Əlaqə Arxiv
news Image
2015.09.04
09:00
| A A A
Qərbdə media azadlığına hücumlar genişlənir
Hikmət Babaoğlu: “İstədikləri vaxt söz azadlığı, demokratiya kimi qlobal dəyərləri digər ölkələrə qarşı silah kimi istifadə edirlər” Elçin Mirzəbəyli: “Onlar sadəcə, mülahizələrlə, fikirlərlə absurd iddialarla çıxış etməklə kifayətlənmiş olurlar”

Qərbdə media mənsublarına qarşı qanunazidd əməllərə ABŞ və Avropa rəsmiiləri hələ də heç bir reaksiya vermir. Halbuki, araşdırmalar göstərir ki, media mənsubları ilə bağlı qanun pozuntuları Avropada başqa ölkələrdən daha çoxdur. Belə ki, yalnız 2015-ci ilin səkkiz ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Bunlardan 23-ü İngiltərənin, 55-i Fransanın, 61-i Almaniyanın, 28-i İspaniyanın, 6-sı Portuqaliyanın, 7-si Avstriyanın, 73-ü İtaliyanın, qalanları isə digər ölkələrin payına düşür. Hadisələrin mahiyyətinə gəlincə isə onlardan 7-si ölüm hadisəsi olub, 126-sı fiziki cəza, 80-i həbs, 181-i isə senzura ilə bağlı olub.

ABŞ-da isə jurnalistlərin ölümü Qərbdə də söz və media azadlığının istənilən səviyyədə olmadığını bir daha sübut etdi. Digər ölkələri məhz bu dəyərlərin təmin edilməməsinə görə ittaham edən Qərb, daha qəddar - jurnalistlərini küçədə, düz insanların gözü qarşısında öldürür. Xüsusi ilə nəzərə alaq ki, bu, ilk və sonuncu hadisə deyil. Ancaq diqqəti cəlb edən məqam odur ki, sözügedən qətl hadisəsinin üzərindən bir neçə gün keçəsə də "Human Rights Watch", "Freedom House" kimi "hüquq müdafiəçiləri"nin tənqidi bəyanatlarını gömədik.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, üçüncü ölkələrə "demokratiya" ixrac edən imperialist mərkəzlər əslində, demokratiyanı silaha çeviriblər: "Söz və mətbuat azadlığı müasir imperializmin ən müasir cəbbəxanasıdır. İstədikləri vaxt söz azadlığı, demokratiya kimi qlobal dəyərləri digər ölkələrə qarşı silah kimi istifadə edirlər. Bu, artıq ənənə halını alıb. Ona görə də öz ölkələrində baş verən hansısa qanun pozuntusu, söz və mətbuat azadlığını məhdudlaşdıran, açıq şəkildə jurnalistlərə zorakılığın tətbiq olunması ilə bağlı faktları gizlədirlər. Ancaq imperialistlərin hədəfi olan ölkələrdə hər hansısa bir hadisə baş verdikdə motivin nə olub-olmamasından asılı olmayaraq, onu söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər. Bu yolverilməzdir. Bu cür hərəkətlər qlobal dəyərləri gözdən salmaqdır. ABŞ-da küçədə iki telejurnalist güllələndi. Bunun çox dərin kökləri var idi. Hadisədə ksenofobiya, irqi, dini ayrı-seçkilik özünü büruzə verirdi. Çox təəəssüf ki, həmin vaxt hansısa jurnalist, insan hüquqları təşkilatının bəyanatını görmədik. Bu cinayətin motivi belə insan hüquqları ilə bağlı idi.

Ancaq Azərbaycan və ona bənzər ölkələrdə oxşar hadisələr baş verən kimi çox ciddi şəkildə demokratiyanın, söz və mətbuat azadlığının pozulduğu iddiası orta atılır. Manipuliyasiya vasitəsinə çevrilir və beynəlxalq təzyiq qrupların, "hüquq təşkilatları"nın bəyanatlarının şahidi oluruq. Bu, milli iradəyə qarşı zorakılıqdır. Milli hakimiyyəti şantaj etmək deməkdir. Bunların hamısının kökündə dövlətlərin milli maraqlarından güzəşt əldə etmək niyyətidir. Diqtə edən tərəf olaraq özlərinin imperialist istəklərini həyata keçirmək istəyirlər".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirir ki, bunun səbəbləri var: "Əvvəla insan hüquqları, söz azadlıqları ilə məşğul olan beynəlxalq qurumların böyük əksəriyyəti ABŞ Dövlət Departamentinin ayırdığı vəsait vasitəsi ilə fəaliyyət göstərirlər. ABŞ Dövlət Departamenti ya birbaşa, ya da müxtəlif fondlar vasitəsi ilə bu qurmları maliyyələşdirir. Eyni zaman transmilli media orqanları, nüfuzlu sosial şəbəkələr və internet portalları da məhz ABŞ Dövlət Departamenti və ABŞ-da fəaliyyət göstərən fondlar tərəfindən maliyyələşdirilir. Belə olduğu təqdirdə həmin fondlar, beynəlxalq təşkilatlar da ABŞ Dövlət Departamentindən asılı vəziyyətdədirlər. Şübhəsiz ki, Departamentin əməyinə qarşı hansısa fikir səsləndirə bilməzlər. ABŞ-da baş verən irqi ayrı-seçkiliklə bağlı ciddi fikirlər ortaya qoya bilməzlər".

Elçin Mirzəbəyli mühüm bir məsələyə də toxundu: "ABŞ dünayada inkişaf etmiş dövlətlər arasında yeganə dövlətdir ki, bu günə qədər çox mühüm konvensiyalara qoşulmayıb. Bu konvensiyaların böyük əksəriyyəti insan hüquqları və azadlıqları ilə bağlıdır. Dünyada 9 mühüm konvensiya var. Şübhəsiz ki, digər konvensiyalar da kifayət qədər əhəmiyyətlidir. Amma 9 əsas beynəlxalq müqavilədən ABŞ yalnız 3-ə qoşulub. Bunlardan birinci "İrqi ayrı-seçkiliyinin bütün növlərinin ləğvi haqqında" konvensiyadır. Hətta bu konvensiyaya qoşulmasına baxmayaraq, ABŞ-da irqi ayrı-seçkilik bu gün də özünü açıq şəkildə büruzə verir. İkincisi "Mülki və siyasi hüquqlar haqqında" beynəlxalq aktdır. Üçüncüsü isə "İşgəncələrə əleyhinə" Konvensiyadır. Amma ABŞ bu günə qədər "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxlaq akta qoşulmayıb. "Qadınlara qarşı bütün növ ayrıseçkiliyinin ləğvi", "Uşaq hüquqları haqqında", "Əmək miqrantları və onların ailələrinin hüquqlarının qorunması haqqında", "Əllillərin hüquqları haqqında" heç bir konvensiyaya radifikasiya etməyib. ABŞ-ın qoşulmadığı sənədlərin sayı bununla kifayətlənmir. Bu mənzərə ABŞ-ın dünyadakı insan hüquq və azadlıqlarının açıq şəkildə göstəricisi kimi dəyərləndirilməlidir. Onlar sadəcə, mülahizələrlə, fikirlərlə absurd iddialarla çıxış etməklə kifayətlənmiş olurlar".




Sizin Reklam Yeriniz