"Artıq səbir etmək mümkün deyildi. Türkiyə hökuməti ciddi addımlar atmalıydı".
Movqe.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyadan Pakistana gedərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyənin Suriyanın şimalında terror təşkilatlarının yaranmasına müsbət baxmadığını vurğulayıb: "Bu məsələdəki qətiyyətimizi ABŞ da bilir. ABŞ Türkiyəyə qarşı təhdid yaradacaq ünsürlərin meydana gəlməsinə müsbət yanaşmır. Bu il iyulun 22-də prezident Barak Obama ilə telefonda İŞİD-ə qarşı mübarizə məsələsini geniş müzakirə etdik. Bundan dərhal sonra bir hərbçimiz şəhid oldu. Biz də İŞİD-ə qarşı əməliyyata başladıq. Həmin vaxt İraqın şimalında PKK terrorçuları təhlükəsizliyimizə təhdid yaradırdı. Onlara qarşı da addımlar atıldı. Əməliyyatlar davam edəcək. Türkiyə Cümhuriyyəti olaraq qərarlıyıq: Tək millət, tək dövlət, tək vətən, tək bayraq!"
Türkiyə prezidenti ABŞ-la Səudiyyə Ərəbistanı və Qətərin İŞİD-ə qarşı koalisiya qüvvələrinə daxil edilməsi məsələsinin müzakirə olunduğunu bildirib: "Həmçinin, Fransa və İngiltərənin də daxil olması mümkündür".
Ərdoğan Azərbaycan paytaxtında keçirilən I Avropa Oyunları zamanı Rusiya prezidenti Valdimir Putinlə də bu məsələni müzakirə etdiklərini xatırladıb: "Putinlə daha sonra telefonda da danışdıq. Onun Suriya ilə bağlı mövqeyində müsbət dəyişiklik hiss olunur. Əvvəlki kimi "Sona qədər Bəşər Əsədin yanındayıq" iddiasında deyil. Putinin Əsəddən imtina edə biləcəyinə inanıram".
Türkiyə prezidenti Çinə səfəri zamanı uyğur türklərinin vəziyyətinə dair aparılan müzakirələrdən danışıb: "Çinin bu məsələdə narahatlığı terror mövzusudur. Bəzi uyğurların İŞİD başda olmaqla, terror təşkilatlarına qatılması, ölkənin ərazi bütövlüyünə təhlükə yaratması Çini narahat edir. Bəzi uyğurların İŞİD-ə qatıldığını biz də bilirik və bunu açıq şəkildə deməliyəm. Pekində Çin İslam Cəmiyyətinin nümayəndələri ilə görüşdüm. Deyirlər ki, ölkədə 35 min məscid, 40 min dini xadim var".
Ərdoğan Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) bağlanmasına dair suala cavab verib: "Partiyaların bağlanmasının həmişə əleyhinə olmuşam. Ancaq bir partiya bağlana, digəri açıla bilər. Hansı partiya olursa olsun, cinayət törədirsə, cəzasını çəkməlidir. HDP həmsədri Səlahəddin Dəmirtaşla bağlı prokurorluğunu apardığı araşdırmanı izləyirik. Bu barədə açıqlama verməyim doğru olmaz".