Əlaqə Arxiv
news Image
2015.09.08
17:30
| A A A
Prezident İlham Əliyev: “Bu gün də bizə qarşı çirkin kampaniya davam edir”

"Çünki biz ölkəmizi qoruyuruq, imkan vermirik ki, "beşinci kolon", milli satqınlar, xainlər burada meydan oxusunlar"


 "Biz xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir, gələn ay biz 9 ayın yekunları ilə bağlı hökumətin iclasında bunu müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, ilin sonuna qədər çox yüksək nəticələrlə ili başa vuracağıq".

Movqe.az xəbər verir ki,  bu sözləri prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinə həsr edilmiş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu ilin ötən müddəti ərzində Ümumi Daxili Məhsul təxminən 6 faiz, qeyri-neft iqtisadiyyatı isə 9 faizdən çox artıb, inflyasiya çox aşağı səviyyədədir, kənd təsərrüfatı məhsullarının istehsalı 7,3 faiz, qeyri-neft sənayesi 14 faiz artıb: "Bu, böhranlı illərdə əldə edilən nailiyyətdir. Dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Çünki ilk növbədə bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, bu, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlarla bağlıdır. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir".

Prezident xatırladıb ki, bu il "Fitch" reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib: "Azərbaycanın 3B səviyyəsində reytinqi var və bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir. Bu, mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdi. Halbuki çox böyük hadisədir. İndi başqa ölkələrin də kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir. Nə üçün? Əvvəllər bədxahlar, paxıllar bizim uğurlarımızı neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasilatı var, ona görə də inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür, neftin də qiyməti iki dəfədən çox düşüb, amma biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Anti-Azərbaycan, islamofob qüvvələr, müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, bizim işimizə kölgə salsınlar. Avropa Oyunları ərəfəsində, Avropa Oyunları zamanı və indi, bu gün də bizə qarşı çirkin kampaniya davam edir. Nə üçün? Çünki biz ölkəmizi qoruyuruq, imkan vermirik ki, "beşinci kolon", milli satqınlar, xainlər burada meydan oxusunlar. İmkan verməyəcəyik də! Bugünkü iqtisadi və siyasi mənzərə bundan ibarətdir".



Sizin Reklam Yeriniz