Əlaqə Arxiv
news Image
2015.09.11
07:03
| A A A
Qarabağda yaxınlaşan yeni müharibə
Üzeyir Cəfərov: “Bu, torpaqların işğaldan azad edilməsindən öncə həyata keçirilən ən böyük hazırlıq təlimləridir” Emin Həsənli: “Bu təlimlər onu göstərir ki, Azərbaycan Ordusu qarşıya qoyulan hər bir tapşırığı yerinə yetirməyə qadirdir”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu günlərdə təlimlərə cəlb edilən hərbi vəzifəlilərlə görüşüb. Nazir deyib ki, təlimlərə ehtiyatda olan hərbi vəzifəlilərin də cəlb olunmasının əsas məqsədi onların döyüş hazırlığı səviyyəsini müəyyən etməkdir: "Biz buna böyük əhəmiyyət veririk".

Qeyd edək ki, sentyabrın 6-dan Azərbaycanda geniş miqyaslı hərbi təlimlərə start verilib. Bu təlimlərdə Silahlı Qüvvələrin 65 min nəfərlik heyəti iştirak edir. Bundan başqa ehtiyatda olan 6 min nəfər hərbi qulluqçu da təlimlərə cəlb edilib. Eyni zamanda, bu təlimlərdə çoxsaylı hərbi texnikadan da istifadə olunur.

Hərbçi-ekspert Üzeyir Cəfərovun fikrincə, nazirin sözügedən açıqlaması onu göstərir ki, danışıqlar nəticə vermədiyi təqdirdə, yaxın zamanlarda Azərbaycan Ordusu güc amilinə əl atacaq: "Onu qeyd edim ki, sonuncu təlimlər öz miqyasına görə ən irimiqyaslı təlimlərdir. Bu, həm də torpaqların işğaldan azad edilməsindən öncə həyata keçirilən ən böyük hazırlıq təlimləridir. Azərbaycan da bu təlimləri o məqsədlə aparır ki, sabah genişmiqyaslı hərbi əməliyyatlar başlayarkən, təkcə ön xəttə olanların deyil, o cümlədən ehtiyatda olanların da bu prosesdə gücünü müəyyənləşdirsin. Təlimlər də yalnız və yalnız bu məqsədlə həyata keçirilir. Müdafiə naziri də haqlı olaraq düzgün qeyd edir ki, ehtiyatda olanların da hərb qabiliyyəti, atıcı silahlardan, döyüş texnikasından istifadəsi məsələsi müzakirə olunur və sabah baş verə biləcək real döyüşlər zamanı onların sıradan çıxa biləcək itkiləri necə əvəzləyə, hansı igidliklər göstərə biləcəkləri yerindəcə yoxlanılır. Bir sözlə, nazirin sözlərindən o nəticə hasil etdim ki, Azərbaycan yaxın zamanlarda, danışıqlar nəticə verməsə, ərazi bütövlüyümüzün bərpası istiqamətində güc amilindən istifadə edəcək. Məhz bu məqsədlə də geniştərkibli hərbi təlimlər keçirilir. Bu isə idman leksikonu ilə desək, mühüm oyundan öncə komandanın məşq prosesidir ki, bu da ən yüksək səviyyədə həyata keçirilir.

Yoxlamaların nəticəsi də göstərir ki, həm ehtiyatdan çağırılanlar, həm sırada olanlar qarşılarında duran vəzifələri yaxşı anlayırlar, kiçik çatışmamazlıqlara baxmayaraq, hər şey plan üzrə gedir. Ümidliyəm ki, yaxın zamanlarda Azərbaycan Silahlı Qüvvələri lazım olan addımları atacaqlar".

Digər ekspert Emin Həsənli isə bildirdi ki, Azərbaycan Ordusu hər an torpaqları azad etməyə qadir səviyyədədir: "Keçən il də belə genişmiqyaslı hərbi təlimlər keçirilmiş və ehtiyatda olan hərbi qulluqçular ora cəlb edilmişdi. Özüm ehtiyatda olan zabit kimi bu proseslərdə iştirak edirəm. Bu zaman uğurlarımızı gözümlə görmüşəm. Müdafiə Nazirliyinin təlimləri yüksək səviyyədə təşkil etməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elan zamanı hərbi qulluqçuları qəbul etməsi, onlarla iş aparması, hərbi hissələrə aparıb təhvil verməsi, bütün bunlar yüksək səviyyədə, peşəkarlıqla təşkil edilir. Son dövrlər ümumiyyətlə, keçirilən hərbi təlimlər daha yüksək səviyyədə, daha peşıkarlıqla həyata keçirilir. Gecə təlimləri də böyük effekt verdi. Hava hücumundan müdafiə sistemləri daxil olmaqla, quru, dəniz qüvvələri, müxtəlif qoşun növləri təlimləri yüksək səviyyədə təşkil edirlər. Bu təlimlər onu göstərir ki, Azərbaycan Ordusu qarşısına qoyulan hər bir tapşırığın yerinə yetirilməsinə tam olaraq qadirdir. Ali Baş Komandanın birinci tapşırığı da odur ki, torpaqlarımız işğaldan azad edilməlidir. Sonuncu dəfə Dəniz Qüvvələri Hərbi Qərargahının açılışı zamanı çıxışında da Prezident demişdi ki, düşmənlər rədd olub torpaqlarımızdan getməlidir. Bunun da yolu Azərbaycan Ordusundan, onun gücündın keçir. Ordumuz müharibəyə hazırlığı hər an yüksək səviyyədə saxlamaq üçün belə iri miqyaslı təlimlər həyata keçirir. Əsgər hazırlığından tutmuş, maddi-texniki baza, saxlanılma, silahlanma, səfərbərlik, ehtiyatda olan hərbi vəzifəlilərin cəlb edilməsi, onlara müasir silahlardan istifadə qaydalarının öyrədilməsi, peşəkarlığın artırılması, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti qarşısına bir nömrəli vəzifəsi kimi torpaqların işğaldan azad edilməsi məqsədini qoyub, bunun üçün də yüksək səviyyədə hərbi təlimlər keçirir".

Sizin Reklam Yeriniz