Əlaqə Arxiv
news Image
2015.09.12
10:30
| A A A
Tank və təyyarələrlə Ermənistan verilən mesaj
Elman Nəsirov: “Azərbaycanın hərbi təlimlərə çoxsaylı müasir texnika və silahla çıxmasının danışıqlar prosesinə təsiri istisna deyil”

Azərbaycan bildiyimiz kimi sentyabrın 6-da başlanan hərbi təlimlərə Azərbaycan böyük sayda hərbi texnika da çıxarıb. Bununla düşmən Azərbaycanın çox böyük qüvvəyə malik olduğunu bir daha gördü. Keçirilən təlimlər də elə ilk gündən Azərbaycan Ordusunun peşəkarlığını, onun istənilən hücumu dəf etməyə və torpaqlarımızı azad etməyə tam şəkildə qadir olduğunu göstərir. Aydın məsələdir ki, hər hansı bir döyüşdə qələbə çalmağın yolu keçirilən hərbi təlimlərdən başlayır. Bu mənada da Azərbaycan Ordusu Ermənistanı ciddi təşvişə salıb.

Politoloq Elman Nəsirov da qeyd etdi ki, işğalçıların Azərbaycan Ordusunun gücünü, hərbi texnikasının möhtəşəmliyini, böyük bir qüvvəyə malik olmasını əyani şəkildə görməsinin özü də danışıqlar prosesinə müsbət təsirini göstərir: "Bugünkü dünyada güc faktorunun çox mühüm rol oynadığı hər kəsə bəllidir. O da bəllidir ki, müasir beynəlxalq münasibətlər sistemində ciddi aşınmalar var, beynəlxalq hüquq işləmir. Hüququn gücü yox, gücün hüququ, güclüsənsə, haqlısan prinsipi işləyir. Əslində, beynəlxalq hüququn keşiyində dayanmalı olan böyük dövlətlər ilk növbədə həmin hüququn pozuntusu məsələsində ön mövqedədir. Bu reallıq fonunda güc amilinin necə böyük rol oynadığının fərqindəyik. Bu məntiqlə Azərbaycan həm siyasi sabitliyin möhkəmlənməsi, liberal iqtisadi sistemin gücləndirilməsi, güclü vətəndaş cəmiyyətinin formalaşması baxımından hansı mühüm addımları atırsa, eyni zamanda xüsusi olaraq hərbi güc və potensialımızın artırılması istiqamətində də mühüm addımlar atır.

