Əlaqə Arxiv
news Image
2015.07.30
09:00
| A A A
Ermənistana ağalıq edən xaricilərin sayı artacaq
Ölkədə xarici kreditorlardan asılılıq pik həddə çatır

Sosial və iqtisadi problemlərin getdikcə dərinləşdiyi Ermənistanı yenidən etiraz dalğası bürüyüb. İrəvanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxanlar meydanlara toplaşıblar. "Ayağa qalx, Ermənistan" hərəkatının yüzlərlə fəalı şəhərin mərkəzi küçəsində etiraz aksiyalarına başlayıblar.

Hakimiyyət güc yolu ilə aksiyaları dayandırmağa çalışsa da, hələik istədiyi nəticələrə nail olmayıb. Əksinə, bu gedişlə erməni iqtidarının devrilməsi tamamilə mümkün görünür. Rusiyalı politoloq Pavel Svyatenkov bu xüsusda maraqlı fikirlər səsləndirib: "İrəvanda elektrik tariflərinin artmasına etiraz olaraq başlayan aksiyalar davam edir və bu, Serj Sarkisyanın devrilməsinə gətirib çıxara bilər ". Onun sözlərinə görə, bu məqamda Ermənistanda qərbyönümlü liderin hakimiyyətə gəlişi müsbət hadisə olar: "Ermənistan Azərbaycanla və Türkiyə ilə problemlər yaşayır. Belə bir vaxtda qərbyönümlü liderin hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər. Yəni ABŞ-ın adamı iqtidarı ələ alacağı təqdirdə, Azərbaycan öz torpaqlarının azad olunması istiqamətində sürətlə hərəkətə keçəcək və Qərb də buna dəstək verəcək. Ermənistanda bundan qorxurlar. Eyni zamanda, onlar Ukrayna ssenarisi ilə üzləşəcəklərindən və Rusiya ilə münasibətlərin pozulacağından ehtiyat edirlər".

Hələlik isə ölkəni etiraz dalğası bürüyüb. Aksiyaların iştirakçıları hökuməti xalqı talamaqda ittiham edir. Vətəndaş hərəkatının fəalları Ermənistan prezidentini yalançı və soyğunçu adlandırıblar. Onlar bildiriblər ki, Serj Sarkisyanın iyunun 27-də etdiyi çıxışdan bir ay keçsə də, elektrik enerjisi taariflərinin aşağı salınması məsələsinə hələ də aydınlıq gətirilməyib. Bu səbəbdən də "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatının Məsləhət Şurası oturaq piket keçirməyə qərar verib. Ölkə iqtisadiyyatında xaotik durumun yaranması isə vəziyyəti daha sürətlə erməni iqtidarının əleühinə çevirir. Almaniyanın "Finansnaxrixten" qəzetində dərc edilən "Domino effekti" başlıqlı məqalədə vurğulanır ki, Yunanıstandan sonra sırada Ukrayna, ardınca isə Ermənistan və Gürcüstan da var. Yəni, Ermənistanı da Yunanıstanın taleyi gözləyir. Ermənistan hakimiyyəti isə iqtisadi problemləri yeni borclar hesabına həll etməkdə davam edir. Ölkədə xarici kreditorlardan asılılıq pik həddə çatıb. "Finansnaxrixten" qəzeti yazır ki, yüksək məbləğdə kredit götürən Ermənistan kimi ölkələri də Yunanıstanın düşdüyü böhran vəziyyəti ilə qarşılaşması qaçılmazdır.

Ümumiyyətlə, daxili çəkişmələr, iqtisadi çətinlik, miqrasiya problemilə üz-üzə qalan Ermənistanın həm də xarici borcunun çoxluğu təhlükəni bir qədər də artırır. Qeyd edək ki, məhz bu fonda Ermənistanın "Dövlət borcu haqqında" qanununda edilən dəyişiklik ciddi narahatçılığa yol açıb. Xatırladaq ki, yeni dəyişiklik hökumət borcunun dövlət borcu anlayışı ilə əvəz edilməsi haqdadır. Əvvəlki qanuna görə, xarici borc ümumi daxili məhsulun 60 faizindən yuxarı olmamalı idi. Yeni dəyişiklik isə bu məhdudiyyəti aradan qaldırır. Hazırda Ermənistanın xarici borcu 4,6 milyard dollara qədərdir. Bu, ümumdaxili məhsulun 52,8 faizini təşkil edir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2020-ci ilə qədər xarici borc ÜDM-in 62 faizinə bərabər olacaq. Bütün bunlar ölkəyə daha çox borc almaq üçün əlavə imkanlar yaradır. Ancaq bu, Ermənistanı xaricdən daha çox asılı hala düşməsinə səbəb olacaq. 2008-ci illə müqayisədə Ermənistanın xarici borcu 3 dəfə artıb. Həmin xarici borcu isə ödəmək üçün lazımi resurslar yoxdur. Məhz bu səbəbdən kreditorların Ermənistaan istədikləri şərtləri asanlıqla diqtə edəəcyi qaçılmaz sayılır. Bu da Ermənistanın vassal dövlət statusunu daha da möhkəmləndirəcək.

Bu günlərdə isə "Fitch" beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatını təhdid edən riskləri açıqlayıb. Agentlik Ermənistanın Rusiyadakı iqtisadi geriləmədən ciddi ziyan çəkdiyini bildirir.

Rusiyadakı iqtisadi geriləmənin Ermənistana təsiri əsasən erməni miqrantların göndərdiyi pulların azalmasındadır. Həmçinin Azərbaycan ərazilərini işğal altında saxlaması ucbatından Ermənistanın gərgin regional vəziyyəti iqtisadiyyat üçün əsas təhdidlərdən birini təşkil edir. Rusiyadakı miqrantların Ermənistana göndərdiyi pullar 2014-cü ildə bu ölkənın ÜDM-nin 13 faizini təşkil edirdi. Lakin bu ilin birinci beş ayında Rusiyadan göndərilən pullar 40 faiz azalıb. "Fitch" bildirir ki, bütün bu risklər Ermənistanda iqtisadi artım proqnozlarına yenidən baxılmasına səbəb olub. Agentlik bu il Ermənistanda iqtisadi artımın cəmi 0,5 faiz olacağını və ya ümmuiyyətlə olmayacağını açıqlayıb. "Fitch" habelə xəbərdarlıq edib ki, Ermənistanın geosiyasi vəziyyəti iqtisadiyyatı gərginlikdə saxlayır. Belə ki, Azərbaycanla münaqişə istənilən vaxt irimiqyaslı müharibəyə çevrilə bilər.

Sizin Reklam Yeriniz