Əlaqə Arxiv
news Image
2015.09.05
09:00
| A A A
Ermənistan ölkədaxili problemi cəbhəyə transfer etmək istəyir
Üzeyir Cəfərov: “Ermənistanın hərbi və siyasi rəhbərliyi çox narahatdır” Azad İsazədə: “Etiraz aksiyalarına fasilə vermək üçün insanlar arasında qorxu yaradırlar”

Cəbhədə vəziyyətin gərginləşdiyi bir vaxtda Ermənistanda "İldırım-2015" kod adı altında komanda-qərargah təlimləri başlayıb. Təlimlərin başlaması qəfil xarakter daşıyıb və əhali arasında təşviş yaradıb. Çünki Ermənistanın Azərbaycanla sərhəd rayonlarından əhalinin kütləvi evakuasiyasına hazırlığa başladığından sadə ermənilər irimiqyaslı müharibənin yaxınlaşmasından qorxuya düşüblər.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan deyib ki, hərbi təlimlər "planlaşdırılmış xarakter" daşıyır və sentaybrın 6-na qədər davam edəcək. Onun sözlərinə görə, təlimlərin gedişində bütün dövlət strukturlarının işinin koordinasiya olunması da sınaqdan keçiriləcək. Ekspertlərin sözlərinə görə, bu, Ermənistanın hakimiyyətinin ömrünün uzadılmasına hesablanmış təlimlərdir. Xüsusi ilə də dinc əhali arasında narahatçılıq yaratmaqla diqqəti mitinqlərdən cəbhəyə çəkmək istəyirlər.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Ermənistan təlimlərə belə şərh verir ki, bu, onların keçirdiyi təlimlərin tərkib hissəsidir: "Guya təlimlər zamanı mülki şəxslərin də evakuasiya edilməsi təlimlərin bir elementidir. Amma bu, Ermənistanın növbəti təxribatıdır. Azərbaycan Ermənistan ərazisində hər hansısa bir tədbir görmək fikrində deyil. Biz sadəcə olaraq, öz ərazilərimizi işğaldan azad etmək üçün çalışırıq. Danışıqlar da ona yönəlib. Hazırda bilirik ki, Ermənistanda daxildə vəziyyət gərgindir. Serj Sarkisyan hakimiyyətinə qarşı ümumerməni mitinqlərinin keçiriləcəyi barədə anonslar verilir. Ermənilər həm də çox narahatdırlar. Təlimləri bilərəkdən bu müddətə təyin ediblər. Yəni, bu, erməninin növbəti təxribatıdır. Guya Azərbaycan Ermənistan ərazisinə hücuma keçəcək. Amma Azərbaycanın Ermənistan ilə bağlı belə bir planı olmayıb. Söhbət ancaq sırf işğal altında olan ərazilərdən gedə bilər. Döyüş əməliyyatları həmin ərazilərdə mümkündür. Normalda bu təlimlərə çox sakit yanaşmaq lazımdır. Biz də belə təlimlər keçirə bilərik. Fövqəladə hallar zamanı insanların sığınacaqlarda yerləşdirilməsi istiqamətində təlimlər keçirmişik. Lakin ermənilər bunu böyük şou formasında təqdim etmək istəyirlər. Məqsədləri sırf bir ajiotaj yaratmaqdır. Kiçik bir təlimi böyük ajiotaj ilə təqdim etmək istəyirlər. Bu, adi təlimlərdən biridir. Maraqlısı budur ki, insanlar evakuasiya ediləndən sonra necə geri qaytarılacaq? Bu təlimlərdən Azərbaycan üçün narahtçılıq yoxdur. Ermənistanın özünün hərbi və siyasi rəhbərliyi çox narahatdır. Bu təlimlər Azərbaycan ilə Türkiyənin keçirdiyi təlimlərin heç 30%-i ola bilməz".

Hərbi məsələlər üzrə digər ekspert Azad İsazədə bildirdi ki, hər bir təlimin 3 məqsədi var: "Birincisi, real qoşunları təlimdən keçirməkdir. İkinci məqsəd, öz hərbi gücünü nümayiş etdirməkdir. Üçüncü məqsəd isə hərbi-diplomatik xarakter daşıyır. Amma burada bir məqsəd də ola bilər. Bilirik ki, Ermənistanda daxili vəziyyət sabit deyil. Mülki əhalini evakuasiya etməklə onlar arasında narahatçılıq yaratmaq istəyirlər. Etiraz aksiyalarına fasilə vermək üçün insanlar arasında qorxu yaradırlar".



Sizin Reklam Yeriniz