Əlaqə Arxiv
news Image
2015.08.19
17:04
| A A A
Məktəblərdə dərslər saat neçədə başlasın?

Orta məktəblərin 1-ci siniflərində dərslərin bir saat gec başlaması barədə təklif müzakirə mövzusuna çevrilib. Kimi 1-ci siniflərdə dərslərin gec başlamasının müsbət, kimisi də mənfi tərəflərinin olduğunu söyləyir. Xatırladaq ki,  Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev Azərbaycanda bütün ölkə üzrə orta məktəblərin I siniflərində dərs saatlarının digər siniflərlə müqayisədə yarım saat və ya 1 saat geç başlanılması təklif etmişdi. Əjdər Ağayevin fikrincə, bu məsələ ilə bağlı bütün ölkədə qayda tətbiq edilməli və Təhsil Nazirliyi tərəfindən vahid reqlament təsdiq olunmalıdır. İbtidai siniflərin I növbədə dərs keçdiklərini və bunun da pedaqoji tələblərə uyğun olduğunu deyən Ə.Ağayev deyib ki, dərslərin I növbədə bir qədər gec başlanılması I siniflərin təhsilinə daha səmərəli təsir göstərə bilər: "Əgər məktəbdə dərslər digər siniflərdə saat 8-də başlayırsa, I siniflərin dərsi saat 9-da başlamalıdır. I sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 9-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq olar".

Ə.Ağayev hesab edir ki, məktəblər öz şəraitlərini, şagirdlərinin məktəbdən uzaq məsafədə yaşadıqlarını əsas gətirərək bu reqlamenti özləri müəyyən edə bilərlər.

Bəs görəsən 1-ci siniflərdə dərslərin gec başlaması məktəbə yeni qədəmlərini qoyan şagirdlərin qavrama qabiliyyətinə hər hansı formada müsbət və yaxud mənfi təsir göstərə bilərmi?

Əməkdar müəllim Asif Cahangirov Movqe.az-a açıqlamasında deyib ki, orta məktəblərin 1-ci siniflərində dərslərin 1 saat gec başlaması düzgün təklifdir: "Şəxsən mən bu təklifə qarşı deyiləm. İndi hamı uşağını öz evinin yanındakı məktəbə qoymur ki? Hərə uşağı bir ərazidən başqa əraziyə məktəbə aparır. Bəllidir ki, səhər saatlarında, xüsusilə dərs ili başlayandan sonra yollarda həmin vaxtda tıxac olur. Çoxu uşağı vaxtında aparıb məktəbə çatdıra bilmir. 1-ci sinifdə isə uşağın dərsə gecikməsi onun müəyyən bilikləri əldə etməsindən geri qoya bilər. 1-ci sinif şagirdi üçün ümumiyyətlə bu  arzuolunan hal deyil. Ona görə də, dərslərin 1 saat gec başlaması onun dərsə dəvamiyyətinə, nizam-intizamına təsir edə bilər. Ümumilikdə mən bu təklifi dəstəkləyirəm".

Ölkənin baş pediatrı Nəsib Quliyev isə uşaqların erkən vaxtda yuxudan qaldırılmasının düzgün olmadığını söyləyir. N. Quliyev deyir ki, hər bir insanın bədəninin öz bioloji saatı var. Əgər 6 yaşlı uşaq çox erkən yuxudan qaldırılırsa bu onun biolojo saatının pozulmasına səbəb olur. Belə halda isə uşaqda yuxusuzluq, yorğunluq, aqressiya, iştahsızlıq halları müşahidə olunur: "İndi yollada vəziyyət elədir ki, bir ərazidən başqa əraziyə uşağı məktəbə aparan valideyn gərək uşağı  yuxudan dərsin başlandığı saatdan ən azı iki saat tez qaldırsın. Əks halda yollarda tıxac üzündən uşaq dərsə gecikəcək. Belə olan halıda isə uşağın bədəninin bioloji tarazlığı pozulur. Bu isə maddələr mübadiləsinə öz təsirini göstərir. Uşaq heç vaxt həmin saatda yuxudan durub yemək yeyə bilmir. Yemək yemək üçün gərək ən azı yarım saat açıq havada olsun ki, iştah açılsın. Üstəlik yuxusuzluq onun əsəb sisteminə mənfi təsir göstərir. Uşaq aqressiv olur, bu onun sinifdə özünü aparmasına, yoldaşları ilə münasibətində özünü biruzə verir".

N. Quliyev 6 yaşdan məktəbə gedən uşaqlara güzəştin olmasının müsbət hal kimi dəyərləndirdiyini söyləyir. Onun fikrincə bu az da olsa uşağın yatıb dincəlməsinə müsbət təsir göstərəcək.

A. Cahangirov isə ümumiyyətlə dərsin qavranması baxımından günün birinci yarısında dərslərin keçirilməsinin mühim əhəmiyyəti olduğunu deyir. Onun sözlərinə görə, günün birinci yarısında uşaqların qavrama qabiliyyəti yüksək olur. A. Cahangirov ibtidai siniflərdə dərslərin saat 9-dan gec olmayaraq başlamasının yaxşı təklif olduğunu desə də, bu vaxtın  tətbiqinin ibtidai siniflərə tətbiqinin düzgü olmadığı fikrindədir: "Dərslərin 1-ci siniflərdə 9-dan gec olmayaraq başlamasının mən də tərəfindəyəm. Amma bu saatı bir qədər də uzatmaq, yəni saat 12-ə salmaq düzgün deyil. Üstəlik bu təklif ibtidai sinif üçün də keçərli ola bilməz. Çünki, valideynlərin sosial problemləri də var. Ana, ata uşağı ibtidai sinifdə oxuyursa mütləq tezdən onu məktəbə

aparmalıdır. Saat 12-ni gözləsə özü də işə gecikə bilər. Üstəlik məktəblər bir neçə növbəlilik prinsipi ilə işləyirlər. Bu zaman bölgünü də aparmaq çətin olar".

Xatırladaq ki, Təhsil Nazirliyindən bildiriblər ki, hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur. Nazirlikdən əlavə edilib ki, məktəblər bu saatları TN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində dərslərin bu amilləri nəzərə almaqla, bir qədər geç başlanılması mümkündür.

Sizin Reklam Yeriniz