Əlaqə Arxiv
news Image
2015.07.22
09:00
| A A A
Qarabağda antiterror əməliyyatları
Natiq Miri: “Ermənistan Azərbaycan torpaqlarını azad etmək yolunda konkret öhdəlik götürərək, bunu reallaşdırmasa, savaş qaçılmaz olacaq” Elman Nəsirov: “ABŞ və müttəfiqlərini hədəfə alan terror təşkilatları Ermənistan dövləti və ASALA ilə sıx, koordinasiya olunmuş fəaliyyət göstərirlər”

Türkiyənin Şanlıurfa bölgəsində baş verən terror hadisəsi dünyanın diqqətini yenidən terror üzərində cəmlədi. Qeyd edək ki, həmin terror olayı nəticəsində 32 nəfər ölüb, yaralıların sayı isə 100-ə yaxındır. Bu olay bir daha terrorun kifayət qədər təhlükəli olduğunu bir daha göstərir.

Bilindiyi kimi Azərbaycan da uzun illərdir erməni terroru ilə üz-üzədir. Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarını boşlatmır və bu yerlərdə terrorçular məskən salıb. Bu isə onu göstərir ki, karbohidrogen ehtiyatları ilə zəngin və buna görə də dünyanın diqqət mərkəzində olan bölgəmiz erməni terroru təhdidi altında qalmaqda davam edir. Bu fonda vacib sayılır ki, dünya birliyi Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatlarına başlmasına tam dəstək verməlidir.

Politoloq Natiq Miri Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatı keçirməsinə dünya birliyinin dəstək verməsilə bağlıbildirir: "Türkiyə ərazisində baş verən terroru dünyanın terror təşkilatı kimi tanıdığı və mübarizə apardığı İŞİD qruplaşması həyata keçirib. Ölkəmizə gəlincə isə, son zamanlar Azərbaycanın öz torpaqlarını qaytarmaq istiqamətində intensiv hərbi hazırlıqlara başlaması Ermənistanın havadarları olan Rusiyanı, Qərb dünyasını ciddi narahat etməyə başlayıb. Son zamanlar Azərbaycan xarici işlər nazirinin intensiv olaraq Rusiyaya səfər etməsi, Avropa Birliyi rəhbərliyinin Azərbaycanla Ermənistana səfər etməsi göstərir ki, onlar arasında həqiqətən də ciddi narahatlılıq var. Sadəcə, Qərb-İran anlaşması kontekstində gələcəkdə bu hadisənin Dağlıq Qarabağ probleminin həllinə də müəyyən dərəcədə yol açacağını düşünmək olar. Belə olan təqdirdə Dağlıq Qarabağ probleminin çözümü ilə bağlı prosesin intensivləşməsini görə bilərik ki, bu gün də hələlik müşahidə olunan odur. Ciddi mənada çözüm ortaya qoyulmasa və Ermənistan Azərbaycan torpaqlarını azad etmək yolunda konkret öhdəlik götürərək, bunu reallaşdırmasa, təbii ki, savaş qaçılmaz olacaq. Bundan ötrü də antiterror əməliyyatı keçirməyə lüzum yoxdur. Çünki, beynəlxalq hüquqa və ölkə Konstitusiyasına uyğun olaraq torpaqlarımızı azad etmək bilavasətə Azərbaycanın hüququdur.

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxlayır. Bu haqqı heç bir dünya dövləti, beynəlxalq qurum Azərbaycanın əlindən almayıb və ala da bilməz. Sadəcə, bunun üçün regional və qlobal səviyyədə beynəlxalq mühit yaranmalıdır. Düşünürəm ki, belə bir mühit var. İran-Qərb anlaşması fonunda bu məsələ çözülməsə, təbii ki, Azərbaycan torpaqlarını başqa yolla azad etmək məcburiyyətində qalacaq. Hazırlıqlar da bilavasitə onu göstərir".

