Əlaqə Arxiv
news Image
2015.07.10
10:30
| A A A
Qərb Azərbaycana qarşı yenə ikiüzlülüyünü göstərdi
Mais Gülalıyev: “Qərb ölkələrinin erməni separatçılarını dəstəkləməsi region üçün ciddi təhlükələr yarada bilər” Elşən Manafov: “Qərb Azərbaycana münasibətdə Dağlıq Qarabağ probleminin tənzimlənməsi məsələsində səmimi deyil”

Qərbin bəzi dairələrinin I Avropa Oyunları dönəmində ölkəmizə qarşı apardıqları çirkin anti-Azərbaycan kampaniyası iflasa uğradı. Azərbaycan həmin dövrdə Oyunları yüksək səviyyədə təşkil etməklə ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara güclü zərbə vurmağı bacardı. Hadisələrin gedişi göstərdi ki, düşmən qüvvələr nə etsələr, hansı addımlar atsalar da Azərbayacnı öz yolundan döndərə bilmədilər. Bu fonda isə Qərbdəki müəyyən qüvvələr Dağlıq Qarabağdakı separatçılarla əlaqələri gücləndirməyə çalışırlar. Belə ki, bu günlərdə separatçı rejimin rəhbəri Bako Saakyan Böyük Britaniyada səfərdə olub. Bundan bir müddət əvvəl isə separatçıların lideri Parisə də getmişdi. Bundan başqa, ABŞ uzun illərdir ki, Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə dəstəyi verir. Belədə görünür, apardıqları qara yaxma kampaniyası iflasa uğrayan Qərb dairələri indi də separatçıları dəstəkləməklə separatizmə rəvac verirlər. Politoloq Mais Gülalıyev düşünür ki, Qərb dairələri "parçala və hökm sür" siyasətinə əsaslanaraq, separatçılarla əlaqəyə girməklə, Azərbaycanı daim təhdid altında saxlamaq istəyir: "Qərb ölkələrinin erməni separatçılarını dəstəkləməsi region və Azərbaycan üçün ciddi təhlükələr yarada bilər. Azərbaycanla Ermənistan arasında gedən kəskin konflikt şəraitində Qarabağdakı separatçı rejiminə hər hansı formada dəstək göstərmək, hətta bunu siyasi nönteyi-nəzərdən etiraf etmək, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çox ciddi təhlükələr yarada bilər. Onlar birdəfəlik dərk etməlidir ki, nə Azərbaycan xalqı, nə də hökuməti bir qarış torpağın olsa da itirilməsilə barışmayacaq, bu torpaqları heç kimə güzəştə getməyəcək. Bu təkcə şərəf məsələsi deyil, dövlətçilik, gələcək təhlükəsizlik məsələsilə ilə də bağlıdır. Bu gün Ermənistan 20 faiz torpaqlarımızı işğal edib, sabah başqa bir iddiada ola bilərlər. Ona görə də separatçılara dəstək verilməsi, onların qondarma liderlərini qəbul etmək kimi presedentlərə imkan vermək olmaz. Mütləq olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Qərb Azərbaycana və digər ölkələrə münasibətdə belə bir siyasət həyata keçirir ki, yaxın qonşu ölkə və xal qlar arasında yaxşı münasibətlər olmasın. Onlar dünyanın həmişə gərgin vəziyyətdə qalmasında maraqlıdırlar. Gərgin olan dünyaya bu yolla da təzyiq göstərməyə çalışırlar. Cənubi Qafqazdakı konfliktləri həll etmək əvəzinə, münaqişə tərəflərinə təzyiq etmək üçün münaqişəni həmişə alovlandırmaqda maraqlı olublar. Son hadisələr göstərir ki, Ermənistan cəmiyyətində də əksəriyyət Qarabağ probleminin tezliklə həll olunmasını istəyir. Onlar da dərk edir ki, Azərbaycan öz işğal olunmuş torpağını heç kimə güzəştə getməyəcək. Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üçün işğal olunmuş torpaqlar geri qaytarılmalıdır, qonşular arasında normal münasibətlər qurulmalıdır. Ermənistanda da bir çoxları dərk edir ki, ölkələrinin iqtisadi çətinlikdən qurtarılmasının yeganə yolu İrəvanın regional layihələrə qoşulmasından keçir. Bu da ancaq Azərbaycanın işğal olunan torpaqlarının azad edilməsindən sonra mümkündür. Qərb isə istəmir ki, işğalçı dövlər özünü təcrid siyasətindən əl çəkib, inteqrasiya prosesinə qoşulsun. Hansı iki-üç ölkə bir-birinə yaxınlaşmaq istədikdə, Qərb dərhal həmin ölkələrdə separatizm, dini qarşıdurma toxumu səpərək, insan hüquqları, milli azlıqların hüquqlarının pozulması adı ilə vəziyyəti gərginləşdirməyə, ölkələr arasında nifaq salmağa çalışır. Çünki, belə olduqda onlara görə hər birini idarə etmək asandır".

