Qərbin İranla razılığa gəlməsindən ən çox narahat olan tərəflərdən biri də Ermənistandır. İndi Qərblə əməkdaşlığını genişləndirən İranın Ermənistanla münasibətləri arxa plan keçirməsi gözlənilir. Bundan əlavə, İran Qərblə iqtisadi münasibətləri bərpa edərək Azərbaycanla da energetika və digər sahələrdə əməkdaşlıq etməkdə maraqlı görünür.
Bütün bunlar uzun zamandır hökm sürən İran-Ermənistan birliyinin sarsılması deməkdir ki, bu, cənub qonşumuzun Qarabağa münaqişəsinə münasibətində də mövqeyinin dəyişəcəyi anlamına gəlir. Daha doğrusu, İranın Ermənistanla iqtisadi münasibətlərini dondurması İrəvanın Qarabağ münaqişəsində mövqeyinə mütləq şəkildə təsir göstərəcək.
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri bildirir ki, artıq İranın Ermənistanla münasibətlərin zəifləyəcəyi barədə ehtimallar artır: "Bu fikirlərlə qismən razılaşmaq olar. Ancaq məsələ tam olaraq bu proses çərçivəsində inkişaf etməyəcək. İranın Azərabycanla iqtisadi münasibətləri dərinləşsə də, Ermənistanla əlaqələri tam kəsilməyəcək. Çünki, bütün hallarda Ermənistan Rusiya üçün olduğu kimi İran üçün də geosiyasi faktordur. Nəzərə almaq lazımdır ki, Ermənistan güclənməsini istəmədiyi türk dünyasının həmsərhəd ölkəsidir. Məhz bu geosiyasi fakta görə, Ermənistanla İran əlaqələri həmişə aktiv olub. Bundan sonra da aktiv olacağını düşünmək olar. Çünki, Azərbaycanın, xüsusi ilə də Türkiyənin güclənməsini İran heç bir halda qəbul etmir. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında coğrafi əngəl məhz Ermənistandır. Bu da Ermənistana geosiyasi dividendlər gətirir.
Ən nəhayət, İran bütün hallarda öz enerji daşıyıcılarını Avropa bazarına şaxələndirilmiş şəkildə çıxarmaqda maraqlıdır. Bu, İrana müəyyən üstünlüklər qazandırır. Bunun biri hazırda Azərbaycandan Avropaya gedən mövcud qaz kəmələridir. Bu kəmərlərə heç bir vəsait xərcləmədən İran sadəcə, tranzit xərci ödəməklə öz enerji daşıyıcılarını Avropa bazarına çıxara bilər. İkinci bir variant da var. İran qazını Ermənistan vasitəsi ilə Gürcüstan sərhəddinə qədər, ordan isə Qara dəniz vasitəsi ilə Avropaya çıxara bilər. Bunun üçün regionda mütləq sülh mühiti olmalıdır. Bunun mümkün olması üçün isə Ermənistan müstəqil strateji qərarlar verməyi bacarmalıdır. Çünki, məhz bu cür layihələrin həyata keçməsi üçün Ermənistan Rusiya əleyhinə müstəqil qərar verməlidir. Ermənistan Rusiyanın əyaləti olduqca, belə layihələrin həyata keçməsi mümkün olmayacaq. Ancaq Ermənistan gələcəyini düşünərək strateji qərar verə biləcəksə, ölkədə Dağlıq Qarabağ problemi həll olunacaq. Çünki, bunu artıq region dövlətləri – Türkiyə və İran, həmçinin, Qərb dünyası istəyir. Son zamanlar Qərb nümayəndələrinin istensiv Ermənistana səfəri çərçivəsində Ermənistan rəhbərliyinə İranla münasibətləri daha diplomatik qurmaq istiqamətində mesajlar verirlər. Bunlar İranla kommunikasiya xətlərinin qurulmasına bir işarədir.
Ermənistanın gələcəyi özünün əlindədir, rəhbərliyinin verəcəyi qərarlara bağlıdır. Lakin Ermənistan rəhbərliyinin müstəqil və strateji qərarlar verməsi vacibdir".