Əlaqə Arxiv
news Image
2015.08.03
10:30
| A A A
Radikal müxalifət antimilli mövqedə olduğunu bir daha göstərdi
Mais Səfərli: “Azərbaycandakı radikal müxalifət ağa qara deməklə məşğuld” Kamil Seyidov: “Bu qrup və onların nəzarətindəki mətbu orqanlar həmişə antimilli, antidövlət siyasi xəttindən çıxış ediblər”

Mirmahmud Mirəlioğlunun yenidən sədr seçildiyi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) bu günlərdə baş tutan qurultayında dəvət olunan bir sıra partiyaların nümayəndələri qonaq qismində iştirak ediblər. Lakin Əli Kərimlinin rəhbəri olduğu AXCP və digər bir neçə müxalif partiya sözügedən qurultaya hakim Yeni Azərbaycan Partiyası (YAP) da dəvət edildiyindən iştirakdan boyun qaçırıb.

Mirmahmud Mirəlioğlu da etiraf edib ki, bəzi qurultay nümayəndələri Yeni Azərbaycan Partiyasını tədbirə dəvət etdikləri üçün bura gəlməyiblər. O, hakim partiyanı qurultaya dəvət etməkdə onu ittiham edənlərə cavab verib: "Bəzi dostlarımız, qurultay nümayəndələrimiz bizdən küsüb ki, nəyə görə qurultaya Yeni Azərbaycan Partiyasını dəvət etmişik? Buna görə də qurultaya gəlməyiblər. Bunu bizim üzümüzə deməyə cəsarətləri çatmayıb, söz göndəriblər. Mən burdan onlara səslənib deyirəm ki, yaxşı etmişik. Bizim məqsədimiz Azərbaycanı birləşdirməkdir, ölkənin mənafeyini qorumaqdır. Siz isə öz niyyətinizi bir daha nümayiş etdirdiniz".

Bu hal onu təsdiq edir ki, AXCP-nin timsalında müxalifətin radikal qanadı dialoqda maraqlı deyillər. Onlar dəfələrlə görüş, dialoq barədə səslənən fikir və çağırışlara etinasız yanaşıb, mənfi münasibət bəsləyiblər. İndi də KXCP-nin qurultay dəvətinə anoloji münasibət sərgiləyərək, orada iştirakdan vaz keçiblər.

Yurddaş Partiyasının sədri Mais Səfərli radikal müxalifət nümayəndələrinin KXCP-nin qurultayında iştirak etməməsini onların birbaşa dialoqdan qaçması kimi dəyərləndirdi: "Bu gün normal, sivil ölkələrdə iqtidarla müxalifət arasında ümummilli məsələlərdə həmişə dialoq mövcud olub. Müxalifətin vəzifəsi öz proqram və bəyyanaməsini bəyan etməkdən, özünün inkişaf modelini ortaya qoymaqdan ibarətdir. Müxalifət yeri gələndə iqtidarın fəaliyyətinə tənqid nöqteyi-nəzərdən də yanaşmalı və bu zaman alternativ yollar da göstərməlidir. Azərbaycandakı radikal müxalifətdə isə bu keyfiyyətlərin heç biri yoxdur. Onlar ağa qara deməklə məşğuldur. Bu günə qədər hansısa bir alternativ inkişaf modelini ortaya qoymayıblar. Bu, əslində, müxalifətçilik də deyil. İqtidarın fəaliyyətinə kölgə salmaq, gördüyü işlərə ləkə yaxmaq müxalifətçilik deyil. Radikalların fəaliyyəti siyasi nəzəriyyələrdə nəzərdə tutulan anlayışlardan uzaqdır. Ona görə də bu qüvvələr sadəcə olaraq, radikalizm nümayiş etdirməklə, ağa qara demək, qara yaxmaqla məşğuldurlar. Bu səbəbdən də, radikal müxalifət həmişə dialoqdan qaçıb, əks qütblə masa arxasında oturub müzakirələr aparmaqdan daim yayınıb. Çünki, bu qüvvələrin öz elmi nəzəriyyələri yoxdur ki, dialoq mühitində onu əsaslandıra, qarşı tərəfi ona inandıra bilsinlər. Onlarda bu kimi bacarıqlar yoxdur. Onlar dərk edirlər ki, Azərbaycan Prezidentinin fəaliyyətinin şəffaf və parlaq olması göz önündədir. Bu səbəbdən də həmin fəaliyyətə alternativ fəalyyət növü göstərməkdə acizdirlər. Ona görə də dialoqdan, hansısa tədbirdə iqtidarla rastlaşmaqdan, onunla polemika aparmaqdan qaçırlar".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov isə radikal müxalifəti siyasi etik norma və qaydalara hörmət etməməkdə suçladı: "Siyasi fəaliyyətlə məşğul olmağın siyasi etik mədəni normaları da mövcuddur. Qardaş Türkiyədə müxalifət qlobal məsələlərdə, ölkə üçün ümuməhəmiyyətli məqamlarda iqtidarla birgə fəaliyyət göstərir. Azərbaycan müxalifətində isə hələlik bu səpkidə siyasi mədəniyyət formalaşmayıb. KXCP də artıq iqtidarın apardığı siyasətin uğurlu olduğunu etiraf edən təşkilatlar sırasındadır. Həmin partiyanın qurultayına hakim Yeni Azərbaycan Partiyasının dəvət olunmasında da heç bir qəbahət yoxdur. Sivil, demokratik ölkələrdə məhz bu cür hərəkət edirlər. Radikal dairələr isə həmişə çalışıb ki, ölkədə qarşıdurma olsun, onun imicinə zərbə dəysin. Bu qrup və onların nəzarətindəki mətbu orqanlar həmişə antimilli, antidövlət siyasi xəttindən çıxış ediblər. Bu mənada hansısa bir digər siyasi təşkilatın öz qurultayına hakim partiyanı da dəvət etməsini qısqanclıqla qarşılayırlar. Müxalif partiya olaraq bu gün KXCP öz siyasətində müəyyən dəyişiklik aparıb, radikallığı kənara qoyaraq, konstruktiv mövqe tutubsa, bu, müsbət haldır. Amma görünür, özünü ana müxalifət adlandıran radikal qanad bunu qəbul etmir. Lakin bir məsələ aydındır ki, radikal qanadın Azərbaycanda sosial dayağı yoxdur. Qarşıdan gələn parlament seçkiləri ilə bir daha şahid olacağıq ki, radikal müxalifət tarixin arxivinə gedəcək. Əli Kərimlinin rəhbəri olduğu qurum antimilli, antidövlət mövqeyindən çıxış edir. Onlar bilərəkdən, yaxud bilməyərək hər belə hadisəyə bu cür münasibət bəsləməklə özlərinin sosial bazasının daha da seyrəlməsinə şərait yaradırlar".

Sizin Reklam Yeriniz