Əlaqə Arxiv
news Image
2015.08.18
10:45
| A A A
Radikal müxalifətin radikal dindarlara böyük rəğbəti
Elçin Mirzəbəyli: “Əli Kərimli və yaxın ətrafı üçün ideoloji dünya görüşü, dövlət maraqları anlayışı yoxdur” Mais Səfərli: “Radikal müxalifət hakimiyyətə gəlmək üçün hətta şeytanla da əməkdaşlıq etməyə can atır”

Radikal müxalifət getdikcə əsl mahiyyətini ifşa edən yeni addımlar atmaqdadır. Vaxtı ilə mitinqlərində İŞİD bayrağını dalğalandıran radikal müxalifət təmsilçiləri bu dəfə İŞİD-i ölkəmizə dəvət edib. Belə ki, AXCP sədri Əli Kərimlinin zaman-zaman sağ əli olan əmisi oğlu İnqilab Kərimov "facebook" statusunda İŞİD-ə açıq-aşkar dəstək verən və bu qaniçən terrorçu qruplaşmanı Azərbaycana gəlməyə səsləyən status yazıb.

Diqqət çəkən digər məqam odur ki, statusun yazılma tarixinin üzərindən neçə gün keçməsinə baxmayaraq, AXCP rəhbərliyi bəyanat verərək, bu biabırçı bəyanatı pislədiyini, ona rəsmən qoşulmadığını bəyan etməyib. Bu da o deməkdir ki, başda Əli Kərimli olmaqla, təşkilat bu bəyanı qəbullanır. Məsələnin hüquqi tərəfinə gəlincə, ekspertlər bildirir ki, İnqilab Kərimovun statusu terrora çağırışdır. Bu, birmənalı şəkildə ağır cinayət tərkibi yaradan əməldir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli məsələ ilə bağlı xatırlatdı ki, vaxtı ilə Əli Kərimli və onun Milli Şura adlanan qurumunun keçirdiyi aksiyalarda da İŞİD-in bayrağını qaldırmışdılar: "Bu da geniş müzakirələrə səbəb olmuşdu. Əli Kərimli bu günə qədər fəaliyyətində müxtəlif zaman kəsimində müxtəlif maraqların ifadəçisi kimi çıxış edib. Azərbaycan dövlət quruluşunun əleyhinə fəaliyyət göstərən qrupların belə müdafiəsinə qalxıb, onlardan dəstək gözləyib. Son prezident seçkilərində də biz bunun şahidi olmuşuq. O baxımdan əslində, qeyri-adi hadisə baş verməyib. Siyasətdə dəyər sərhədi tanımayan insandan və onun ətrafından belə yanaşmanı gözləməyə dəyər".

Elçin Mirzəbəyli əlavə etdi ki, Əli Kərimli bu sözləri müxtəlif istiqamətlərə yozmağa çalışacaq: "Bunu yenə də xarakterinə uyğun olaraq təxribat kimi dəyərləndirməyə can atacaq. Əslində, o və yaxın ətrafı üçün ideoloji dünya görüşü, dövlət maraqları anlayışı yoxdur. Bu insanlar üçün hakimiyyət uğrunda mübarizədə bütün məqamlar keçərlidir. O baxımdan da məqsədyönlü şəkildə bu hadisəni fərqli istiqamətə yozmağa çalışacaq. Amma açıqlamanın verəcəyini gözləmək də olmaz".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, radikal müxalifət hakimiyyətə gəlmək üçün hətta şeytanla da əməkdaşlıq etməyə can atır: "Bunu müxalifətçilərin özləri də etiraf edirlər. Amma bu addım Azərbaycanın dövlət quruluşunun əsaslarına yönəlik cinayətdir. Bu hadisə hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Çağırışı edən şəxslərin və onların həmfikirlərinin əməllərinə hüquq-mühafizə orqanları tərəfindən qiymət verilməlidir. İŞİD sülhü, sabitliyi, hümanizmi təhdid edən təşkilatdır. Azərbaycan müxaifətçisinin isə belə bir çıxışı hətta İŞİD-ə qarşı yaradılmış koalisiya dövlətlərinin diqqətindən yayınmamalıdır. Eyni zamanda Əli Kərimli özü də əmisioğlunun fikirlərinə reaksiya verməlidir".

Mais Səfərli onu da qeyd etdi ki, bu cür ifadələrin hüquqi cəzası var: "Müharibəyə çağırış cinayət tərkibi yaradır. Həm Azərbaycan, həm də beynəlxalq qanunlar buna qarşıdır. Hər ikisi bu çağırışın qarşsını almaq üçün hərəkətə keçməlidir".

Sizin Reklam Yeriniz