"Ermənistan təkcə Robert Volteri deyil, Sərsəng su anbarı ilə bağlı Avropa Şurasının təyin etdiyi məruzəçi Militsa Markoviçi də öz ərazisinə buraxmır". Bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Robert Volterin Ermənistana və Dağlıq Qarabağa buraxılmamasına münasibət bildirərkən deyib: "Məni erməni tərəfinin mövqeyi heç cür təəccübləndirmir. Bunu biz dəfələrlə görmüşük. Eyni addımları biz atsaq və hansısa məruzəçinin Azərbaycana gəlməsinə yol verməsək, AŞ PA rəhbərliyi bəyanatı bəyanat arxasınca verər. Hanı bu bəyanatlar? Bu, onu göstərir ki, hazırkı AŞ PA rəhbərliyi obyektiv mövqedə dayanmır. Onlar çox ciddi şəkildə bu məsələyə müdaxilə etməli, bəyanatlar verməli, Ermənistana təzyiq göstərməlidir".
Siyasi şərhçilər hazırad Ermənistana təzyiq göstərməməməsini iki amillə bağlayırlar. Qeyd olunur ki, Ermənistan beynəlxalq hüquqa hörmətsiz yanaşdığı qədər Avropa Şurası ikili standartlarla çıxış edir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirir ki, bu, Avropa Şurasının təməl sənədlərinə ciddi hörmətsizlikdir: "Elə Avropa Şurasının vitse-prezident Avropa Şurasının sənədlərinə Ermənistandan da böyük hörmətsizlik nümayiş etdirib. Ona görə də Ermənistanın bu addımına Avropa Şurasının reaksiyası çox maraq kəsb edir. Amma istənilən halda Ermənistanın istənilən şıltaqlığına göz yumulacaq. Çünki, Avropa Şurasında onu dəstəkləyən lobbi qrupu Ermənistanın arxasında durur. Mütləq onun bu hərəkətlərinə bəraət qazandıracaq".
Millət vəkili qeyd etdi ki, Ermənistanın bu hərəkətlərinin cəzası olmalıdır: "Arvopa Şurasının prosedur qaydalarına əsasən, müəyyən qərarlar qəbul edilməlidir. Ancaq düşünmürəm ki, cəza tədbiri olsun. Ermənistanın istənilən hərəkətinə göz yumulacaq".
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri bildirdi ki, Ermənistan Avropa Şurasına üzv olanda həmin qurum qarşısında öhdəliklər götürüb: "Bu öhdəlikləri Ermənistan yerinə yetirmək məcburiyyətindədir. Çünki, Avropa Şurası Ermənistanı ora üzv olmağa xahişlə dəvət etməyib. Odur ki, Ermənistan götürdükləri öhdəliklərlə bağlı hesabat verməlidir. Ancaq bu gün Ermənistanda yüzlərlə problemlər varkən, eyni zamanda həmməruzəçiləri öz buraxmırsa, bunların qarşılığında ona qarşı cəza tədbirləri görülmürsə, bu, nədənsə xəbər verir. Əslində, Ermənistanın hərəkəti beynəlxalq hüquqa böyük hörmətsizlik, eyni zamanda beynəlxalq hüquqda ikili standartın tətbiqinin bariz nümunəsidir.
Ermənistan bilir ki, bu addımın qarşılığında hansısa cəza tədbiri olmayacaq. Əgər olacaqsa, Avropa Şurası bunu ortaya qoysun ki, bütün dünya görsün. Dünya bunu gördükcə, Ermənistan kimi dövlətlər cəzalandırıldıqca, digər dövlətlər də müəyyən qədər ibrət götürmüş olarlar. Amma hər kəs bilir ki, bu gün BMT, Avropa Şurası kimi qurumlar tamamilə nüfuzdan düşüb. Özfəaliyyətlərində iflic vəziyyətindədirlər. Hazırda beynəlxalq hüquq yalnız güc faktoru ilə işləyir. Əvvəlcə güc tətbiq edilir, ondan sonra beynəlxalq hüquq işləməyə başlayır. Hüquq, hüquq olaraq öndə olmalıdır. Bütün dövlətlərə də eyni səviyyədə tətbiq edilməlidir".