Əlaqə Arxiv
news Image
2015.09.12
10:00
| A A A
Avropa Parlamentinin böyük yalanları
Azər Həsrət: “Həmin qətnamə layihəsini yanlışlıqlarla doldurublar” Fəzail Ağamalı: “Onlar Azərbaycanın beynəlxalq aləmdə artmaqda olan nüfuzuna ləkə gətirmək, gölgə salmaq üçün belə addımlara gedir”

Məlumat verildiyi kimi, Avropa Parlamenti iki gün öncə yenə də qərəzə yol verərək, Azərbaycan əleyhinə yönəlik qətnəma qəbul etdi. Aydın məsələdir ki, qəbul olunan bu qətnamə anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribat addımıdır. Onlar seçki ərəfəsi Azərbaycanda gərgin atmosfer yaratmağa çalışaraq, belə çirkin oyunlara qol qoyurlar. Bu isə istər-istəməz Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbədir. Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir.

Siyasi şərhçi Azər Həsrətin fikrincə, Azərbaycanın müstəqil siyasət yürütməsi Qərbi qıcıqlandırdığından, onlar bilərəkdən ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər: "Avropada müəyyən qüvvələr var ki, onlar daimi olaraq Azərbaycanı təzyiq altında saxlamaq istəyir. Avropa Parlamentinin ölkəmiz əleyhinə yönələn bu qətnamə layihəsilə tanışam. Bu zaman orada diqqətimi çəkən bir sıra məqamlar oldu. Bu adamlar o qədər hay-küyə uyublar ki, həmin qətnamə layihəsini yanlışlıqlarla doldurublar. Bununla da özlərini faş etmiş olurlar. Jurnalist Rasim Əliyevin ölüm hadisəsi hamıya bəllidir ki, adi kriminal, cinayət hadisəsidir. Yəni, hakimiyyətlə, siyasi dairələrlə heç bir əlaqəsi olmayan bir hadisə idi. Amma həmin qətnamə layihəsində bu hadisəni hakimiyyətin tənqidlərilə bağlayırlar. Yəni, açıq mətnlə yazıblar ki, guya bu adam hakimiyyəti tənqid edib və məhz buna görə də öldürülüb. Təbii ki, bu yalandır. Eyni zamanda, həmin jurnalistin ölümü ilə heç bir formada Azərbaycan hakimiyyəti bağlı deyil. Bu fakt göz önündə olan faktdır. Bu tipli "faktlarla" zəngin qətnamədə Azərbaycan hakimiyyətinə ağıl da verməyə cəhd edilir. Heç bir dəxli olmadan orada yazılır ki, əhalinin rifah halının yüksəldilməsi davamlı iqtisadi sabitlikdən keçir. Bunun mətləbə nə dəxli var? Guya, bunu bilmirdikmi, Azərbaycan hakimiyyətini bunu etmirmi? Azərbaycan faktiki olaraq, dünyanın ən sabit ölkələrindən biridir. İqtisadi inkişaf baxımından Azərbaycan başqa ölkələrdən ciddi şəkildə fərqlənir. Bu cür məsələlərlə "zəngin" olan bir qətnamə layihəsi irəli sürülüb. Onların əsl məqsədi bu layihədə özünü göstərir. Əsas tələblərindən biri ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti Ermənistanla düşmənçiliyin inkişaf etməməsi üçün qeyri-hökumət təşkilatlarının, gənclər qruplarının, eyni zamanda ziyalıların Ermənistanla əlaqələrini əngəlləməməlidir. Onlara sual oluna bilər ki, Ermənistan torpaqlarımızı işğal altında saxlayırsa, onlarla dostluqmu etməliyik? Azərbaycan niyə düşmənçiliyin aradan qaldırılmasına çalışmalıdır? Azərbaycan düşmənçilik etmir ki! Düşmənçilik edən Ermənistandır. Burada qeyd edilən digər bir məsələ "mavi"lərin hüquqları ilə bağlıdır. Azərbaycan cəmiyyətində bu məsələ müzakirə olunmur. Onlarla bağlı hər hansı problem haqqında da heç bir söhbət yoxdur. Amma geniş bir şəkildə həmin qətnamə layihəsində bu üzdəniraqların hüquqlarından danışır və tələb edirlər ki, Azərbaycan hakimiyyəti onların hüquqlarına hörmətlə yanaşsın. Yəni, belə maddələrlə zəngin bir qətnamə layihəsi təbii ki, qərəzdən başqa bir şey deyil. Azərbaycan dövləti belə sənədlərə çox da baş qoşmamalıdır. Amma ümumilikdə götürəndə, ölkəmizin müvafiq dövlət qurumları Avropa Parlamentinə, bütövlükdə Avropa İttifaqına öz qəti etirazını bildirməlidir. Çünki, Azərbaycan Avropa İttifaqı ilə yaxın qonşuluq siyasəti yürüdür, bu dövlətlər birliyi ilə yaxın münasibətlərdə maraqlıdır. Amma Avropa Birliyinə daxil olan bəzi ölkələrin bir sıra deputat qrupları həmin münasibətlərin korlanması üçün əlindən gələni edirlər. O baxımdan da Azərbaycan hökuməti Avropa Parlamentinə etiraz reaksiyasını verməli və onlara izah etməlidir ki, doğrudan da ölkəmizlə iş birliyi etmək, yaxınlaşmaq fikrindədirlərsə, bərabər hüquqlu tərəflər kimi bunu edək. Amma üzərimizə gəlib bizə nələri isə diqtə etmək istəyirlərsə, o zaman sizinki sizdə, bizimki bizdə. Yəni, Azərbaycan Avropa İttifaqı olmadan da mövcuddur və mövcud da olacaq".

