Əlaqə Arxiv
news Image
2015.09.12
09:10
| A A A
Milli Şuraya yenə xaricdən sifariş gəlir
Tahir Kərimli: “Azərbaycan cəmiyyətində Milli Şuraya maraq azdır, hətta belə bir təşkilatın olması yaddan çıxıb” Kamil Seyidov: “Azərbaycan xalqı çoxdan onları boykot edib”

Xəbər verildiyi kimi, Milli Şura seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib. Siyasi şərhçilərin sözlərinə görə, Milli Şuranın bu addımı gözlənilən idi. Əsas səbəb kimi sosial bazalarının həddindən artıq zəifləməsi göstərilir. Eyni zamanda seçkilərə qatılmamaq qəranının xarici havadarlarından sifariş olması da istisna edilmir.

Vəhdət Partiyasının sədri Tahir Kərimli hesab edir ki, Milli Şuranın boykot qərarı verməsinin iki mühüm qaynağı var: "Birinci ondan ibarətdir ki, qurum həddindən artıq dərəcədə zəifləyib. Yəni, real gücü və qalib gəlmək şansları yoxdur. Onlar özlərini məğlubiyyətdən sığortalamaq üçün seçkilərdə iştirak etmirlər. Halbuki, hansısa namizədlərinin müəyyən diarələrdə şans qazana bilərdilər. Elə onların da qarşısına bir çəpər çəkmiş oldular.

İkincisi, Milli Şura özünü müxalifətin digər hissəsindən ayrır. Guya, bunlar həqiqi müxalifətdirlər. Guya, seçkiyə getməməklə ictimai-siyasi vəziyyətə təsir edəcəklər. Bununla da beynəlxalq təşkilatların diqqətini özlərinə cəlb edirlər. Amma Azərbaycanda siyasətlə məşğul olan heç kəs yaddan çıxarmayıb ki, vaxtı ilə ümumi müxalifətin boykot qərarında Milli Şuraya daxil olan AXCP seçkidə iştirak etdi. Ona görə də indiki vəziyyətdə fərqlənmək niyyətləri var, az da olsa, diqqəti özlərinə cəlb etmək arzusundadırlar. Eyni zamanda Azərbaycan cəmiyyətində Milli Şuraya maraq azdır. Hətta belə bir təşkilatın olması yaddan çıxıb. Ancaq xarici təşkilatlara Azərbaycan hökumətinə təzyiq üçün müəyyən materilın hazırlanması baxımından öz xidmətlərini təklif edirlər. Bununla da xaricdən yardım umurlar".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən indiki müxalifət qeyri-legitimdir: "Müxalifətin özünün fəaliyyətinin qeyri-qanuni olması, antimilli mövqedən çıxış etməsi sosial bazasını heçə endirib. Milli Şurada hazırda barmaqsayı qədər insanlar və təşkilatlar qalıb. Milli Şurada təmsil olunan siyasətçilər dərk edirlər ki, hansı dairədən namizədlik irəli sürsələr, oradakı digər namizədlərə uduzacaqlar. Bunun əsas səbəbi də xalq tərəfindən dəstək almamalarıdır. 20 ildir ki, bu insanların fəaliyyəti dağıdıcılqı üzərində qurulub. Hər kəsə bəllidir ki, onların məqsədi şəxsi ambissiyalarıdır. Bütün bunların fonunda Azərbaycan seçicisi onlara dəfələrlə öz münasibətini bildirib.

Bir də bu insanların əsas istəyi beynəlxalq təşkilatlara, öz himayədarlarına seçkinin guya antidemokratik keçirilməsini çatdırmaqdır. Bu səpkidə daxildə qarşıdurma yaratmaq istəyirlər. Bununla da guya, öz məblubiyyətlərini gizlədəcəklər. Amma noyabr ayında Azərbaycan seçicisi kimə səs verəcəyini dəqiq bilir. Ona görə də bu insanlar özlərinin məğlubiyyətlərini dərk etdikləri üçün əvvəlcədən boykot yolunu seçiblər. Siyasətçi boykot yox, mübarizə yolunu seçməlidir. Bunlar boykot yolu seçiblərsə, Azərbaycan xalqı çoxdan onları boykot edib".

Sizin Reklam Yeriniz