Politoloq Elşən Manafovun fikrincə, separatçı Saakyanla əlaqə yaratmaqla Qərb Azərbaycanın mövcud probleminə münasibətdə səmimi olmadığını bir daha ortaya qoydu: "Son zamanlar Qərbdə Azərbaycana qarşı bilirsiniz ki, təhdidedici addımlar həyata keçirilir. Dağlıq Qarabağdakı separatçı rejimin Qərbin müəyyən dairələri tərəfindən qəbul olunması bir daha onu təsdiq edir ki, Qərb Azərbaycana münasibətdə problemin tənzimlənməsi məsələsində səmimi deyil. Onlar ikili standartlardan çıxış edirlər. Qarabağdakı separatçı rejim rəsmiləri ABŞ, Avropa Birliyində təmsil olunan dövlətlər tərəfindən də zaman-zaman qəbul olunub, onlarla müəyyən danışıqlar aparılıb. Hətta Qarabağa humanitar yardım adı altında bu və ya digər marafon yarışları da keçirilib. Zaman-zaman ABŞ Konqresi Azərbaycanın başı üzərindən Dağlıq Qarabağ separatçılarına humanitar yardım adı ilə maliyyə dəstəyi verib. ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər Dağlıq Qarabağ probleminin BMT-dəki müzakirəsi zamanı ikili standartlardan çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni sual altında qoydular. Azərbaycanın iqtisadi baxımdan güclənməsi, hərbi gücünü artırması, regional dövlər olaraq ortaya qoyduğu müstəqil siyasət Qərbin istəyinə cavab vermir. Ona görə də Azərbaycana qarşı təzyiqləri artırmaq yolunu tutublar. Ermənistanda əhalinin sosial-iqtisadi durumu ağır vəziyyətdədir, insan haqları addımbaşı pozulur, buna Qərb reaksiya bildirmir, amma Azərbaycanda ən kiçik olaya münasibətdə Qərb beləcə hay-küy qaldırır. Bu da aydın məsələdir ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətlə bağlıdır. Qərb ölkəmizin də onların öz diqtəsilə hərəkət etməsini istəyir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, müstəqil dövlət olaraq ölkəmiz istər Qərb, istərsə də digər dövlətlərlə münasibətləri qarşılıqlı əməkdaşlıq, qarşılıqlı anlaşma, birgə mənfəət, hörmət prinsipləri əsasında qurur. Proses qarşılıqlı olmasa, təbii ki, Azərbaycan da həmin dövlətlərlə münasibəti başqa müstəviyə keçirə bilər. Güman edirəm ki, Azərbaycanda həyata keçirilən siyasət, ordumuzun güclənməsi ölkəmizə Qərb tərəfindən olacaq təzyiqlərin bundan sonra da arta biləcəyini ortaya qoyur. Amma bu təzyiqlər qarşısında Azərbaycan duruş gətirmək gücündə olan bir ölkədir. Maliyyə ehtiyatlarımız genişdir. Keçirilən Avropa Oyunları, əldə olunan stabillik göstərir ki, Azərbaycan gerçəkdən doğru yoldadır və belə bir dövlətlə təhdid yolu ilə danışmaq heç bir ciddi səmərə verməyəcək".

Sizin Reklam Yeriniz