Əlaqə Arxiv
news Image
2015.09.02
10:45
| A A A
Azərbaycanı gözü götürməyənlər…
Kamil Seyidov: “Kimlərin seçkilər barədə nə deməsindən asılı olmayaraq, ölkəmizdə seçkilər tam ədalətli və şəffaf keçiriləcək” Elşən Musayev: “Nəinki ikili, hətta üçlü, dördlü standartlardan çıxış edirlər”

Növbəti parlament seçkilərinə hazırlaşan Azərbaycanda prosesə hazırlıq yüksək səviyyədə gedir. Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiqlədiyi Təqvim Planına əsasən, artıq avqustun 29-dan deputatlığa namizədlərin irəli sürülməsi prosesinə start verilib. Bu xüsusda da siyasi təşkilatlar, fərdlər aktivləşib.

Seçkilər yaxınlaşdıqca Avropada da ölkəmizdə baş tutacaq bu proseslə bağlı olaraq müxtəlif fikirlər səslənməkdədir. Bu qitənin əksər ölkələrin təmsilçiləri vu qurumları bildirir ki, Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilir. Ona əsasən də həmin qurumlar bu qənaətdədir ki, Azərbaycanda ədalətli və şəffaf seçkilər baş tutacaq. Ancaq Avropada müəyyən qruplar da var ki, hələ seçkilərə start verilməmiş indidən prosesə kölgə salmağa çalışırlar. Buradan göründüyü kimi, Avropanın özündə belə Azərbaycanda keçiriləcək seçkilərə münasibətdə ziddiyyətli fikirlər dolaşır. Bir tərəf, apardıqları müşahidələrə əsasən seçkilərin ədalətli keçəcəyinə əmin olduğunu bildirir, digər tərəf isə həmişə olduğu kimi qərəz mövqeyindən çıxış edərək, indidən prosesə heç bir əsas olmadan kölgə salmaqla məşğuldur.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov bildirdi ki, noyabrda baş tutacaq seçkilərə münasibətdə Avropada yaranan ikili baxış orada ölkəmizlə dost münasibətdə olanlarla yanaşı, bizi istəməyən qüvvlərin də olmasının nəticəsidir: "Qərbin ölkəmizdə keçirilən seçkilər ərəfəsində Azərbaycana qarşı siyasi təzyiqlər etməyə çalışması halları əvvəllər də olub və bunun baş verəcəyini yenə də gözləyirik. Hələ bundan sonrakı seçkilərdə də anoloji hadisələrin şahidi olacağıq. Azərbaycan 24 ildir ki, müstəqil dövlətdir. Bu illər ərzində ölkəmizdə bələdiyyə, parlament, prezident seçkiləri keçirilib. Nəticədə bu sahə üzrə kifayət qədər səriştəli, təcrübəyə malik bir iş qurulub. Hər seçki dönəmində Avropanın bəzi dairələri də ölkəmizə gələrək prosesi müşahidə edir, izləyirlər. Onlar apardıqları müqayisələr nəticəsində ölkəmizdə keçirilən seçkilərin, ona hazırlıq prosesindən tutmuş, son anadək olan vəziyyətin demokratik olduğuna əmin olublar və bunu bəyanatlarında, mətbuata açıqlamalarında da bildiriblər. Amma ölkəmizi istəməyən müəyyən qüvvələr də var. Hansı ki, onların hələ seçkilər baş tutmamışdan öncə verəcəkləri hesabatlar artıq hazır olur. Onlar indidən seçkilər barədə mənfi rəy yaratmaq, Azərbaycanın imicinə zərbə vurmaq üçün Avropanın bəzi mətbu orqanlarında şantaj xarakterli məqalələrə yer verir, sorğular keçirirlər. Təəssüf ki, Azərbaycan müxalifətinin radikal qanadı da seçkiləri kölgə salan xarici qüvvələrə dəstək verir.

