Xəbər verildiyi kimi müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu günlərdə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayıb. Burada şəxsi heyətlə keçirilən görüşlərdə müdafiə nazir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb: "Bu gün Azərbayan öz iqtisadiyyatı, büdcəsi, demoqrafik vəziyyəti, hərbi gücü və bir sıra digər parametrlərinə görə hər cəhətdən tənəzzülə uğrayan düşməndən qat-qat üstündür. Bunu tək biz deyil, artıq Ermənistanın siyasi rəhbərliyi də etiraf edir. Bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir. Keçən ilin avqustundan indiyədək ötən müddətdə düşmənə vurulan zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib. İndi də qorxu və vahimə içindədir. Artıq məqam yetişib. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da bizdən hərəkətə keçib, ömür boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir sıra qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir. Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir".
Ekspert Emin Həsənli bildirdi ki, müdafiə nazirinin sözügedən açıqlaması torpaqlarımızın yaxın zamanda nə yolla olursa-olsun, işğaldan azad ediləcəyinə bir işarədir: "Prezident bu yaxınlarda hərbi-dəniz donanması və "N" saylı hərbi hissənin açılışında bəyan etdi ki, Silahlı Qüvvələrimiz torpaqlarımızı azad etməlidir. Bu istiqamətdə o bir nömrəli tapşırıq qoymuşdu. Burada Ali Baş Komandan düşmənə də bəyan etmişdi ki, onlar torpaqlarımızdan rədd olub getməlidirlər. M üdafiə naziri də Ali Baş Komandanın bu fikirlərini əldə rəhbər tutaraq hərbi hissələrə səfərlərində ordumuzun döyüş qabiliyyətilə yerindəcə tanış olur. Artıq Azərbaycanın güclü ordusu, müasir hərbi texnikası, havadan müdafiə sistemi vardır. Keçirilən hərbi təlimlər də yüksək səviyyədə təşkil olunub. İnsan resurslarımız da düşməndən üstündür, maddi resurslarımız da həmçinin. Hərbi kadrların hazırlıq səviyyəsi baxımından da Azərbaycan düşməni xeyli geridə qoyub. Bütün bunların hamısı imkan verir ki, Azərbaycan özünün işal olunmuş torpaqlarını işğaldan azad edə bilsin. Ermənistan isə panika içindədir. Bu ölkədə siyasi proseslərdə, istərsə də hərbi sferada özbaşınalıq hökm sürür. Ermənistan ordusunu tam formalaşdıra, müasir texnika ilə təmin edə bilmir. Bu ölkə həm də qonşu Rusiyadan asılı olaraq müstəqil siyasət apara bilmir. Bunlar hamısı onu deməyə əsas verir ki, Ermənistanda vətəndaş həmrəyliyi də yoxdur. Hakimiyyətlə xalq arasında bir uçurum hökm sürür. Xalqın orduya da inamı yoxdur. Ermənistanda əsgər anaları hökumət əleyhinə tez-tez etirazlara çıxır. Ermənistan iqtisadi cəhətdən uçurum ərəfəsindədir. Bu baxımdan hazırda Ermənistanın vəziyyəti Yunanıstandan da acınacaqlıdır. Belə olan halda aydın şəkildə görünür ki, Ermənistanın Avropa və Rusiya üçün heç bir əhəmiyyəti yoxdur.
Artıq Azərbaycanda elə bir zaman yetişib ki, müharibəyə başlamaq vaxtıdır. Ermənistan dinc yolla torpaqlarımızı boşaltmır, beynəlxalq hüquq normalarına əməl etmir. Belə olan halda yeganə yol torpaqlarımızın işğaldan azad edilməsi yoludur. Azərbaycan müdafiə naziri proseslərdən kifayət qədər məlumatlı adamdır və o verdiyi bəyanatların da əhəmiyyətini bilir. Heç təsadüfi deyil ki, o, tez-tez cəbhə bölgələrinə gedir, buradakı hərbi hissə və birləşmələrdə olaraq, təmas xəttindəki əsgərlərlə görüşür, mövcud vəziyyətlə tanış olur. Yəni, prosesə birbaşa nəzarəti həyata keçirir. Ona görə də müdafiə naziri artıq məqam yetişib deyərkən, hansı fikirləri səsləndirdiyini gözəl bilir. Hesab edirəm ki, Zakir Həsənovun dediyi bu fikirlər hərbi, elmi əsaslara söykənir və regionda, dünyada baş verən proseslərlə tam uzlaşan fikirlərdir. O da Prezidentin qarşıya qoyduğu tapşırıqların nədən ibarət olduğunu hamıdan yaxşı bilir. Torpaqlarımızın azad edilməsi hər bir Azərbaycan vətəndaşının fikridir".
Millət vəkili Elman Məmmədov torpaqlarımızın azad edilməsi istiqamətində müharibənin başlana biləcəyi ehtimalının ciddi olduğunu söylədi: "Uzun illərdir ki, Azərbaycan torpağında iki ordu üz-üzə dayanıb ki, onun da biri işğalçı Ermənistan ordusudur. Azərbaycan Ordusu torpaqlarımızdan düşməni süpürüb atmağa həmişə hazır olmalıdır və hazırdır. Buna görə də hər an müharibənin başlanması realdır, bunu gözləmək olar. Bu gün Azərbaycan Ordusu elə bir güc, qüdrət və hazırlığa malikdir ki, cənab Prezidentin dediyi kimi, qısa müddət ərzində düşməni təkcə bugünkü işğal etdiyi torpaqlarımızdan deyil, eyni zamanda qədim Azərbaycan torpağı olan İrəvandan da süpürüb atmaq qüdrətinə sahibdir. Hörmətli müdafiə nazirinin bu günlərdə cəbhə bölgəsində olarkən Ali Baş Komandana istinad edərək söylədiyi fikirlər ruhverici, mübariz, vətənpərvər ruhlu fikirlərdir. Həmin fikirlər də təkcə Azərbaycan Ordusuna verilən tapşırıq, mesaj deyil. Habelə təkcə düşmən dövlətə yönəlik xəbərdarlıq deyil. Eyni zamanda, bu məsələdə məsuliyyət daşıyan beynəlxalq qurumlara da yönəlik bir mesajdır ki, müharibə başlayacağı halda Azərbaycan heç bir məsuliyyət daşımayacaq. Bunun üçün məsuliyyət ancaq həmin beynəlxalq qurumların və işğalçı ölkənin üzərindədir. Çünki, onlar uzun illərdir yalandan imitasiya edərək, sülh danışıqları adı ilə vaxtı uzatmaq, problemin həllini əngəlləməklə Azərbaycanı bir növ bu hərəkətə təhrik edirlər. Müharibənin başlanmaması, yenidən qan tökülməməsi üçün beynəlxalq təşkilatlar cırtdan, terrorçu, işğalçı dövləti yerində otuzdurtmalıdır. İstəsələr, bunu bacararlar. Ancaq görünür, nə səbəblərdənsə bunu etmirlər. Bu gün onlar bir növ təcavüzkara havadarlıq edir. Belə vəziyyət son nəticədə gözlənilən və düşmən üçün ağır nəticə verə biləcək bir hala gətirib çıxaracaq. Bu da ondan ibarət olacaq ki, güclü Azərbaycan Ordusunun qarşısında düşmən tab gətirə bilməyəcək və torpaqlarımız işğaldan azad ediləcək. İstəyirik ki, onlar danışıqlar yolu ilə razılaşıb, torpaqlarımızdan çıxıb getsinlər. Getmədikləri halda isə, torpaqlarımızı azad edəcəyik".