Əlaqə Arxiv
news Image
2015.08.19
07:00
| A A A
Avropa enerji təhlükəsizliyini Azərbaycana həvalə edir
Ölkəmiz üzərindən Qərb istiqamətində bir neçə dövlətdən karbohidrogen ehtiyatları axacaq

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeganə yeni mənbə qismində Azərbaycanın çıxış etdiyi artıq "köhnə qitə"də də açıq etiraf olunur. Elə bu səbəbdəndir ki, Azərbaycandan Avropaya uzanacaq yeni enerji kəmərlərinin reallaşması istiqamətində intensiv işlər görülür.

Hazırda "Transanadolu" qaz boru kəmərinin (TANAP) çəkilməsi istiqamətində genişmiqyasıl işlər həyata keçrilir. Xatırladaq ki, ölkəmizin Xəzər dənizindəki "Şahdəniz" qaz yatağının işlənməsi layihəsinin ikinci fazası və Xəzərin cənubundakı digər yerlərdən çıxarılacaq təbii qazın Türkiyə və Avropaya daşınmasını hədəfləyən TANAP-ın təməlqoyma mərasimi bu il martın 17-də Qarsda baş tutub. TANAP çərçivəsində ilk qaz axını 2018-ci ildə baş tutacaq, ilkin mərhələdə illik gücü 16 milyard kubmetr olacaq, daha sonra mərhələli şəkildə əvvəlcə 24 milyard kubmetrə, ardınca 31 milyard kubmetrə çatdırılacaq. Amma layihəyə əlavə qaz təchizatçılarının qoşulması gözlənir ki, bu da TANAP-ın ötürücülük qabiliyyətinin artması ilə müşayiət oluna bilər. Hazırda cənub qonşumuz öz qazını məhz Azərbaycan üzərindən Avropaya satmağa daha çox maraq göstərir. Türkmənistan və İraq da bu sırada yer alır. Azərbaycan və İraq neft və qaz, enerji resurslarının hasilatı, nəqli və emalı, həmçinin digər sahələrdə əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalayıb. İraqın neft naziri Adil Əbdülmehdi bir müddət əvvəl bu xüsusda verdiyi açıqlamada qeyd edib ki, sözügedən memorandum əsasında İraq və Azərbaycan şirkətləri hər iki dövlətin, habelə üçüncü dövlətin ərazisində birgə müəssisələr yarada bilər. Nazirin sözlərinə görə, İraqın TANAP-ın inşası layihəsinə qoşulmaq üzrə böyük potensialı var.

TANAP-ın davamı olacaq "Transadriatik" (TAP) qaz boru kəmərinə də Avropada böyük maraq var. Kəmərin səhmdarları sırasına yeni şirkətlərin qoşulması da bunun təsdiqi sayılır. "European CEO" saytına müsahibəsində İspaniyanın "Enagas" şirkətinin idarə heyətinin sədri Marcelino Oreja bu xüsusda deyir: "Biz Azərbaycanı Avropa ilə birləşdirən çox mühüm layihəyə - "Transadriatik" qaz boru kəmərinə investisiya yatırırıq. TAP boru kəməri Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək".

Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP qaz boru kəmərinə birləşəcək. TAP layihəsi "Şahdəniz-2" yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. "Enagas" TAP layihəsində 16 faizlik səhmə sahibdir. TAP-dakı digər səhmdarları isə belədir: BP (20 faiz), SOCAR (20 faiz), "Statoil" (20 faiz), "Fluksiz" (19 faiz) və "Axpo" (5 faiz).

B uarada isə məlum olub ki, TAP layihəsinin Albaniya ərazisində tikintisinin reallaşdırılması üçün infrastrukturun təkmilləşdirilməsi işləri 2016-cı ildə yekunlaşacaq. Məlumata görə, ilin əvvəlindən başlanan işlər nəticəsində 51 kilometr uzunluğunda yeni yol çəkilib və 41 kilometr yolun və kənd yerlərində 42 körpünün tikintisi planlaşdırılır. Rəsmilərin sözlərinə görə, plana əsasən, layihənin icrası Albaniyada 210 kilometr məsafədə, Adriatik dənizinin bu ölkəyə məxsus hissəsində isə 37 kilometr məsafədə aparılacaq. Ekspertlər bütün bu işlərin 2016-cı ildə bitəcəyini deyir. Onlar həmçinin 2017-ci ildə TAP-ın ölkənin ÜDM-ni 500 milyon avro artıracağını da qeyd edirlər. Yeri gəlmişkən qeyd edək ki, Yunanıstanın energetika naziri Panos Skurletisa Nazirliyin enerji və mineral ehtiyatlar üzrə baş katibi Apostolos Aleksopulos TAP konsorsiumunun icraçı direktoru Yan Bredşou, xarici əlaqələr üzrə direktor Mixael Hofman və TAP-ın Yunanıstan üzrə direktoru Rikard Skufiasla görüşüb. Müzakirələr, əsasən boru kəmərinin tikintisinin texniki tərəfləri ilə bağlı olub və tikintiyə başlamaq üçün növbəti addımların atılması məsələlərinin həll edilməsi nəzərdən keçirilib. Bütün bunlar TAP kəmərinin də reallaşacağını göstərir və beləliklə, Avropaya Azərbaycan qazının çatdırılması daha tez reallaşacaq.

Xatırladaq ki, pay bölgüsünə əsasən, BP, SOCAR və "Statoil" şirkətlərinin hər biri TAP-da 20% paya malikdir. Qalan hissənin 19%-i Belçikanın "Fluxy", 16%-i İspaniyanın "Enagas", 5%-i isə İsveçrənin "Axpo" şirkətlərinə məxsusdur.


Sizin Reklam Yeriniz