Politoloq Elman Nəsirov qeyd etdi ki, terrorizmin kökünün kəsilməsini istəyən istənilən ölkə Azərbaycanın da torpaqları azad etmək üçün antiterror əməliyyatı keçirməsinə dəstək olmalıdır: "Türkiyədə baş verən son terror aktı bir daha göstərdi ki, beynəlxalq terrorizm müasir dünya üçün ən böyük təhlükə və dəhşət mənbəyidir. Onunla mübarizədə isə mütləq koordinasiya ounmuş şəkildə fəaliyyət göstərmək lazımdır. Terrorçunun yaxşı və pis olaraq bölünməsi qəbuledilməzdir. Onunla hər yerdə və hər zaman prinsipilə mübarizə aparılmalıdır. Məsələn, "Əl-Qaidə", "Taliban", İŞİD pisdir, amma ASALA, "Daşnaksütyun", PKK yaxşıdır yanaşması olacağı halda, bu bəlaya qalib gəlmək mümkün olmayacaq. Hesab edirəm ki, 11 sentyabr hadisələrindən sonra dünya bunu daha yaxşı dərk etdi. Supergüc olan ABŞ da gözəl dərk etdi ki, ancaq birləşmiş halda terrorizmə qarşı mübarizədə effekt əldə etmək mümkündür. Çünki beynəlxalq terrorizmin güclü immuniteti var, onlar qloballaşma dövrünün reallıqlarından istifadə edib, koordinasiya olunmuş və mütəşəkkil şəkildə fəaliyyət göstərirlər. Onlar bir-birinə dəstək verir. Bu reallıqdan çıxış edərək dünya onun da fərqində olmalıdır ki, Azərbaycan beynəlxalq antiterror hərəkatının fəal üzvü olaraq Ermənistanın terror siyasətinin qurbanı olub. Torpaqlarımızın 20 faizi işğal olunub. Bu işğal olunan nəzarətsiz ərazilərdə Ermənistan narkotiklərin qeyri-qanuni dövriyyəsilə məşğuldur və bu yolla əldə olunan gəlirlərin böyük hissəsini məhz terrorizmin maliyyələşdirməsinə xərcləyir. Bu da dünya üçün ciddi təhlükə mənbəyidir. Ona görə heç zaman dünyanın istənilən böyük dövləti arxayın olmasın ki, Cənubi Qafqazda Ermənistan adlı ölkənin timsalında mövcud olan terrorçu dövlət həmin böyük dövlətlərə də təhlükə olmayacaq. Belə düşünmək beynəlxalq terrorizmin nə qədər təhlükəli olduğunu düzgün anlamamaq deməkdir. Bu günləri ASALA ilə "Əl-Qaidə", "Taliban" və İŞİD arasında çox sıx əlaqələr var. Ən azı o səbəbdən ki, beynəlxalq terror təşkilatları bir-birinə dəstək olurlar. Deməli, Ermənistana qarşı da beynəlxalq birlik adekvat addım atmalıdır.

Eyni zamanda, Azərbaycanın öz torpaqlarını geri qaytarmaqla bağlı antiterror əməliyyatı keçirməsinə dəstək verməlidir. Çünki, burada söhbət təkcə ölkəmizin ərazi bütövlüyünün bərpasından deyil, eyni zamanda, böyük dövlətlərin özlərinin milli maraqlarına uyğun prosesdən gedir. ABŞ və müttəfiqlərini hədəfə alan terror təşkilatları Ermənistan dövləti və ASALA ilə sıx, koordinasiya olunmuş fəaliyyət göstərirlər. Ona görə Azərbaycan antiterror əməliyyatı keçirərsə, beynəlxalq birliyin ona loyal münasibət göstərməsinə ehtiyac var. Əks halda beynəlxalq terrorizm daha da inkişaf edəcək və fövqəldövlət başda olmaqla heç bir ölkə növbəti dəfə beynəlxalq terrorizmin hədəfi olacağından bu gün sığortalanmayıb. Türkiyədəki son hadisələr də bunu bir daha təsdiqlədi".

Sizin Reklam Yeriniz