Əlaqə Arxiv
news Image
2015.08.25
17:40
| A A A
Elmar Məmmədyarov: "İslam ümməti daxilində həmrəylik vacibdir"

XİN başçısı İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Movqe.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

İyad bin Amin Mədəni birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı təbrik edərək, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının da eyni səviyyədə təşkil olunacağına əminliyini vurğulayıb.

O, Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu yüksək qiymətləndirib.

Azərbaycanın bu təşkilatla əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan nazir Elmar Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli mühit yaratdığını nəzərə çatdırıb. İslam ümməti daxilində həmrəyliyin vacibliyini qeyd edən nazir Elmar Məmmədyarov İƏT-in İslam dünyasının üzləşdiyi problemlərin müzakirəsi və həlli üçün vacib mexanizm olduğunu bildirib.

Elmar Məmmədyarov İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənilməsi, münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəklənməsinə dair mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

O, xüsusilə Avropada olmaqla, İslamafobiya meyillərinin artmasına münasibətdə narahatlığını ifadə edərək, Azərbaycanın bütün səviyyələrdə bu məsələni qaldırdığını qeyd edib.

Görüşdə, həmçinin İƏT-in fəaliyyət mexanizmləri, prioritet istiqamətləri, qarşıdan gələn yüksək səviyyəli tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Sizin Reklam Yeriniz