Ölkə Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünyadakı ən güclü ordulardan biridir, ölkəmizin öz hərbi sənaye kompleksi formalaşmaqdadır, Müdafiə Sənayesi Nazirliyi var. Azərbaycan özünün silah və sursat istehsalı məsələsini də reallaşdırır, bu istiqamətdə müvafiq beynəlxalq sərgilərdə də iştirak edir. Bu istiqamətdə işlər getdikcə daha da böyük vüsət alır. Azərbaycanın hərbi güc və potensialının artması işğalçı dövlətin yuxusuna sözün həqiqi mənasında haram qatıb. İşğalçı dövlət Azərbaycan Ordusunun bu qədər güclənməsi, mühüm və əhəmiyyətli təlimlər həyata keçirməsi, bütün istiqamətlər üzrə döyüşə tam hazır vəziyyətdə və ordumuzda mənəvi-psixoloji vəziyyətin yüksək olmasının daha çox dərəcədə fərqində olmağa başlayıb. Azərbaycan Ordusu Ana Vətəni, torpaqlarımız üzərində suveren hüquqlarımızı müdafiə edir. Bu nöqteyi-nəzərdən də Azərbaycan Ordusunun əhval-ruhiyyəsi yüksəkdir. Amma erməni ordusunda ruh düşkünlüyü var. Erməni ordusunun əsgəri onun fərqindədir ki, İrəvan küçələrində onun anasını polis saçından tutub sürüyür. Erməni ordusu əsgəri mənasız ölümə göndərildiyinin də fərqindədir. Gözəl dərk edir ki, Azərbaycan Ordusu artıq nəinki regionda, dünyada belə ən güclü ordulardan biridir və o müharibəyə başlasa, deməli, ermənilərin gələcək arzuları da məhvə doğru gedəcək. Belə olan vəziyyətdə ermənilər çıxış yolunu fərarilik etmək və lənətlənmiş ölkəni tərk edərək, xarici ölkəyə getməkdə görürlər. Hazırda erməni gənci daha çox bu düşüncəyə qapılıb. Hesab edirəm ki, bütün bu reallıqları Ermənistan rəhbərliyi də analiz edir. Analiz etdikcə də bu nəticəyə gəlir ki, istənilən halda məğlubiyyət labüd ola bilər. Ona görə də ciddi-cəhdlə çalışırlar ki, əhalinin rejim əleyhinə olan düşüncəsini Azərbaycandan gələn xofla neytrallaşdırsınlar. Ermənistanın keçirdiyi təlimlər zamanı erməni əhalisinin yerdəyişməsini həyata keçirməsi də dediklərimizi bir daha təsdiqləyir. Ermənistan hakimiyyəti hazırda dilemma qarşısında qalıb. Bu da ondan ibarətdir ki, bir tərəfdən Azərbaycan Ordusu son dərəcədə güclənib və torpaqları hərbi yolla geri qaytarmaqda israrlıdır. Eyni zamanda, Ermənistan xalqı da Serj Sarkisyan hakimiyyətini müdafiə etmir. Yəni, hakimiyyət daxildə də dayağını itirib. Beləcə, Ermənistan rəhbərliyinin siyasəti dalana dirənib. Burada yeganə çıxış yolu ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoysun, torpaqlarımızı geri qaytarsın və bundan sonra da yeni situasiya formalaşsın. Həmin situasiyada isə Ermənistanın bundan sonrakı taleyilə bağlı müəyyən addımlar atıla, Bakı təcrid siyasətinə son qoya bilər. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, Ermənistan işğal faktoruna son qoysun, onun nəticələrini aradan qaldırsın, yeni şərait formalaşanda İrəvanla münasibətlərə yenidən baxılması məsələsi gündəmə gələ bilər. Yəni, Ermənistan bu halda situasiyadan uğurlu bir çıxış yolu tapmış olar. Əks halda isə Ermənistan günü-gündən həmin "X" nöqtəsinə yaxınlaşır. Həmin nöqtə isə uçurumun lap astanasıdır, ondan sonra uçurumun özü gəlir. Bu reallığı onlar dərk etməlidir, əks halda durum Ermənistandakı indiki siyasi rejimin zorla süpürülüb atılmasına gətirib çıxaracaq. Bunu Ermənistanda erməni xalqı edəcək, Azərbaycan dövləti və ordusu isə beynəlxalq hüquq çərçivəsində, BMT nizamnaməsinin 51-ci maddəsinə istinadən və öz torpaqlarını fərdi və kollektiv müdafiə hüququndan çıxış edərək bu missiyanı həyata keçirə və torpaqlarımız üzərində suveren hüquqlarımızı bərpa edər. Azərbaycanın hərbi təlimlərə çoxsaylı və müasir texnika və silahla çıxması tendensiyasının özünün də perspektivdə danışıqlar prosesinə təsiri istisna deyil. Ermənistan tərəfi getdikcə daha çox dərəcədə dərk etməlidir ki, bu yolun sonu yoxdur, həmin yol işğalçı ölkəyə heç bir təminat gətirməyəcək. Nə qədər gec deyil, ziyanın yarısından qayltmaq da düzgün siyasətdir. Ermənistan kompromisə gəlməli və torpaqlarımızın işğalına son qoymalıdır. Hesab edirəm ki, növbəti danışıqlar gedişində Ermənistan bunu dərk etməlidir. Dünya praktikası da göstərir ki, ordusu, arxa cəbhəsi, mənəvi-psixoloji güclü olan dövlətin qarşısında heç bir dövlət dayana bilmir. İndi həmin vəziyyət formalaşıb. Burada çatışmayan cəhət Ermənistan rəhbərliyinin konstruktiv düşüncəyə, ağıllı idraka malik olmaması ilə bağlı məsələdir. Yəni, onlar dərindən düşünsələr, indi tutduqları yoldan geri çəkilməlidirlər. Bunu etməsələr, hesab edirəm ki, həmin "X" günü, yəni Azərbaycanın torpaqları daha danışıqlar yolu ilə deyil, hərbi yolla geri qaytarması məsələsi kifayət qədər aktuallaşa, reallaşa bilər. Bu reallıq fonunda da Ermənistanın biabırçı məğlubiyyəti və indiki rejimin silinib atılması labüd prosesə çevrilər".



Sizin Reklam Yeriniz