Lakin bu təşkilatlar, onların arxasında duranlar bilməlidir ki, Azərbaycan müstəqil dövlət olaraq müstəqil də siyasət yürüdür, ölkəmizdə şəffaf seçki mühiti formalaşıb. Bu gün Azərbaycan MDB məkanında, Avropada seçkilərin keçirilməsi üzrə qabaqcıl təcrübəyə malik ölkələrdən biridir. Amma aydındır ki, bütün bunlara baxmayaraq, ölkəmizi istəməyən qüvvələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyası əvvəllər olduğu kimi, yenə də olacaq, bu gözləniləndir. Kimlərin seçkilər barədə nə deməsindən asılı olmayaraq, ölkəmizdə seçkilər tam ədalətli və şəffaf keçiriləcək. Seçkilərə hazırlıq üzrə bütün prosedur qaydalarına əməl olunur. Ölkəmizin müstəqil siyasətinə qarşı yönəlmiş fəaliyyətdə iştirak edənlər arasında təbii ki, Ermənistan, erməni lobbisilə sıx əlaqədə olan dairələr də vardır. Onlar Azərbaycanın uğurlarına kölgə salmaq, imicinə xələl gətirmək yolunu tutublar. Amma bizi onların nə düşündüyü və nə etdikləri maraqlandırmır. Əsas odur ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda budəfəki seçkilər də tam demokratik və şəffaf şəkildə keçiriləcək. Bu da ölkəmizə qarşı qara yaxan qüvvələrə bizim tutarlı cavabımız olacaq".

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev qeyd etdi ki, ölkəmizdəki seçkilərə münasibətdə Avropada ikili ziddiyyətin olması oradakı təşkilatlar arasında ciddi və qeyri-ciddi qurumların olması ilə bağlıdır: "Avropada elə qüvvələr var ki, onlar heç bir zaman Azərbaycan hakimiyyətinə qarşı birmənalı münasibət sərgiləməyiblər. Nəinki ikili, hətta üçlü, dördlü standartlardan çıxış edirlər. Qərbin ölkəmizdə keçiriləcək seçkilərə münasibətində fərqli ziddiyyətlərin olması da həmin bu söhbətin əlamətidir. Təbii ki, belə iradlar, reallığa söykənməyən söhbətlər həmişə olacaq. Amma fakt budur ki, Azərbaycan iqtidarı xalqın iradəsini təmsil edir. Bütün seçkilərdə də müqayisə olunmayacaq dərəcədə bu tendensiya özünü göstərib. Sadəcə olaraq, heç bir siyasi elerktoratı olmayan qüvvələr harasa donoslar ötürməlidirlər. Lakin fakt faktlığında qalır. Beynəlxalq aləm deyərkən ciddi qurumları nəzərdə tuturuq. Ciddi qurumlar da hər zaman Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi qənaətində olub, hətta bu məsələdə xüsusi pozitiv bəyanatlarını da veriblər. Yəni, Azərbaycan seçki neqativi anlamında heç zaman Avropa və dünyanın gündəmində olmayıb. Uzağı Əli Kərimli və "Azadlıq" qəzetinin donosları əsasında öz fəaliyyətini quran bəzi beynəlxalq təşkilatlar var ki, onların da bu məkrli niyyətləri sonda uğursuzluğa düçar olur. Onların xisləti budur. Onlar Azərbaycan iqtidarına qarşı getməklə hardansa maliyyələşirlər. Əslində, missiyaları da tənqid etməkdən ibarətdir. Amma tənqid də gərək əsaslı olsun, düzgün hədəfə tuşlansın, məntiqli ünvanı olsun. Azərbaycan dövlətində parlament seçkilərini hər zaman olduğu kimi yenə də demokratik və şəffaf keçiriləcək. Məkirli qüvvələrin beləcə arzuları da ürəklərində qalacaq, onların sözü, rəyi heç bir ümumi mənzərəni dəyişə bilməyəcək".

Sizin Reklam Yeriniz