilir. Casus uçan aparatlar hazırkı dövrdə dünyada hərbi sistemdə geniş şəkildə tətbiq olunmaqdadır. Ermənilərin buraxdığı və Azərbaycan əsgərləri tərəfindən vurulan pilotsuz təyyarələr də görünür, məhz kəşfiyyat xarakteri daşıyıb. Bu tip hərbi texnika kifayət qədər bahalı resurslardır. Ermənistanın bu tip texnikanı haradan alması da təbii ki, sual doğurmur. Məsələnin ən önəmli cəhəti isə odur ki, artıq Azərbaycanın hərbi sistemi kifayət qədər təcrübə toplayıb, onun peşəkarlıq səviyyəsi xeyli dərəcədə artıb. Azərbaycanın gücü o qədər artıb ki, artıq düşmənin hər bir təxribatına ciddi şəkildə cavab vermək gücündədir. Erməni pilotsuz təyyarələrin vurulması ilə bağlı baş verən son hadisə sübut edir ki, artıq Azərbaycanda ön cəbhədə gərəkən bütün resurslar, texnika və texnologiya qurulub. Bu yöndə Milli Məclisin Təhlükəsizlik Komitəsi üzvü kimi bizim də çoxlu məlumatlarımız var. Cənab Zakir Həsənovun dəfələrlə bildirməsi ki, Qarabağda hərbi balans bütövlükdə Azərbaycanın xeyrinə dəyişib, bütün bunların araxasında real əməllər, Ali Baş Komandanın qoyduğu tapşırıqlara düzgün və dürüst, vaxtında və zamanında əməl etməyə dayanır. Beləliklə, düşmən tərəfinin növbəti hərbi texnikası zərərsizləşdirilirsə, bu, o deməkdir ki, onlara külli-miqdarda maddi və mənəvi ziyan vurulur.

Eyni zamanda həmin pilotsuz təyyarələrin vurulması həmin ərazilərin kəşfiyyat materiallarını götürməyə, canlı texnikanı müəyyənləşdirməyə yol verən bütün görüntülərin qarsının alınması anlamındadır. Bizim üçün o coğrafiyalar tanış ərazilərdir. Amma real hərbi şəraitdə bütün bunlar ayrı məna daşıyır. Hər bir relyef şəraiti özü ayrıca bir taktika tələb edir. Orada mühüm planlar qurub, ona adekvat da fəaliyyət göstərilməlidir. Ona görə hesab edirəm ki, Azərbaycanın hərbi gücünün artması Qarabağda hiss olunur. Bu da açıq-aşkar erməni tərəfini narahat edir. Ermənistandakı daxili siyasi böhran da Azərbaycanın bütün parametrlər üzrə gücünün artması ilə əlaqədardır. Zəif Azərbaycan halında Ermənistanda hadisələr belə cərəyan etməzdi. Ona görə də düşünürəm ki, Qarabağ artıq Ermənistan üçün problemlər doğurmaqdadır, onlar üçün başağrısına çevrilir. Onlar üçün daşınması çətin olan ağır yükdür. Ermənistandakı siyasi həyatı keçən əsrin 90-cı illərində Qarabağ vasitəsilə tənzimləyə bilirdilər. İndi isə əksinə, Qarabağ Ermənistanı idarə edir və özü üçün çox pis istiqamətə aparır. Bütün cəhətlərinə görə Qarabağ Ermənistan üçün qəbirstanlığa çevrilir. Ona görə düşünürəm ki, Azərbaycan tərəfi gündəlik apardığı müharibə, hər gün vurduğu ziyanlarla Ermənistanı çökdürür. Serj Sarkisyan rejiminin yerinə başqa bir qüvvə gəlsə də, onlar uğur qazana bilməyəcək. Çünki, Azərbaycan və Türkiyə ilə münasibət saxlamadan üçüncü ölkələr hesabına Ermənistan yaşaya bilməz. Hər bir ölkənin quruculuğunun xarici iqtisadi siyasət modeli var. Ermənilər isə buna əməl etmirlər. Ona görə də

qeyd etdiyimiz son hadisələr Azərbaycanın Qarabağ üzərindək gücünün ifadəsidir və ermənilər bundan sonrakı dönəmlərdə belə itkilərlə çox üzləşəcəklər".

Politoloq Mais Gülalıyev də qeyd etdi ki, pilotsuz təyyarələri buraxmaqla Ermənistan tərəfi təxribat törətməyə çalışır ki, bununla da ictimaiyyətin diqqətini daxildəki gərginlikdən uzaqlaşdıra bilsin: "İstənilən bir hərbi texnika və aparatın sərhədi qanunsuz keçməsi halında Azərbaycan Ordusu reaksiya verərək onu məhv etməlidir. İcazəsiz, düşmən bir ölkənin hərbi təyyarə və yaxud pilotsuz təyyarəsinin sərhədi keçməsi müstəqilliyə bir təhdiddir. Ona görə də Azərbaycan Ordusu tərəfindən vaxtında belə təxribatların qarşısı alınır.

Ermənistan tərəfi hazırda cəbhə xəttində sakitliyin olmamasında maraqlıdır. Ermənistan daxilində vəziyyətin qarma-qarışıq olması fonunda cəmiyyətdə bir xof yaratmaq üçün İrəvan hakimiyyəti düşmən obrazını böyütməyə və təhlükənin olmasını ictimaiyyətə çatdırmağa meylli olur. Ermənistanda hazırda siyasi vəziyyət ciddi şəkildə qarışıb. Belə olan halda Ermənistan hakimiyyəti nə qədər mümkündürsə, ictimaiyyətin diqqətini daxili problemlərdən uzaqlaşdıraraq, cəbhə xəttinə yönltməyə çalışır. Çalışır ki, hansısa bir formada Azərbaycan tərəfi təxribata uysun və silahlı münaqişə güclənsin. Belə olan halda da ictimaiyyətin fikrini daxili problemlərdən uzaqlaşdıra bilsinlər. İndiki halda Ermənistan tərəfinin pilotsuz təyyarələri təmas xəttinə göndərməsilə bağlı atdığı addımların yalnız bir səbəbi ola bilər. Bu da dediyim kimi, cəmiyyətin diqqətini daxildəki gərgin durumdan uzaqlaşdırmaq niyyətindən ibarətdir. Onlar bilir ki, Azərbaycan Ermənistandan hərbi baxımdan da qat-qat güclüdür. İstənilən halda Azərbaycan tərəfi torpaqların azad olunması yolunda uğur qazana bilər. Sadəcə olaraq, Azərbaycan hökumətinin dəfələrlə dediyi kimi, hələ dinc variantlardan istifadə imkanları tükənməyib. Ancaq Ermənistan tərəfi güc tətbiq etməyə cəhd edəcəksə, onun qarşısı da Azərbaycan Ordusu tərəfindən asanlıqla alınacaq. İndiki halda pilotsuz aparatlardan istifadə etməklə, ermənilən ancaq təxribat törətmək istəyir ki, Azərbaycan buna reaksiya versin, silahlı münaqişə alovlansın və beləliklə, ictimaiyyətin fikri Erməistan cəmiyyətindəki daxili-siyasi qarşıdurmadan ayrılsın".

Sizin Reklam Yeriniz