Əlaqə Arxiv
news Image
2015.09.05
11:00
| A A A
Bağlı hesabat: ATƏT ölkələri Azərbaycanın Dağlıq Qarabağ üzrə mövqeyi barədə ətraflı məlumat alıblar

Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovun Dağlıq Qarabağ üzrə vacib bəyanatları və mövqeyi Trend-in Vyanadakı diplomatik mənbələrdən regiondakı hadisələr və ATƏT sədrinin münaqişənin nizamlanması üzrə şəxsi nümayəndəsinin fəaliyyəti haqqında əldə etdiyi hesabatda ATƏT ölkələrinə ətraflı təqdim edilib.


Agentliyin əldə etdiyi ATƏT ölkələrində yayılmış hesabatda xüsusilə də Azərbaycan Prezidentinin indiki vəziyyətin qorunması halında Ermənistan kimi ölkənin gələcəkdə dünya xəritəsindən silinəcəyi barədə sözləri yer alıb. Bu baş versə, günahkar yalnız indiki kriminal diktator rejimi olacaq.


Hesabatda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi şərhlər qeyd edilib: "Beynəlxalq ictimaiyyət işğalçı ilə işğala məruz qalan arasında çox aydın fərq qoymalıdır. Münaqişənin kökləri barədə, onun nə üçün yarandığını unutmaq olmaz. Ermənistanın Dağlıq Qarabağda dəstəklədiyi erməni separatçıları Azərbaycana qarşı təcavüzə keçdilər".


Münaqişənin ilk qurbanlarının azərbaycanlılar olduğunu deyən Prezident əlavə edib ki, işğal etnik təmizləmə siyasəti, Xocalıdakı soyqırım və Azərbaycan ərazisinin 20 faizinin işğal altına düşməsi ilə nəticələndi.


Movqe.az xəbər verir ki, Trend-in əldə etdiyi hesabatda dövlət başçısının "Dağlıq Qarabağın işğalına heç bir bəraət qazandırmaq olmaz, çünki bu, çox aydındır və xəritəyə baxmaq kifayət edər ki, Azərbaycanın böyük bir hissəsinin Ermənistanın işğalı altında olmasını görsünlər" sözlərinə də yer verilib: "Onlar bütün azərbaycanlıları oradan qovublar, onların insan hüquqlarını pozublar, bütün tarixi və dini abidələrimizi dağıdıblar... Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Sual isə ondadır, necə olur ki, dünyada əhalisinin 99 faizinin bir millətin nümayəndələrinə aid olan ölkədə - Ermənistanda ksenofobiya haqqında hekayədən danışırlar. Buna görə də qurban və təcavüzkar arasında fərq qoyulmalıdır. Təcavüzkar məsuliyyətə cəlb edilməlidir".


Bundan başqa, hesabatda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bəyanatı qeyd edilir. Bənayatda dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur: "Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha çox tənəzzülə uğrayır".


İlham Əliyev bildirib ki, Ermənistan dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir: "Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni insan resursları da yoxdur. Belə getsə, gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir".


Hesabatda, həmçinin E.Məmmədyarovun Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun tarixli "Çıraqov və digərləri Ermənistana qarşı" və "Sarkisyan Azərbaycana qarşı" işləri haqqında qərarları ilə bağlı rəsmi şərhin yer aldığı müsahibəsi təqdim edilib.


Nazir bildirib ki, məhkəmənin qərarı bir neçə aspektdən əhəmiyyətlidir: "İlk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğal etməsi və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu".


Onun sözlərinə görə, BMT Baş Məclisinin 1974-cü ildə konsensusla qəbul etdiyi tərifə görə bir dövlət tərəfindən digər dövlətin ərazisinə müdaxilə və hücum və ya bu müdaxilə və hücum nəticəsində müvəqqəti olsa da hərbi işğal, eləcə də bir dövlət tərəfindən digər dövlətin ərazisinin bombalanması və ya bir dövlət tərəfindən digər dövlətin ərazisinə qarşı hər hansı silahdan istifadə edilməsi təcavüzün ən qabarıq təzahürləridir.


E.Məmmədyarov vurğulayıb ki, xüsusilə, məhkəmə məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərini xatırladıb: "Bu, ilk dəfə deyil ki, Ermənistan tərəfi danışıqlar prosesinin məğzini təhrif edir. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Çıraqov işi ilə bağlı hökmün elanından sonra Xarici İşlər Nazirliyinin 16 iyun tarixli bəyanatında təkrarlanıb. Biz aydın şəkildə vurğuladıq ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin çıxarılmasını və məcburi köçkünlərin geri qayıtmasını "güzəşt" kimi nəzərdən keçirmir. Sizin də istinad etdiyiniz Ermənistan tərəfinin davranışı məhkəmənin müdafiə olunmasına hökm verdiyi məcburi köçkünlərin fundamental hüquqlarının reallaşdırılması üçün kimin maneələr yaratdığını aydın şəkildə göstərir".

Sizin Reklam Yeriniz