Əlaqə Arxiv
news Image
2015.08.21
10:45
| A A A
Milli Şura ermənipərəstlərin müdafiəsindən əl çəkmir
Elşən Musayev: “Milli Şuranın fəaliyyətində bir tək ermənipərəst qüvvələrin deyil, bütöv kontekstdə anti-Azərbaycan qüvvələrin müdafiəsi mühüm yer tutur”

Leyla və Arif Yunusların cinayət işi göstərdi ki, bu şəxslər ermənilərlə sıx işbirliyində olublar. Vətənə xəyanətə görə onların cəzalandırılması isə vətəndaşların böyük əksəriyyətinin tələbidir. . Lakin buna baxmayaraq, bir sıra qüvvələr ölkəmiz əleyhinə fəaliyyətdə bulunan sözügedən şəxsləri müdafiə etməkdə davam edirlər. Bu xüsusda əsasən də radikal müxalifət, o cümlədən Əli Kərimlinin dominantlıq etdiyi Milli Şura daha çox fəallıq göstərir. Onlar məhkəmə prosesinin gedişində olduğu kimi, hökm elan edildikdən sonra da sözügedən şəxsləri müdafiə etməkdə davam edirlər. Bu amil nədən xəbər verir? Milli Şura ermənipərəstlərin niyə təəssübkeşliyini edir?

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirdi ki, Milli Şuranın Leyla və Arif Yunusları müdafiə etməsi onların da dövlətçilik, milli maraqlardan uzaq olduğunu göstərir: "Ümumiyyətlə, Milli Şuranın fəaliyyətində bir tək ermənipərəst qüvvələrin deyil, bütöv kontekstdə anti-Azərbaycan qüvvələrin müdafiəsi mühüm yer tutur. Bu, mərhələ-mərhələ davam edib. Milli Şura ümumiyyətlə, geniş rakursda hansı tərəfə meylləndiklərini bilmir. Gah qərbpərəst, gah avropapərəst olurlar. İki il öncə məşhur "milyarderlər ittifaqı" yarananda qeyd etmişdik ki, Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib qayıdan adamlar bir saatdan sonra onu devirənlərə "stavka" etdilər. Yəni, onların bir işi ilə o biri işləri uyğun deyil. İndi də radikallar eyni qaydada hərəkət edirlər. Leyla və Arif Yunuslarla bağlı onların müdafiə bəyanatları var. Amma burada da onların söhbəti heç də fərd olaraq Leyla və Arif Yunusdan getmir. Xədicə İsmayılın da birbaşa olaraq ermənipərəst qüvvələrlə

əlaqəsi olub. Erməni lobbisini maliyyələşdirən konqresmenlərlə əlaqədə olub. Xədicə İsmayılın profili Emin Milli tərəfindən idarə olunur. Onun qaynatası isə birbaşa erməni lobbisinə dəstək verən konqresmendir. Milli Şura Leyla Yunusa qədər nə qədər yol keçib? Əkrəm Əylislini, Xədicəni müdafiə ediblər. Bu estafetin davamında da Leyla və Arif Yunusları müdafiə edirlər. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən sübut olunub ki, Leyla Yunus Müdafiə Nazirliyində İnformasiya şöbəsində işləyərkən Xocalı soyqırımının törədildiyi gün ermənilərin lehinə bəyanat verib, onların bu işdə guya əllərinin olmadığını bildirib. Birbaşa sübut olunub ki, Leyla Yunus Ermənistan kəşfiyyat orqanı nümayəndəsilə təmasda olub. Dəqiq faktdır ki, 1994-1997-ci illərdə Leyla Yunusun Ermənistan xüsusi xidmət orqanları nümayəndəsilə birbaşa telefon danışıqları üzə çıxıb. O, həmçinin, Azərbaycan torpaqlarının işğalında, Xocalı qırğınında əli olanları repressiya qurbanları adlandırıb. Hüquq-mühafizə orqanları onu da sübut edib ki, L.Yunusun aldığı qrantların 90 faizi erməni soyadlı şəxslər və ya Ermənistanla birbaşa əlaqəli qurumlar tərəfindən ayrılıb. Hansı ki, bu zaman L. Yunus vergidən də yayınıb. Yəni, bu cinayətdə dövlətə xəyanət faktorundan tutmuş, vergidən yayınmalarına qədər bir çox məsələlər cəmləşir. L. Yunusla bağlı məsələ bir tək Milli Şuranın onu müdafiə etməsində özünü ehtiva etmir. Milli Şura isə hər zaman olduğu kimi təbii ki, öz ampulasındadır.

Birbaşa Azərbaycan tarixini inkar edən, ermənini yazıq adlandıran Əkrəm Əylislinin müdafiəsinə qalxmağı onlar özlərinə rəva bildilərsə, deməli, bundan sonra nəinki Leyla Yunus, bütün məsələlərdə də eyni addımı sərgiləməkdən çəkinməyəcəklər. Ona görə də onların bu əməlləri bizim üçün təəccüblü hal deyil, bunu onlardan gözləyirdik və deyim ki, məntiqli gözləntidir. Yəni, Milli Şura adlanan qurumdan ancaq bu qədərini gözləmək olar".

Sizin Reklam Yeriniz