Əlaqə Arxiv
news Image
2015.07.09
11:15
| A A A
Xalq anti-Azərbaycan dairələrinə növbəti dəfə açıq mesaj verdi
Azər Həsrət: “Azərbaycan xalqı dünyaya göstərir ki, cənab Prezidentin arxasındadırlar, onun siyasətini dəstəkləyir” Elşən Musayev: “Əldə olunan uğurların özü əyani sübutdur ki, xalqla Prezident arasındakı bağlantı çox möhkəmdir”

Son araşdırmalar Azərbaycan Prezidentinin xalq arasında reytinqi 90 faizə yaxınlaşdığını göstərir. Bunu "Rəy" Monitorinq Mərkəzinin iyulun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri də təsdiq edir. Mərkəzdən verilən məlumata görə, cavablardan görünür ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.

Bu o kontekstdə baş verir ki, Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr xeyli fəallaşıb və buna cavab olaraq xalq Prezidenti ətrafında daha sıx birləşir. Elə rəy sorğusunun nəticələrini anti-Azərbaycan qüvvələrinə bir mesaj kimi də qiymətləndirmək olar.

Siyasi şərhçi Azər Həsrət bildirdi ki, keçirilən rəy sorğusu bir daha göstərdi ki, Azərbaycan xalqı öz Prezidentinə tam olaraq inanır: "Ona görə də məhz Prezident ətrafında birləşməyə üstünlük verirlər. Bu isə ölkəmizə qarşı pis niyyətdə olan, Azərbaycanın imicinə zərbə vurmaq istəyən qüvvələrə bir mesajdır ki, onların bu çirkin niyyətləri nə qədər çabalasalar belə, baş tutan deyil. Burada bir məqamı xüsusi olaraq vurğulamalıyıq. Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti ildən-ilə ölkəmizə yeni-yeni uğurlar bəxş edir. Azərbaycanda birmənalı olaraq, sabitlik qorunub saxlanılır. Azərbaycan davamlı iqtisadi inkişafa imza atıb. Ölkəmizdə vətəndaş sülhü mövcuddur, insanlar arasında dostluq, qardaşlıq yüksək səviyyədə təmin olunur. Azərbaycan həm də multikultural bir ölkədir, burada tolerantlıq ən yüksək həddədir. Təbii ki, bütün bunlar da ölkə əhalisinin ürəyincədir. Üstəlik ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və onun yüksək səviyyədə təşkili, bu zaman heç bir qüsura yol verilməməsi Azərbaycan Prezidentinin apardığı siyasətin doğruluğunu bir daha təsdiqlədi. Oyunların təşkili ölkənin birinci xanımı Mehriban Əliyevaya tapşırılmışdı, o da cənab Prezidentin dəstəyi ilə Oyunların təşkilini yüksək səviyyədə həyata keçirdi. Bu amilin özü də Azərbaycan xalqının gözündə Prezidentə olan inamı daha da gücləndirdi. Son keçirilən sorğularda Prezident seçicilərin 90 faizinin rəğbətini qazanıb, şübhə etmirəm ki, yaxın zamanlarda bu rəqəm daha da yüksələcək. Belə bir dəstəyin əldə edilməsi heç kimi təəccübləndirməməlidir. Bəzi xarici dairələrin Azərbaycana qarşı qarayaxma kampaniyası işığında bu hadisənin baş verməsi xüsusilə təqdirəlayiq hadisədir. Hər halda bununla Azərbaycan xalqı dünyaya göstərir ki, cənab Prezidentin arxasındadırlar, onun siyasətini dəstəkləyir və kimlərsə hardasa, hansısa məsələdə Azərbaycanla bağlı uyğurmalaya yol verirsə, gözlərini geniş açıb ölkəmizə diqqətlə baxsınlar, Azərbaycanda Prezidentlə xalq arasında heç bir ayrı-seçkilikdən, uçurumdan söhbət belə gedə bilməz. Bu, həmin qüvvələrə bir mesajdır. Dünyada belə məsələləri araşdıran mərkəzlər gərəkdir ki, həmin mesajı vaxtında və diqqətlə öyrənsinlər. Öyrənsinlər ki, Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası heç bir fayda verməyəcək, bunu özləri üçün qət etsələr, yaxşıdır".

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də qeyd etdi ki, keçirilən rəy sorğusunun nəticəsi onu göstərir ki, anti-Azərbaycan qüvvələri ölkəmizə qarşı çıxmaqla əslində, özlərini pis vəziyyətə salırlar: "Ulu öndər Heydər Əliyev hakimiyyətə gələn dövrdən Azərbaycanda belə bir tendensiya formalaşıb ki, Qərbin, Rusiyanın və digər qüvvənin mövqeyinin ölkəmiz, buradakı ictimai rəy üçün heç bir əhəmiyyəti yoxdur. Heydər Əliyev dövrünə qədər kim istəyibsə, Azərbaycanda çevriliş edib, bura öz rəngini qatıb, məmurunu dəyişib. Amma Heydər Əliyev dövründən başlayaraq həmin dairələr bunları edə bilməyiblər. Bunun da səbəbi odur ki, xalqla iqtidar arasında dünyada görünməyən bir birlik, təmas yaranıb. Prezident İlham Əliyevin dövründə də bu birlik mövcuddur. Son prezident seçkiləri İlham Əliyevin xalq tərəfindən nə qədər dəstəyə malik olduğuna əyani sübutdur. Əldə olunan uğurların özü əyani sübutdur ki, xalqla Prezident arasındakı bağlantı çox möhkəmdir. İqtidarla xaqlın birliyi olmayan yerdə heç bir uğurdan söhbət açmaq olmaz. Bütün uğurların təməli həmin münasibətlər üzərində qurulub. Təbii ki, Qərb bu gün Azərbaycan üzərindən özlərinə xas bir demokratiya havası əsdirmək istəyir. Amma bizim üçün demokratiya, insan hüquqları da Azərbaycan xalqının maraqlarını qorumaqdır. Gözümüzün qarşısında "gözü çıxmış qardaşlarımız" - Ukrayna, Gürcüstan var. Qərb onları öz aləmində himayə edir, amma hansı duruma saldığı da göz önündədir. Ümumiyyətlə, öz daxili və xarici siyasətini hansısa dövlətin diqtəsilə həyata keçirən ölkələrin sonu bəllidir. Ona görə də biz heç kimdən dərs almaq istəmirik. İlham Əliyev Azərbaycanın daxili və xarici siyasətini ən mükəmməl və gözəl şəkildə yürüdən bir insandır. İlham Əliyevin xalqın böyük dəstəyini qazanması və bunun aparılan sorğularla təsdiqini tapması anti-Azərbaycan qüvvələrinə birbaşa olaraq mesajdır ki, onlar hansı cəhdlərdə bulunsalar da belə, Azərbaycanda xalqa arxa olan iqtidarı öz yolundan dəyişdirə bilməyəcəklər. Bu ölkədə hər şeyi xalqın iradəsi müəyyən edir. Ölkəmizdə xalq prezident ətrafında daha sıx birləşməkdə davam edir. Ona görə də anti-Azərbaycan qüvvələrinin bütün bu arzularını gözündə qoyacağıq".

Sizin Reklam Yeriniz