Əlaqə Arxiv
news Image
2015.07.09
10:30
| A A A
Azərbaycanın Ermənistan üzərində daha bir mühüm qələbəsi
Elman Nəsirli: “Bütövlükdə bu sənəd münaqişənin həlli ilə bağlı Azərbaycanın hüquqi müstəvidə mövqelərini möhkəmləndirəcək bir adımdır” Adıgözəl Məmmədov: “Sənədin üstünlüyü odur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

Azərbaycan hüquqi müstəvidə Ermənistan üzərində növbəti uğurunu qazandı. ATƏT-in Parlament Assambleyasının Helsinkidə keçirilən yay sessiyasında Milli Məclisin deputatı, Assambleyanın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin hazırladığı "ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik" adlı qətnamə qəbul edilib. 19 maddədən ibarət qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri dəstəklənir. Qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud olan münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin, münaqişələr nəticəsində məcburi köçkün düşmüş insanların doğma yurdlarına qeyd-şərtsiz qaytarılmalarının zəruriliyi qeyd edilir. Beynəlxalq humanitar hüququn və insan haqlarının pozulmasına qəti etiraz edilən qətnamədə dövlətlərin cəzasızlığına son qoyulması, davamlı sülhün, ədalətin və barışın əldə edilməsi üçün müharibə cinayətləri, soyqırımı, insanlıq əleyhinə digər cinayətlər törədən şəxslərin mühakimə olunmaları tələbi irəli sürülür. Qətnamədə dövlətlərin sərhədlərinin, ərazi bütövlüyünün toxunulmazlığı və ərazilərin güc yolu ilə zəbt olunmasının qəbuledilməzliyi bildirilir. Həmçinin xalqların öz müqəddəratını təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir.

Onu da qeyd edək ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın qətnaməyə təklif etdiyi heç bir dəyişiklik dəstəklənməyib.

Politoloq Elman Nəsirli bu qətnaməni çox vacib sənəd hesab edir: "Çünki, Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı AP, AŞPA, ABŞ Dövlət Departamenti və digər qurumlar tərəfindən haqsız təzyiqlər olmuşdu. Bu kampaniya bu gün də aparılır. "ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik" adlı qətnamənin qəbul edilməsi mühüm siyasi hadisədir. Əvvəla, bu sənəddə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrə münasibət bildirilir. Sənəddə qeyd olunur ki, regiondakı münaqişələr ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında öz həllini tapmalıdır. Güc tətbiqi ilə sərhədlərin dəyişdirilməsi qeyri-mümkün hesab edilir. Adından da göründüyü kimi Helsinki prinsiplərinə sadiqlikdən söhbət gedir. Helsinki prinsipinin 1975-ci ildə qəbul edilmiş Yekun Aktı və məşhur 10 prinsipində ilk növbədə ərazi bütövlüyü, güc tətbiqi ilə sərhədlərin dəyişdirilməsinin qəbul edilməzliyi, ölkələrin daxili işlərinə qarışmamaq kimi mühüm beynəlxalq hüquq öz əksini tapıb. Bu baxımdan qəbul edilən qətnamə layihəsi bir daha Helsinki prinsiplərinə sadiqlik nümayiş etdirir".

Politoloq xatırlatdı ki, Azərbaycan dövləti beynəlxalq hüququn hər iki prinsipinə hörmətlə yanaşır: "Erməni xalqı da öz müqəddəratını təyin edib, Ermənistan dövləti yaradıb. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağdakı erməni icmasının ən yüksək muxtariyyət verilməsini hüququnu da Azərbaycan tanıyır. Sənəddəki əhəmiyyətli digər məqam odur ki, ATƏT PA öz sənədini həm də BMT TŞ-nın və digər beynəlxalq qurumların müvafiq sənədlərinə istinad edir. Eyni zamanda həmin sənədlər də münaqişənin həlli ilə bağlı yanaşmalara istinad edir. BMT TŞ məlum 4 qətnaməsində erməni hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması göstərilir. Beləliklə ATƏT PA-nın qəbul etdiyi bu sənəd ATƏT-in yaranmasının 40 illiyinə təsadüf etdiyindən xüsusi aktuallıq kəsb edir. Bütövlükdə bu sənəd münaqişənin həlli ilə bağlı Azərbaycanın hüquqi müstəvidə mövqelərini möhkəmləndirəcək bir adımdır".

Digər politoloq Adıgözəl Məmmədov bildirdi ki, beynəlxalq aləmdə hüquqi müstəvidə ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük əməyi olub: "Lissabon sammitində məhz Heydər Əliyevin cəsarətli mövqeyindən sonra Azərbaycanın ərazi bütövlüyü ATƏT səviyyəsində tanındı. Məsələyə bu təməl əsasında yanaşmalıyıq. Sənədin üstünlüyü odur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır".

Sizin Reklam Yeriniz