Əlaqə Arxiv
news Image
2015.09.01
09:00
| A A A
Faşizm Avropada yenidən dirçəlir
Fəzail İbrahimli: “Bu gün Qərb İslam dünyasına qarşı elan olunmamış səlib yürüşünə başlayıb” Elman Məmmədov: “Demokratiyanın, insan hüquqlarının ən çox pozulduğu ölkələr məhz Avropanın xristian dövlətləridir”

Avropa ölkələri təkcə müsəlman şərqində aranı qarışdırmaq, İslam ölkələrində müharibə ocaqları yaratmaq, onları bir-birinə qarşı qoymaqla kifayətlənmir. Hətta son zamanlar "köhnə dünya" bu ölkələrdən Avropaya pənah gətirmək istəyən mühacir qaçqınlara qarşı da amansız olması ilə seçilməyə başlayıb. Öz ölkələrində müharibənin gətirdiyi dəhşətlərdən yaxa qurtararaq, Avropaya pənah gətirmək istəyən suriyalı, əfqanıstanlı, iraqlı qaçqınlar gözləmədikləri halda burada Qərbin faşistsayağı siyasətinə tuş gəliblər.

Bu gün Yunanıstan, İtaliya, Makedoniya, Fransa, Böyük Britaniyaya pənah gətirmək istəyən müsəlman mühacirlər elə sərhəddəcə yerli hökumət qüvvələrinin amansız rəftarı, işgəncələrilə üzləşirlər. Hətta ayrı-ayrı fərdi şəxsləri çıxmaq şərtilə bu mühacirlərə ən adi yardım əlini belə uzatmır. Bəziləri, məsələn, Slovakiya kimi ölkələr isə irqçilik mövqeyindən çıxış edərək, müsəlman mühacirləri qəbul etməkdən ümumiyyətlə, imtina edirlər. Beləliklə, Qərb bir tərəfdənYaxın Şərqdə müharibə ocaqları yaradır, müsəlmanı bir-birinə qırdırır, digər tərəfdən də bu dəhşətlərdən baş götürüb Avropaya pənah gətirmək istəyən mühacirlərə qarşı faşistsayağı rəftar edirlər. Görəsən, özlərini demokratiyanın beşiyi sayan Avropanın müsəlman mühacirlərə qarşı belə siyasəti nədən qaynaqlanır? Avropa demokratiyası bu məsələdə niyə tənəzzülə uğrayır?

Millət vəkili Fəzail İbrahimli bildirdi ki, Avropa müsəlman dünyasına qarşı düşmənçilik siyasətindən əl çəkmədiyindən, həmin qitəyə pənah gətirmək istəyən mühacirlərə qarşı da eyni siyasəti yürütməkdə davam edir: "Qərbin son illər müsəlman şərqinə qarşı yeritdiyi siyasətin fəlsəfəsi, mahiyyəti onların orada vətəndaş müharibəsi törətməkdən, insanları bir-birinə qırdırmaqdan, müsəlman əhalisinin sayının azalmasına nail olmaqdan ibarət olub. Bu gün Qərb İslam dünyasına qarşı elan olunmamış səlib yürüşünə başlayıb. Hazırda ölkələrində vətəndaş müharibəsinin tüğyan etdiyi insanlar da bu dəhşətlərdən qaçıb məhz bu müharibəni qızışdıran xristian Avropasına sığınmaq istəyir. Təbii olaraq Qərb həmin mühacirlərin istəyini ödəyə bilməz. Müsəlmanlara qarşı bu hərəkətlər əvvəlcədən düşünülmüş proqramdır ki, indi icra olunur. Qərb həmişə müsəlman əhalisini məhv etmək mövqeyini tutub, belə olan halda onların həmin mühacirlərin istəyini ödəyəcəyini gözləmək olmaz. Ona görə də hazırda müsəlman mühacirlərə qarşı Qərbin tutduğu mövqe İslam dünyasına qarşı yetirdikləri düşmən siyasətinin tərkib hissəsidir".

Millət vəkili Elman Məmmədov isə bu qənaətdədir ki, Qərbin miqrantlara qarşı amansız siyasət yürütməsi Avropada faşizmin yenidən dirçəldiyindən xəbər verir: "Bilirik ki, İslam dini yaranan gündən xristian dünyası dözümsüzlük nümaqyiş etdirərək, ona qarşı müharibəyə, təqiblərə əl atıb. Onun nəticəsidir ki, bir vaxtlar xristianlar müsəlman şərqinə qarşı səlib yürüşləri də təşkil etmişdi. Bugünkü Avropa da dini cəhətdən dözümsüz olduğunu çox qabarıq şəkildə nümayiş etdirir. Qərb dünyaya demokratiya, insan haqlarının aliliyindən, əxlaqdan dərs keçir, dinlərarası, mədəniyyətlərarası birlikdən danışır. Ancaq əsl həqiqətdə. onların sözlərilə əməlləri arasında kəskin ziddiyyətlərin olduğunu görürük. Avropada, Amerikada məscidlərin yandırılması, İslam dini nümayəndələrinin təqib olunması, incidilməsi, öldürülməsi kimi vəhşi hallar baş verir. Bu gün də Qərbin vəhşiliyi ora mühacir etmək istəyən miqrantlara göstərilən münasibətin timsalında özünü bariz şəkildə nümayiş etdirir. Almaniyda, başqa ölkələrdə müsəlmanların yaşadığı yerlərə hücumlar edilir, onların məskunlaşdığı yerlər yandırılır, təzyiqlər edilir, Slovakiya irqi-milli ayrı-seçkiliyə yol verərək, ancaq xristian qaçqınları qəbul edə biləcəyini bildirir. Minlərlə miqrant hətta dənizdə batırılır. Bütün bunlar onu göstərir ki, demokratiyanın, insan hüquqlarının ən çox pozulduğu ölkələr məhz Avropanın xristian dövlətləridir. Amma Qərb öz gözündəki tiri görməməzliyə vuraraq, özləri insan haqlarını vəhşicəsinə pozsalar da, bunu başqa yerdə axtarmağa aludə olub. Bir qisim insan Azərbaycanda dövləti cinayət edərək, qanuna müvafiq şəkildə məsuliyyətə cəlb edilib. Ancaq Qərb özü qanunları pozaraq, qanunu pozanların hüquqlarının müdafiəsilə məşğul olur. Amma 1 milyondan artıq insanın hüququ Ermənistan tərəfdən 24 ildən çoxdur ki, pozulub. Lakin Avropa ölkələri Azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa edilməsinin vacibliyindən bir kəlmə də olsun danışmırlar. Hazırda Avropada miqrantlara olan bu münasibət onu göstərir ki, bu qitə ölkələri indi tamamilə başqa yolu tutub. Belə görünür, Avropada faşizm yenidən dirçəlir və Allah onun axırından saxlasın".



Sizin Reklam Yeriniz