Əlaqə Arxiv
news Image
2015.08.27
11:30
| A A A
Türkiyədə parlament seçkisi öncəsi rəy sorğularının nəticələri açıqlanıb

Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçiriləcək növbədənkənar parlament seçkisində təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilməyəcək.

Movqe.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkədəki "Metropoll" Araşdırma Mərkəzinin rəhbəri Özər Səncər bildirib.

Onun sözlərinə görə, apardıqları sosioloji sorğunun nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası(CHP) və Xalqların Demokratik Partiyasına (HDP) səs verənlərin sayı artacaq, Milliyyətçi Hərəkat Partiyasının (MHP) səsləri isə azalacaq.

"Metropoll"un araşdırmasının nəticələrinə görə, AKP 259, CHP 133, MHP 74, HDP isə parlamentdə 84 deputat yeri qazanacaq.

"Gezici" Araşdırma şirkətinin rəhbəri Murat Gezicinin sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, iyunun 7-də keçirilən parlament seçkisində HDP-yə səs verənlərin 97 faizi HDP-yə, MHP-yə səs verənlərin isə 75 faizi yenidən bu partiyaları dəstəkləyəcək.

AKP-yə yaxınlığı ilə tanınan Ankara Sosioloji Araşdırmalar Mərkəznin rəhbəri İbrahim Uslu bildirib ki, Türkiyədə uzun illərboyu "bir partiya təkbaşına iqtidarda" olmayacaq və ölkəni koalisiya hökuməti idarə edəcək. Onun sözlərinə görə, son zamanlar Türkiyənin cənub-şərqindəki terror hadisələri nəticəsində AKP-nin Diyabəkirdəki 30 faizlik səsi 14 faizə enib.

Başqa araşdırmalara görə, sorğunun nəticələri belə olub: AKP - 39,2 %, CHP - 26,4 % MHP - 16,2 %, HDP - 14,1 %.

Digər sorğunun nəticəsi isə aşağıdakı kimidir: AKP - 41,7 %, CHP - 25,5% MHP - 15,7 %, HDP - 14,7 %.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilən parlament seçkisində AKP - 258, CHP - 132, MHP - 80, HDP - 80 yer qazanmışdı. Türkiyə Böyük Millət Məclisinin 550 üzvü var.

Sizin Reklam Yeriniz