Avropa dövlətlərinin hər birinin Azərbacanla qarşılıqlı əməkdaşlıqda maraqlı olması danılmaz həqiqətdir. Amma maraqlısı budur ki, qarşılıqlı əməkdaşlıq maraqlı olan dövlətlərin təsisatları isə ölkəmizlə münasibətdə qərəzliliyindən qalmır. Bu qərəzi Avropa Parlamentinin timsalında indi daha çox görə bilərik.
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri qeyd edir: "Avropa və Qərb dünyası ikili standartlarla tanınmış bir siyasi məkandır. Zaman-zaman Azərbaycana qarşı da qərəzli davranışları olur. Bu davranışlar xüsusi ilə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə özünü göstərir. Çünki, ortalıqda son zamanlar işğal olunmuş Krım hadisəsi var. Krıma hadisəsinə görə, Qərb dünyası Rusiyaya qarşı sanksiyalarla yanaşı, hərbi savaşa da hazırlaşır. Artıq soyuq savaş gedir. Amma Dağlıq Qarabağa görə cırtdan Ermənistan dövlətinə təzyiq edən yoxdur. Bu baxımdan Azərbaycana qarşı böyük ədalətsizlik, ikili standart nümayiş etdirilir. Çünki, Dağlıq Qarabağ və ətrafındakı rayonların Rusiyanın hərbi dəstəyi ilə işğal olunmasını Qərb dünyası bilir. Düzdür, Avropa Birliyinin Azərbayanda geosiyasi marağı var. Amma buna rəğmən, Dağlıq Qarabağ məsələsinə qərəzli yanaşılar".
Digər siyasi şərhçi İlqar Vəliyev də bu məsələdə Avropa məkanını ikili standartda qınayır: "Avropada müxtəlif siyasi qüvvələr mövcuddur. Hətta Avropanın ayrı-ayrı ölkələrinin, ümumiyyətlə, Avropa Birliyinin siyasi palitrası fərqlidir. Müxtəlif partiyalar fəaliyyət göstərir. Azərbayanla bağlı qərəzli mövqedə dayanan siyasi dairələr regionda, xüsusi ilə də Azərbaycan yaxınlığında baş verən hadisələrə loyal yanaşmırlar. Bir çox zamanlarda təmsil etdikləri dövlətlərin maraqlarından yox, şəxsi siyasi maraqlardan çıxış edirlər. Ona görə də ortaya fərqli münasibətlər çıxır. Onlar ölkələrin maraqlarını nəzərə almırlar. Sirr deyil ki, orada ermənipərəst qüvvələr də fəaliyyət göstərir. Bundan başqa, Türkiyəni sevməyən və anti-Rusiya qüvvələrini də görmək mümkündür. Onların maraqları üst-üstə düşəndə Azərbaycana yönəlik siyasətdə belə mənzərə yaranır".