Əlaqə Arxiv
news Image
2015.09.11
09:00
| A A A
İnsan hüquqları üzrə ali komissardan BMT nüfuzuna böyük zərbə
Tahir Kərimli: “Azərbaycanda insan haqlarından danışan BMT nədən özünün qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasına xidmət edən 4 qətnaməsinin qəbul edilməsinə çalışmır?”

Bir sıra beynəlxalq təşkilatların təmsilçiləri hələ də Azərbaycana qarşı qərəzli kampaniya aparmaqda davam edirlər. Bu günlərdə BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn də həmin çirkin kampaniyaya qoşularaq, heç bir əsas olmadığı halda Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər və hökumət tənqidçiləri ilə bağlı uydurma fikirlər səsləndirdi.

Real mənzərəyə nəzər yetirəndə isə, BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn tərəfindən Azərbaycanda insan hüquqları ilə bağlı səsləndirilən həmin fikirlərin də yenə qərəzə və qeyri-obyektivliyə əsaslandığı üzə çıxır. Nəyə görə BMT rəsmisi ölkəmizlə bağlı belə qərəzə yol verir? Amma 25 ildir hüququ pozulan qaçqın və məcburi köçkünlərin problemlərini qaldırmır, onlarla bağlı məsələyə toxunmurlar?

Vəhdət Partiyasının sədri Tahir Kərimli BMT rəsmilərinin ölkəmizə qarşı qərəz sərgiləməsinin əsasında qurumda ABŞ-ın hegomon mövqe sərgiləməsinin dayandığını bildirdi: "Vaxtilə BMT qərargahında olaraq, təşkilatın ali rəhbərləri ilə də görüşmüşəm. Məsələ ilə bağlı qəti qənaətim odur ki, BMT sırf ABŞ ssenarisi əsasında qurulan bir təşkilat olmaqla yanaşı, həm də əsasən Vaşinqtonun dediyilə oturub-duran qurumdur. ABŞ-ın hansı dövlətə qarşı münasibəti pisləşirsə, BMT rəhbərliyi də anoloji mövqe tutur. Həmçinin, əksinə, Vaşinqton hansı dövlətlə yaxşı münasibət qurmağa çalışırsa, sözügedən qurum rəsmiləri də məhz həmin mövqedən çıxış edirlər. Əslində, BMT qərargahının ABŞ-da yerləşməsi və onun büdcəsinin yarıdan çoxunun bu ölkənin üzərinə düşməsi də onu göstərir ki, pulu kim verirsə, sifarişi verən də odur.

BMT-nin insan hüquqları üzrə müsəlman ali komissarı Zeyd Raad Əl-Hüseyn ABŞ-ın dostu olan islam ölkələrinə, orada insan haqları tapdansa da, bir etiraz sözünü deyə bilmir. Amerikadan asılı vəziyyətdə olan BMT üzvləri, o cümlədən insan hüquqları üzrə komissar birbaşa ABŞ-ın dediyi və istəyinə uyğun hərəkət edir. Birbaşa ABŞ-ın istəyilə hərəkət etdiyindən sözügedən qərəzli münasibəti BMT Azərbaycana münasibətdə də göstərir. Azərbaycan heç kimdən çəkinmədən müstəqil siyasət yeridir. Amerika və qeyri-dövlətlər buradakı qeyri-hökumət təşkilatları vasitəsilə Azərbaycanda Maydan hərəkatı, idarə olunan xaos yaratmaq, ölkəmizi ərəb dövlətlərinin vəziyyətinə salmaq istəyirdilər. Lakin onların bu çirkin niyyətləri baş tutmadı. Azərbaycan hökuməti xalqın dəstəyilə anti-Azərbaycan qüvvələrinin çirkin niyyətlərini alt-üst etdi. Qərb isə bununla barışa bilmir. Ona görə də Qərbdə indi ölkəmizə qarşı qərəzçilik yaranıb. Azərbaycanda insan haqlarından danışan BMT nədən özünün qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasına xidmət edən 4 qətnaməsinin qəbul edilməsinə çalışmır? 1 milyon qaçqın və məcburi köçkün çöllərdə qalaraq, öz doğma el-obalarına qayıda bilmir. Bu barədə danışmaqdan, verilən qərarın düşmən ölkə tərəfindən icra edilməsi üçün ona təsir etməkdən yayınırlar. Amma əvəzində özlərinə xidmət edən qeyri-hökumət təşkilatlarının müdafiəsinin xidmətində dururlar. Bu da ikili standartın nəticəsidir və onu göstərir ki, BMT rəsmiləri də ölkəmizə münasibətdə belə qərəz göstərirlər".



Sizin Reklam Yeriniz