Əlaqə Arxiv
news Image
2015.08.28
11:00
| A A A
Cəbhədə erməniləri daha böyük itkilər gözləyir
Üzeyir Cəfərov: “Düşmən yaxın zamanlarda daha ağır zərbələrə alacaq” Aydın Mirzəzadə: “Hər dəfə Azərbaycanın gücünü yoxlamaq cəhdi Ermənistanın özünə çox baha başa gələcək”

Cəbhə bölgəsində vəziyyət hələ də gərgin olaraq qalmaqdadır. Son zamanlar isə atəşkəsin pozulması fonunda ağır artileriyadan istifadə halları da artıb. Ancaq vəziyyəti gərginləşdirən erməni qüvvələri Azərbaycan Ordusunun ciddi və sərrast zərbələrinə tuş gələrək, çoxsaylı itkilərə məruz qalırlar.

Bu arada bir maraqlı məqamı qeyd edək ki, cəbhə bölgəsində vəziyyətin gərgin olduğu bir vaxtda Azərbaycan və Türkiyə hərbçiləri möhtəşəm və genişmiqyaslı hərbi təlimlər keçirirlər. Bu da düşmənə növbəti ciddi mesaj sayılır.

Hərbçi-ekspert Üzeyir Cəfərovun fikrincə, cəbhə bölgəsində gərginliyin artması fonunda düşmənə endirilən sarsıdıcı zərbələr, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə möhtəşəm hərbi təlimlər keçirməsi ermənilərə ordumuzun nə qədər güclü olduğu mesajını verdi: "Cəbhə bölgəsindəki təxribatlar düşmənin etdiyi ilk təxribatlar deyil. Azərbaycana qarşı işğalçılar neçənci təxribatdır ki, həyata keçirməyə çalışırlar. Bununla da istəyirlər ki, Azərbaycanı öz təxribatlarına cəlb etsinlər. Bu kimi təxribatlar son zamanlar xüsusən də Tovuz və Qazax rayonlarında özünü büruzə verir. Bu təxribatda da ermənilərin məqsədi Azərbaycanın Ermənistan ərazisinə zərbələr endirməsinə hesablanmışdı. Bunun da nəticəsində işğalçılar böyük hay-küy qaldırmağı düşünürdülər. Azərbaycan komandanlığı isə bu təxribatın qarşısını ustalıqla aldı və düşmənin həmlələrini lazımı şəkildə cavablandırdı. Ağır silahlardan istifadənin artmasına gəldikdə, Azərbaycan Müdafiə Nazirliyində bildirilmişdi ki, düşmənin istənilən həmləsi daha sərt şəkildə cəzasını alacaq. Minatanlardan atəş açacaqlarsa, Azərbaycan tərəfi düşməni artileriya atəşi ilə susduracaq və bu hal baş verir. Hazırda düşmən çox narahatdır. Son zamanlar hərbi sahədə də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı, birgə təlimlər, hərbçilərimizin F-16 hərbi təyyarəsi və döyüş helikopterlərində uçuş həyata keçirmələri düşməndə qıcıq yaradır. Onlar Azərbaycan Ordusunun bu cür aktivliyini, güclənməsini, Türkiyə ilə tez-tez möhtəşəm hərbi təlimlər keçirməsini heç cürə həzm edə bilmirlər. Sonuncu dəfə erməni təxribatına cavab olaraq, Azərbaycan düşmənin xeyli sayda canlı qüvvəsini və infrastrukturunu məhv etdi. Belə olanda düşmən tərəf başladı ki, Azərbaycan Türkiyə istehsalı olan avadanlıqdan, mərmilərdən istifadə edir. Hansı ölkənin istehsalı olmasının nə fərqi avr, Azərbaycan düşməni susdurmaq üçün istənilən ölkənin hərbi istehsalı olan texnika və silahdan istifadə edə bilər. Bunun üçün kimdənsə icazə almağa da ehtiyac yoxdur. Ermənistan Türkiyə faktorunu sadəcə olaraq, ona görə qabardır ki, dünya dövlətləri bununla bağlı olaraq Ankaranı qınasın. Amma bütün bunların xeyri yoxdur, Azərbaycan öz bildiyi doğru yolda davam edəcək. Düşmən yaxın zamanlarda daha ağır zərbələrə alacaq. Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ məsələsidir. Bu ərazilərimizin işğaldan azad olunması üçün də Azərbaycan hazırlıqlarını davam etdirir. Bunu ermənilər, onların havadarları da başa düşür. Ölkəmiz nəsələni uzatmamaq üçün də nə lazımdırsa, onu da edir. Döyüş hazırlığımızı artırmaqda da başlıca məqsədimiz tez bir zamanda torpaqlarımızı azad etməkdən ibarətdir. Azərbaycanın mövqeyi qətidir və bu istiqamətdə nə lazımdırsa, hamısını da edəcək. Bu da düşməndə qıcıq yaradır".

Millət vəkili Aydın Mirzəzadə düşünür ki, cəbhə xəttində son günlər baş verən gərginlik Ermənistan tərəfinin təxribatı ilə bağlıdır: "Ermənistan daxilində sosial vəziyyət həddən artıq çətinləşib. Əhali hakimiyyətdən sosial problemlərin həllini, iş yerlərinin yaradılması, gənclərə diqqətin artırılmasını tələb edir. Ancaq Ermənistanın Azərbaycana qarşı işğal siyasəti işğalçı ölkəni bu imkanlardan məhrum edir. Ona görə də Ermənistan hakimiyyəti bütün diqqəti cəbhə xəttinə yönəltməklə daxili diqqətin Qarabağ məsələsi üzərində saxlanılmasına çalışır. Bu səbəbdən vaxtaşırı gecə atışmalarına, bəzən də ağır silahlardan istifadə etməklə atəşkəsi pozmağa yol verirlər. Ancaq Ermənistan yaxşı bilir ki, Azərbaycanın hərbi qüdrəti ondan qat-qat yüksəkdir. Ermənistanın yol verdiyi hər bir təxribata Azərbaycan güclü cavab verəcək. Təsadüfi deyil ki, bu atəşlər Azərbaycan tərəfdən daha ağır atəşlərlə susdurulur və ermənilər hərbi və canlı qüvvə baxımından ciddi itkilər verir. Ermənistan tərəfi artıq çoxdan özü üçün yəqin edib ki, Azərbaycan tərəfə edilən təxribata ölkəmiz layiqli cavab verəcək. Hər dəfə Azərbaycanın gücünü yoxlamaq cəhdi Ermənistanın özünə çox baha başa gələcək".



Sizin Reklam Yeriniz