Əlaqə Arxiv
news Image
2015.07.16
10:00
| A A A
Avropanın zülmətli qürubu
Mais Gülalıyev: “Avropa ölkələrində ksenofobiyanın, islamofobiyanın artması, antisemitizmin genişlənməsi, faşizm, irqçilik meyllərinin yenidən alovlanması narahatedici faktorlardır”

Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin son iclasında bu məsələyə də toxundu. Xüsusən də bildirdi ki, bu gün Avropada mənəvi böhran yaşanır, burada faşizm, islamofobiya, irqçilik geniş vüsət alıb.

Həqiqətən də Avropa ölkələrinin iqtisadiyyatında əvvəlki illərdə müşahidə olunan yüksəlişdən əsər-əlamət yoxdur. Bu ölkələr ciddi böhran içindədir. Başqa bir məqam isə odur ki, hər zaman demokratiya və insan haqlarından dəm vuran Qərb dünyasında bu gün addımbaşı insan haqları tapdanır. Avropa hazırda insanlığa zidd olan faşizm, islamofobiya, irqçilik burulğanında boğulur. Gəlmələrə bu ölkələrdə sanki ikinci sort insanlar kimi baxırlar. Bundan başqa, Avropa mənəvi cəhətdən də deqradasiyaya uğrayıb. Qitə ölkələri bir-birinin ardınca eyni cinslilərin ailə qurmasına icazə verir, faşizm, islamofobiya, irqçilik çiçəklənir. Digər tərəfdən, Qərb ölkələri öz dövlətlərindəki problemləri aradan qaldırmaq əvəzinə, başqa ölkələrin daxili işlərinə qarışmaq kursu götürüb. Bununla da özlərinin də imzaladıqları beynəlxalq hüququ pozurlar.

Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq Mais Gülalıyev qeyd edir: "Cənab Prezidentin Nazirlər Kabinetinin son iclasında çıxışını diqqətlə izlədim. O, bu çıxışında çox ciddi məqamlara toxundu. Düşünürəm ki, bu məqamları siyasətçilər, iqtisadçılar, həm də cəmiyyət ciddi şəkildə analiz etməli və buradan çıxan nəticələri də özlərinin gündəlik fəaliyyətində nəzərə almalıdırlar. Çıxışın ən ciddi məqamlarından biri ondan ibarət idi ki, Azərbaycan Prezidenti ölkəmizin nə dərəcədə müstəqil olduğunu, müstəqil siyasət yeritdiyini bir daha diqqətə çatdırdı. Azərbaycanın öz dəyərləri, inkişaf yolu vardır. Müstəqil dövlətik və dövlətin cəmiyyətlə olan hər bir fəaliyyəti heç kəs tərəfindən sındırıla bilməz. Çıxışda Prezident aydın şəkildə bildirdi ki, Qərb dövlətləri tərəfindən Azərbaycana yönəlik həyata keçirilən siyasət mahiyyət etibarı ilə səhvdir. Ölkəmizlə bu cür diqtə ilə danışmaq və bu diqtənin daxilində dağıdıcı elementlərin olması fonunda cəmiyyət hiss etməlidir ki, bu sözlərin arxasında Azərbaycan cəmiyyəti üçün o qədər də zəruri olmayan elementlər var. Xüsusən son dövrlər Avropa ölkələrində ksenofobiyanın, islamofobiyanın artması, antisemitizmin genişlənməsi, faşizm, irqçilik meyllərinin yenidən alovlanması narahatedici faktorlardır. Avropanın tarixində həmişə ciddi dağıdıcılıq fəaliyyəti olub. Bəşəriyyət tarixində iki böyük dağıdıcı müharibə olub ki, onun da hər ikisi məhz Avropada alovlanıb. Hansı ki, bu müharibələr milyonlarla insanın həyatına son qoyub. İkinci Dünya Müharibəsində 60 milyon insan məhv edilib. Avropanın son 50 ildə dünyaya dərs keçməsi, dünyanı tolerantlıq, insan hüquqları adı ilə aldatmağa çalışması gəlişi gözəl olan sözlərdən başqa bir şey deyil. Bütün bunları götürdükdə, belə demək olar ki, Avropa son 50 ildə əldə etdiyi iqtisadi inkişafı ilə qürrələnə bilməz. Onsuz da artıq bir neçə ildir Avropanın iqtisadi inkişafı da problemlərlə üz-üzədir. Buradakı ölkələrin bir çoxunu böhran dalğası bürüyüb ki, hələ də onlar həmin dalğadan qurtula bilməyiblər. Yəni, Avropanın keçmişi insanlığa qarşı yönələn fəaliyyət, qara ləkələrlə doludur.

Orta əsrlərdə baş verən səlib yürüşlərini də Avropa həyata keçirmişdi ki, onun da nəticəsində milyonlarla insan qırılmışdı. İndinin özündə də Qərb müxtəlif adla səlib yürüşünü davam etdirir. İraq, Suriya, Liviya, Əfqanıstanın praktik olaraq dağıdılması məhz Avropanın gəlişi gözəl olan demokratiyası ilə bağlıdır. Digər ölkələri isə investisiyalar, transmilli şirkətləri cəlb etmək adı ilə onların iqtisadi və maliyyə sistemlərini dağıdırlar. Bütün bunlara əsasən real olaraq söyləmək olar ki, Avropa demokratiyası nə qədər ölkənin, burada yaşayan insanların xoşbəxt gələcəklərinin üzərindən xətt çəkib. Ona görə də Prezidentin çıxışda səsləndirdiyi həmin fikirlər ciddi şəkildə öyrənilməlidir. Buradan nəticə çıxarılmalıdır ki, gələcəkdə Azərbaycanın qonşu və Avropa ölkələrilə münasibəti hansı səviyyədə qurulmalıdır. Azərbaycanın son 15-20 ildə həyata keçirdiyi xarici siyasət düzgün istiqamətdədir. Azərbaycan xarici siyasətində balanslı münasibətləri saxlamağa çalışır. Heç bir blok və birliklərə qoşulmamaq yolunu tutmuşuq. Beləliklə də öz müstəqilliyimizi möhkəmləndirir və regionda marağı olan digər ölkələrlə də dost münasibəti qoruyub saxlamağı nəzərdə tuturuq. Əlbəttə, dövlətimiz tərəfindən həyata keçirilən bu siyasət cəmiyyət tərəfindən də dəstəklənir. Belədə cəmiyyət çalışacaq ki, gələcəkdə də bu balanslı siyasət inkişaf etsin və ölkəmizin sabitliyi qorunsun".

Sizin Reklam Yeriniz