Millət vəkili Fəzail Ağamalı düşünür ki, Qərb bu kimi hərəkətlərilə Azərbaycanın artan nüfuzuna ləkə vurmağa çalışır. Amma əbəs yerə: "Avropa Parlamentində bir sıra parlamentarilər var ki, onlar Azərbaycana qarşı düşmənçilik mövqeyini hər zaman ortalığa qoyublar. Belədə ölkəmizə qarşı həqiqəti əks etdirməyən, böhtan, qərəz dolu qətnamələrin qəbul edilməsində xüsusi rol oynayıblar. Bu, Qərbin ölkəmizə qarşı etdiyi növbəti bir addımdır.

Qarşıdan gələn parlament seçkilərinin gedişinə, nəticələrinə kölgə salmaq üçün onlar belə bir addım atdılar. Bu yaxınlarda Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədovun vəziyyyəti özündə əks etdirən maraqlı bir açıqlaması oldu ki, artıq bir sıra beynəlxalq təşkilatlar Azərbaycana qarşı qətnamələrini hazırlayıb, sadəcə tarixin qoyulması qalır, bu tarix də zamanında qoyulacaq və ölkəmizə qarşı yenə də qərəzli münasibət ifadə olunacaq. Çox yerində və dəqiq ifadə olunmuş fikirdir. Həqiqətən də belədir. Bu baxımdan Avropa Parlamentinin qətnaməsi həqiqəti əks etdirmir.


Onlar Azərbaycanın beynəlxalq aləmdə artmaqda olan nüfuzuna ləkə gətirmək, gölgə salmaq üçün belə addımlara gedirlər. Onların nə deməsindən asılı olmayaraq, fəaliyyətimizi, mübarizəmizi davam etdirməliyik. Qarşıdan gələn parlament seçkilərində də söz sahibi Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi qarşısında onlar heç nə edə bilməyəcək. Eyni zamanda bu yaxınlarda ölkə Prezidentinin söylədiyi kimi, 2010-2011-ci illərdə "ərəb baharını" Azərbaycana da gətirmək istəyirdilər, 2013-cü ildə ən müxtəlif layihələrlə ölkəmizdə baş tutan prezident seçkilərinə maneə olmağa çalışır, qarşıdurma yaratmağa səy göstərirdilər, amma bütün bunların heç biri baş tutmadı. Çünki Azərbaycan xalqının iradəsi xalqımızla ölkə Prezidentinin sıx birliyindən keçir. Bu birliyi bir cəmiyyət olaraq hər zaman qoruyub saxlasaq, möhkəmləndirsək, belə qətnamələr kağız parçasından başqa bir şey olmayacaq".



Sizin Reklam Yeriniz