Əlaqə Arxiv
news Image
2015.08.21
10:30
| A A A
AXCP-çilər Əli Kərimlini «taxtından» devirirlər
Elçin Mirzəbəyli: “Əli Kərimlinin yol verdiyi xəyanətlərin nəticəsində AXCP-nin yalnız adı qalıb” Kamil Seyidov: “AXCP-də baş verən son hadisələr partiya rəhbərinin uzun müddət apardığı dağıdıcı siyasətin real təsdiqidir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasını dağıdıcı, aqressiv quruma çevirən Əli Kərimlinin hərəkətələri artıq cəbhəçiləri də boğaza yığıb. Məlumat verildiyi kimi, bununla bağlı AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və narazı cəbhəçilər avqustun 19-da mətbuat konfransı keçirərək, yeni hərəkata başladıqlarını elan ediblər.

Razi Nurullayev Əli Kərimlinin AXCP-də dözülməz diktatura rejimi yaradığı qeyd edərək bildirib ki, yeni bir partiyaya ehtiyac yoxdur: "Biz AXCP adına iddia edirik və hesab edirik ki, orada olan bütün cəbhəçiləri də öz ətrafımıza gətirə biləcəyik. Artıq bununla bağlı danışıqlar olub. Əli Kərimli ya sədrlikdən gedəcək, sıravi üzv olaraq qalacaq, ya biz təmsilçilik uğrunda mübarizə aparacağıq. Təmsilçiliyin bizə verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ondan bir möhürü almaq lazım gələcək. Bu, bütün cəbhəçilərin fikridir". Razi Nurullayev Əli Kərimliyə qarşı mübarizədə həmçinin "Azadlıq" qəzetini də öz tərəflərinə çəkəcəklərini bildirib. Partiyanın əksər üzvləri də eyni fikirdədirlər. Siyasi şərhçilərin sözlərinə görə, AXCP-də bu cür inqilabların baş verməsinin əsas səbəbkarı məhz Əli Kərimlinin özüdür.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, söhbət AXCP-nin adının alınmasından gedir: "AXCP adlanan təşkilat faktiki olaraq, yoxdur. Sadəcə, AXCP adını iddia edən Əli Kərimli və yanında qalan 2 nəfər var. AXCP-nin əhəmiyyətli hissəsi BAXCP və Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) fəaliyyət göstərirlər. Əli Kərimlinin yol verdiyi xəyanətlərin nəticəsində AXCP-nin yalnız adı qalıb. Partiya faktiki olaraq, fəaliyyət göstərmir. İndi də söhbət bu ada sahiblənməkdən gedir. Şübhəsiz ki, Razi Nurullayev və oranı tərk edənlər bu təşkilatı Əli Kərimlidən xilas etmək üçün çalışırlar. Amma partiyanın parçalanmasından söhbət gedə bilməz. Çünki, bütöv olan parçalana bilər".

Elçin Mirzəbəyli "Azadlıq" qəzetinin fəaliyyətinə də toxundu: "Azadlıq" qəzeti uzun illərdir, Əli Kərimlinin redaktorluğu ilə nəşr edilir. Bu qəzetin müstəqil fəaliyyətindən söhbət gedə bilməz. Qəzet özünün tarixi ənənələrindən 18 ildir sapıb. Xarici dairələrin maraqlarına xidmət edir. Yəni, qəzetin kollektivi müstəqil jurnalistikanın prinsiplərindən çıxış etmirlər.

Əli Kərimlinin timsalında AXCP uzun müddətdir ki, dağıdıcılıq funksiyasını yerinə yetirir, ayrı-ayrı qrupların maraqlarını ifadə edir. Azərbaycanın müstəqillik tairixində iştirak edən AXCP adının Əli Kərimli kimi xaricə dövlətlərin maraqlarında duran bir insanla heç bir əlaqəsi yoxdur. O baxımdan da Razi bəyin fikirlərini haqlı sayıram. Ancaq yeni AXCP-nin necə olacağından əvvəlcədən şərh vermək çətindir".

Azad Respublikaçılar Partiyasının (AARP) sədri Kamil Seyidov bildirir ki, AXCP-də baş verən son hadisələr partiya rəhbərinin uzun müddət apardığı dağıdıcı siyasətin real təsdiqidir: "Vaxtı ilə bir partiyada hakimiyyət uğrunda mübarizə aparan insanlar bu gün öz ambissiyalarını ortaya qoyublar. Partiya rəhbərlərinin səhv yolda olduğunu anlayırlar. Son hadisələr onu göstərir ki, AXCP-də konstruktiv müxalifət yetişməkdədir. Bu da rəhəbrliyin apardığı siyasətlə zidd olduğu üçün AXCP-dən qopmalar davam edir. Bu gün oradan qopanların yeni AXCP yaratmaları sırf Əli Kərimlinin apardığı anti-dövlət siyasətinin nəticəsidir. Çünki, dəfələrlə vurğulanıb ki, Əli Kərimli siyasətinin sonu yoxdur. Onun baxışları dövlət əleyhinə yönəlmiş siyasətdir. Hakimiyyət isə həmişə sağlam müxalifətin olmasını dəstəkləyib. Lakin bunların fəaliyyətləri radikal olduğundan bumeranq kimi özünə yönəldi. Yeni AXCP-çilərin məqsədi partiyanı uzun illərdir, səhv siyasət aparan Əli Kərimlinin əlindən almaqdır".

Sizin Reklam Yeriniz