Əlaqə Arxiv
news Image
2015.08.26
09:00
| A A A
Xarici hamiləri də radikal müxalifətdən üz döndərir
Ramiz Alıyev: “Xaricdən gələn maliyyə vəsaitinə sahib olmaq uğrunda müxalifət partiyalarının özləri arasında gərgin mübarizə gedir” Mais Səfərli: “Həm xarici dairələrin, həm də radikal müxalifətin cəhdləri uğursuzluqla nəticələnəcək”

Radikal müxalifət partiyaları, hətta üzvləri arasında çəkişmələr getdikcə dərinləşməkdədir. AXCP-Müsavat timsalında bunu daha aydın görmək mümkündür. Onlar hətta bir-birilərinin ünvanına təhqir deməyə belə çəkinmirlər. Bundan başqa, AXCP artıq iki yerə parçalanıb. Bu parçalanma bir müddət əvvəl Müsavat Partiyasında da müşahidə edildi.

Siyasi təhlilçilər bu hadisələri onsuz da zəif olan radikal müxalifətin bir qədər də zəifləməsinə səbəb olan amil kimi dəyərləndirirlər. Bu fonda onlarla əməkdaşlıq edən müəyyən xairici dairələrin də olduqca zəifləmiş radikallardan üz döndərəcəkləri qaçılmaz görülür.

"Strateji Araşdırmalar İnstitutu"nun sədri Ramiz Alıyev bildirir ki, radikal müxalifət partiyaları leqal yolla hakimiyyətə gəlmək gücündə deyillər: "Bunlar üçün əsas məsələ xarici dairələrin, bəzi xüsusi xidmət orqanlarının tapşırıqlarını həyata keçirməkdir. Bu istiqamətdə özləri arasında çəkişmələr dərinləşməkdədir. Xaricdən gələn maliyyə vəsaitinə sahib olmaq uğrunda müxalifət partiyalarının özləri arasında gərgin mübarizə gedir. Bu da sonda onların parçalanmalarına gətirib çıxarıb. Hazırda bir sıra partiyaların timsalında bunu görə bilərik.

Siyasi partiyaların ən ali işi hakimiyyətdə təmsil olunmaq və elektoratı öz ətraflarında birləşdirməkdir. Halbuki, radikal müxalifət əhali ilə görüş keçirmir. Seçkiyə iki aya yaxın bir vaxt qalıb, amma öz platformalarını bəyan etməyiblər. Yəni, xalqın taleyini düşünmürlər. Yalnız və yalnız xarici dəstəyi almaq üçün işlər görürlər. Xaricdən gələcək maliyyənin əldə edilməsi uğrunda savaşırlar. Bu amil isə onları daxildə bir qədər də zəiflədirlər. Bütün fəaliyyətlərində şəxsi bizneslərini gücləndirmək məqsədi güdürlər. Ən əsası isə himayədarlarını razı salmaqla məşğuldurlar. Amma hər dəfə seçkidə görünən odur ki, bu işin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Dağıdıcılıq fəaliyyətindən başqa heç nə ilə yadda qala bilməyiblər. Bu baxımdan himayədarların da onlardan üz döndərmələri qaçılmazdır".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Azərbaycana təzyiq etmək, ölkəmizdə status-kvonu dəyişmək istəyən xarici qüvvələr daxildəki müəyyən siyasi qüvvələrdən öz məqsədləri üçün həmişə istifadə etməyə çalışıblar: "Hansı ki, bu satqın qüvvələr də əsasən radikal müxalifət cəbhəsində cəmləşən insanlardan ibarət olub. Ancaq uzun müddətdir ACXP ilə Müsavat arasında mövcud olan ki, çəkişmələrin həmin xarici anti-Azərbaycan qüvvələrin də marağında deyil. Onlar zaman-zaman çox çalışıblar ki, AXCP ilə Müsavatı bir araya gətirsin. Ancaq bu partiyaların liderlərinin ambissiyaları elə ciddi şəkildə toqquşub ki, onları bir araya gətirmək müşkülə eçvrilib. Düzdür, tarixi təcrübə göstərir ki, Qərb dövlətlərindəki bəzi siyasi dairələr təkid edəndə bu partiyaları qısa müddətli olsa da bir araya gətirə biliblər. Lakin artıq vəziyyət o qədər dərinləşib, onlar elə ləng fəaliyyət göstərirlər ki, həmin partiyaların adları heç gənc nəsil arasında tanınmır. Ona görə də Azərbaycana təzyiq etmək istəyən qüvvələr üçün artıq bu partiyalar çox maraqsızdırlar. Amma bütün hallarda hər bir seçkiqabağı onlar bu partiyalardan istifadə etməyə çalışıblar. İstisna deyil ki, yenə də çalışsınlar. Amma həmişə kimi həm xarici dairələrin, həm də radikal müxalifətin cəhdləri uğursuzluqla nəticələnəcək".

Sizin Reklam Yeriniz