31 avqust Qubadlı rayonunun işğal günüdür. 1993-cü ildə Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt olunub. İşğal nəticəsində rayonun 95 yaşayış məntəqəsi talan edilib və yandırılıb. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən və Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlının sahəsi 826 kv.km-dir.
Hazırda rayonun 50 minədək əhalisi dədə-baba yurdundan uzaqda, respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır. Qubadlı əslində, erməni təcavüzü ilə Qarabag münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın ilk qaçqın dalğası Qubadlıdan keçib. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları müharibənin ilk günlərindən rayonu işğal etmək niyyətində olublar.
Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir. Artıq 1989-cu ilin sonlarından Qubadlı hər gün düşmənin hücumlarına məruz qalırdı. Qüvvələr qeyri-bərabər olsa da, Qubadlının özünümüdafiə dəstələri, yerli əhali ermənilərin qarşısına sipər çəkmişdi. Təəssüf ki, təcavüzün qarşısını sonadək almaq mümkün olmadı. Qubadlının işğalı zamanı rayondan olan 238 nəfər şəhid, 146 nəfər isə əlil olub. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası tərəfindən verilən 874 saylı qətnamə ilə təcavüzkarlardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymayıb.
Üzümçülük, baramaçılıq, taxılçılıq, heyvandarlıq, tütünçülük, rayon iqtisadiyyatının əsasını təşkil edirdi. Qubadlıda üzüm emalı, yağ-pendir zavodları, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, daş karxanası və mərmər sexi fəaliyyət göstərib. İşğala qədər rayonda 21 orta, 15 səkkizillik, 15 ibtidai, 2 texniki-peşə, 2 musiqi məktəbi, 7 məktəbəqədər müəssisə vardı.
Qubadlıda 111 mədəni-maarif və 25 məişət, 33 səhiyyə müəssisəsi, 125 ticarət, 96 iaşə, 21 rabitə obyekti işləyirdi. Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı. İşğal zamanı ermənilər Qubadlıdan minlərlə ton taxıl, tütün məhsulu, on minlərlə iri və xırdabuynuzlu mal-qara, yüzlərlə kənd təsərrüfatı texnikası, avtomaşınlar müsadirə edib.
Təcavüzkarlar Qubdalının qədim mədəniyyət abidələrini tar-mar ediblər. Qubadlıda 13160 hektar dövlət meşə fondu sahəsi vardı. Meşələrdə yaşı 160 ildən 1600 ilədək olan Şərq çinarları, saqqız ağacı təbiət abidəsi kimi dövlət qeydiyyatına alınaraq qorunurdu. Qubadlı Dövlət Təbiət Yasaqlığı, Bəsitçay Dövlət Təbiət Qoruğu isə qiymətli fauna və flora növlərinə malik idi. Əldə olunan faktlar emənilər həmin qiymətli təbii sərvətlərimizi talan etmələrindən xəbər verir. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrin yadigarları "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər tübəsi", Hacı Bədəl və Laləzar körpüsü kimi qədim tarixi abidələrin dağıdılmadığına da inam qalmayıb.
Hazırda Azərbaycanın işğal altındakı Qubadlı rayonuna Suriyadan gələn ermənilər qanunsuz olaraq məskunlaşdırılır. Dağlıq Qarabağdakı separatçı rejim və Ermənistanın birgə planı olan qanunsuz məskunlaşdırılma ilə bağlı Azərbaycan tərəfi öz etirazını bildirib. Bu gün Suriyadan gələn ermənilər üçün Qubdalıda evlər də tikilir.
Ermənilər Quabdalının adını dəyişərək ona "Sanasar" adı veriblər.